Əlaqə Arxiv
news Image
2014.04.02
08:33
| A A A
Ukraynadakı tələbələrimizin üzləşdiyi böyük təhdid
Bəzi tələbələr təhsilini Azərbaycanda davam etdirə bilməsi və öz ölkələrinə göndərilmələri üçün Ukrayna Təhsil və Elm Nazirliyinə rəsmi müraciət edib

Ukraynada vəziyyətin yenidən gərginləşməsi burada yaşayan, çalışan, işləyən soydaşlarımızın həyatına da müəyyən təhlükə yaradır. Xüsusən də buradakı tələblərlə bağlı getdikcə daha çox həyəcan təbili çalınır. Baş verənləri şərh edən Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov qeyd edir: "Azərbaycanın Təhsil və Xarici İşlər nazirlikləri Ukraynanın işğal edilmiş Krım Muxtar Respublikasında yerləşən ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının çıxarılması prosesinə başlamalıdır. Təhsil Nazirliyi həm də Ukraynanın cənubi-şərq bölgələrində gərginliyin səngiməməsi ilə əlaqədar olaraq, ali məktəblərdə təhsil alan vətəndaşlarımızın Azərbaycandakı ali təhsil məktəblərinə keçirilməsi mexanizmini hazırlamalıdır".

Onun sözlərinə görə, hazırda Odessa, Nikolayev, Xarkov, Donetsk və Luqanskdakı universitet və digər ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr ictimai-siyasi vəziyyətin gərgin olması ilə əlaqədar narahatlıq içərisindədirlər: "Krımdakı azərbaycanlı tələbələr isə elə bu həftə ərzində gecikdirilmədən çıxarılmalıdır. Onlar birbaşa provakasiya və təhdidlə üz-üzə qala bilərlər. İndi Ukrayna Daxili İşlər Nazirliyi Azərbacan vətəndaşlarına qarşı hüquqpozmaların və təhdidlərin olması barədə onlarla fakt fiksasiya edib. Rusiya xüsusi xidmət orqanları və rusiyameyilli ekstremist qrupların nümayəndələri Ukraynada guya milli azalıqlara və xarici vətəndaşlara qarşı ksenefobiyanın olduğunu imitasiya etmək üçün açıq fəaliyyətə keçiblər. Yaxın zamanlarda 2 azərbaycanlı tələbənin "Praviy Sektor" üzvləri tərəfindən Kiyevdə döyülməsi və qarət edilməsi faktı əslində bir provakasiya idi. Digər tərəfdən Ukraynada təhsil alan azərbaycanlı tələbələrin ailələri ciddi narahatlıq və psixoloji gərginlik yaşayırlar".

D.Gülməmmədov "salamnyus" portalına açıqlamasında deyib ki, indi 20-dən çox azərbaycanlı tələbənin təhsilini Azərbaycanda davam etdirə bilməsi və öz ölkələrinə göndərilmələri üçün Ukrayna Təhsil və Elm Nazirliyinə rəsmi müraciət edib. Nigeriya, İordaniya, İraq, Pakistan və Tanzaniya Xarici İşlər nazirlikləri Ukraynada təhsil alan vətəndaşlarını ölkədən çıxarmağa başlayıblar: "Mən Azərbaycan Prezidenti İlham Əliyevə bu məsələ ilə bağlı rəsmi müraciət göndərəcəm. Vəziyyət gərginləşə bilər."

Yayılan digər məlumata görə, Ukraynada təhsil alan azərbaycanlı tələbələr geri qayıdır. Hətta, belə fikirlər də səslənir ki, Azərbaycanın Ukraynadakı konsulluğu ölkədəki vəziyyətə görə, azərbaycanlı tələbələrə tezliklə vətənə qayıtmağı tövsiyə edib. Əsas səbəblərdən biri də Karazin Dövlət Universitetində baş verən partlayış olub. Bu hadisədən sonra azərbaycanlı tələbələrin geri dönüşü kütləvi hal alıb. Xarkov Dövlət Universitetinin azərbaycanlı tələbəsi Əhməd Salamov isə "publika" portalına açıqlamasında faktı təsdiqləyib, lakin o, geri dönüşün hələ ki kütləvi olmadığını deyir: "Karazin Universitetinin birinci mərtəbəsində partlayış törədilmişdi. Bu universitet şəhərin tam mərkəzində və aksiyaların keçirildiyi meydanla üzbəüz yerləşir. Burda partlayış törətməklə ajiotaj yaratmağa çalışdılar. Partlayışda bir neçə xarici tələbə yaralanmışdı. Bundan sonra tələbələr öz xahişləri ilə imtahanları tezləşdirib evlərinə qayıdırlar. Artıq bir qrup geri qayıdıb. Amma bu məcburi deyil, könüllüdür".

Sizin Reklam Yeriniz