Əlaqə Arxiv
news Image
2014.04.02
20:46
| A A A
KİVDF-nin beş illik fəaliyyəti yüksək qiymətləndirildi

Məlum olduğu kimi, 2008-ci il iyulun 30-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edilib. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində KİV-in rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etməkdən ibarətdir. 2009-cu il aprelin 3-də isə Konsepsiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun əsas vəzifəsi söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi üçün Konsepsiyada nəzərdə tutulmuş müddəaların həyata keçirilməsini, habelə KİV-lərin proqram, layihə və digər tədbirlərini maliyyələşdirməkdir. Artıq Fondun fəaliyyətə başlamasından 5 il keçir və bu dövr ərzində göstərilən fəaliyyət yüksək qiymətləndirilir.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "Fondun yaradıldığı qısa müddətdə əldə etdiyi mühüm nəticələr qarşıdakı illərin konturlarını aydın şəkildə cızmağa əsas verir"

"Öncə yubiley münasibətlə Fondun rəhbərliyini, əməkdaşlarını təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram. Bu gün KİVDF-nin yaradmasının 5 illiyi təbii ki, biz mətbuat işçilərindən ötən illərə qısa bir baxış keçirib, bu fonda dəyərləndirmə aparmağı tələb edir.Demokratik cəmiyyətin əsas atributlarından biri kimi azad mətbuatın inkişafı daim dövlətimizin diqqət mərkəzindədir. Müstəqil, azad mətbuatın keçdiyi inkişaf yoluna nəzər salsaq, görərik ki, bu inkişafın təməli məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonrakı dövrə təsadüf edir. Belə ki, ulu öndər Heydər Əliyev söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd kimi önə çəkdi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində əhəmiyyətli addımların atılmasını stimullaşdırdı. Bu gün fəxrlə qeyd ediriksə ki, Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayınır, bu reallıq dövlətin bu sahəyə diqqət və qayğısının göstəricisidir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət son on ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etməyin qeyri-mümkünlüyünü bəyan edən dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafına diqqət vəqayğısı ardıcıl şəkildə həyata keçirdiyi tədbirlərdən, imzaladığı fərman və sərəncamlardan da aydın görünür. Möhtərəm Prezidentimizin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiqlənməsi milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Bu Konsepsiyaya uyğun olaraq dövlət başçısı İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Həmçinin möhtərəm Prezidentimizin 22 may 2009-cu il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru və Müşahidə Şurasının üzvləri təyin edildi.Artıq Fondun yaradılmasından 5 il ötür. 5 il zaman baxımından qısa bir dövr olsa da, təbii ki, görülən işlər, əldə olunan uğurlu nəticələr bu illəri daha da zənginləşdirməklə böyük zaman təəssüratı yaradır. Təbii ki, yeni bir qurum fəaliyyətə başlayanda ondan gözləntilər gündəmin əsas müzakirə mövzusuna çevrilir. Fond yaradılanda da bu kimi fikirlər mətbuat səhifələrində yer aldı ki, qarşıda duran məqsədlərin uğurla gerçəkləşdirilməsi kütləvi informasiya vasitələrinin üzləşdiyi bir çox problemlərin aradan qaldırılmasına, mətbuat-dövlət-cəmiyyət münasibətlərinin sivil müstəvidə tənzimlənməsinə əlverişli zəmin yaradacaq. Arxada qalan 5 ilə nəzər saldıqda bu gözləntilərin gerçəkliyə çevrildiyinin şahidi oluruq. Dövlət Dəstəyi Fondunun yaradılmasının əsas məqsədi azad medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən jurnalistlərin sosial vəziyyətinin, məişət şəraitinin yaxşılaşdırılmasına xidmət göstərməkdir. Atılan addımlar Fondun qarşıya qoyulan bu məqsədə də yüksək səviyyədə nail olmaq istəyini ortaya qoydu. Belə ki, Fond tərəfindən həyata keçirilən tədbirlər tək mətbuat işçiləri deyil, ictimaiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanır, təqdir olunur. Aydın məsələdir ki, cəmiyyətin güzgüsü olan mətbuata diqqət və qayğı hər bir Azərbaycan vətəndaşının diqqətindən yayınmır, yüksək dəyərləndirilir. Fondun təklikdə, yaxud müxtəlif nazirliklərlə birlikdə günümüzün reallığını əks etdirən ayrı-ayrı mövzulara aid jurnalistlərin fərdi yazı müsabiqələri keçirmələri, qaliblərin pul və diplomlarla mükafatlandırılması müstəqil mətbuatın inkişafına, jurnalistlərinpeşəkarlığının artırılmasına yönəlmiş ən mütərəqqi addımlardır. Fond yazı müsabiqələrinin keçirilməsinə xüsusi önəm verməklə jurnalistlərin fərdi peşəkarlığına, redaksiyalarda yaradıcılıq mühitinin inkişafına dəstək olur. Bir əsas məqamı da xüsusi vurğulamaq lazımdır. Milli mətbuatımızın 135 illiyi yubileyi ərəfəsində dövlət başçısı İlham Əliyev jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı fərman imzaladı. Həmin fərmana əsasən Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Ötən il Milli Mətbuatımızın 138 illik yubileyində 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina jurnalistlərin istifadəsinə verildi. Həmin vaxt ikinci binanın təməli də qoyuldu. Təbii ki, bu addım dünyada analoqu olmayan bir hadisə idi. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu istiqamətdə həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq işlərin davam etdirilməsi məqsədilə imzaladığı növbəti- "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanaraq, ölkədə mətbuatın inkişafına dövlətin nə qədər böyük həssaslıqla, diqqətlə yanaşdığının bariz nümunəsi kimi dəyərləndirildi.

Göründüyü kimi, məqsəd inkişafı, nəticə isə yeni-yeni hədəfləri stimullaşdırır. Fondun yaradıldığı qısa müddətdə əldə etdiyi mühüm nəticələr qarşıdakı illərin konturlarını aydın şəkildə cızmağa əsas verir".

"525"-ci qəzetin baş redaktoru Rəşad Məcid: "Fondun 5 ildə gördüyu işlər çox qənaətbəxşdir"

"Fond barədə mən öz fikirlərimi cənab Prezident İlham Əliyevlə görüşdə də bildirmişəm ki, KİVDF-ni yaradılması vacib, zamanında yazılı mətbuata kömək olan, mətbuatı iqtisadi krizisdən qurtaran, yaşaması üçün stimul olan qərar oldu. Çünki, həmin dövrdə yazılı mətbuat olduqca ağır bir dövrünü yaşayırdı. Bu baxımdan Fondun yaradılması qəzetlər üçün hava və su kimi vacib idi. Hesab edirəm ki, bu mətbuatın tarixində qalacaq mühim bir hadisədir. Qəzetlərin layihələrinin maliyyələşdirilməsi yazılı mətbuatı bu kritik durumdan qurtardı. Jurnalistlər üçün binanın inşa olunmasında KİVDF-nin fəaliyyətini təqdirəlayiq hesab edirəm. Fondun bu fəaliyyəti doğurdan da yüksək qiymətləndirilməlidir. Arzu edirəm ki, Fondun büdcəsi daha çox olsun ki, jurnalistlərin müxtəlif ölkələrdə təcrübə keçməsi, peşəkarlığının artırılması istiqamətində daha çox uğurlara imza ata bilsin. Eyni zamanda sosial baxımdan problemləri,ehtiyacı olan jurnalistlərə maliyyə yardımları etsin. Fondun 5 ildə gördüyu işlər çox qənaətbəxşdir. Bu qayğı, hər halda jurnalistlərin digər sahələrlə müqayisədə dövlət üçün nə qədər önəmli olduğunun bariz nümunəsidir. Mən KİVDF-ni 5 illik münasibəti ilə ürəkdən təbrik edir, fəaliyyətində uğurlar arzulayıram".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "KİVDF tərəfindən düşünülmüş, milli və dövlətçilik maraqlarımıza uzlaşdırılmış müxtəlif lahiyələr milli mətbuatımızın ən çox tirajlı qəzetləri tərəfindən həyata keçirilir"

"Azərbaycanda milli mətbuatın inkişafı ilə bağlı daim dövlət tərəfindən müxtəlif səviyyəli tədbirlər həyata keçirilir. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təsis olunması milli mətbuatımızı keyfiyyətcə yeni mərhələyə daşıdı. İlk baxışdan KİVDF sadəcə milli mətbuatımıza iqtisadi, maddi yardım göstərirmiş kimi görünsə də, əslində bu, belə deyil. KİVDF-nin fəaliyyəti daha genişmiqyaslı, daha əhatəlidir. Çünki, KİVDF tərəfindən düşünülmüş, milli və dövlətçilik maraqlarımıza uzlaşdırılmış müxtəlif lahiyələr milli mətbuatımızın ən çox tirajlı qəzetləri tərəfindən həyata keçirilir. Burada Azərbaycan tarixinin, mədəniyyətinin, ictimai-siyasi həyatının bütün sahələri əhatə olunur. Nəticə etibarı ilə KİVDF –nin layihələri Azərbaycanda şəffaf münasibətlərin formalaşmasını təmin etməklə bərabər, ölkəmizdə mövcud olan fikir plüralizminin, söz azadlığnın təmin olunmasına xidmət göstərir. Bununla bərabər, KİVDF-nin layihələri milli mətbuatımıza ciddi maddi qaynaq olduğu üçün intellektlərin mətbuata axınını təmin etməklə, Azərbaycan mətbuatını həm də yeni keyfiyyət mərhələsinə daşımış olur. Ötən beş ildə KİVDF-nin fəaliyyəti bir daha onu göstərdi ki, siyasi mövqeyindən, hadisələrə münasibətindən, üslubundan asılı olmayaraq milli mətbuatımızın bütün nümunələri Fond tərəfindən bu və ya digər şəkildə maliyyələşdirilir. Bu 5 ildə göstərdiyi, səmərəli və məqsədyönlü fəaliyyəti münasibəti ilə Fondun rəhbəri, hörmətli Vüqar Səfərlini təbrik edir, Fondun bütün kollektivinə uğurlar arzu edirəm. Hesab edirəm ki, KİVDF bundan sonrakı dövrdə də Azərbaycan milli mətbuatının inkişafı üçün çox böyük işlər görəcək".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev: "Fond 5 llik fəaliyyəti dövründə çox böyük işlərə imza atıb"

"Mən KİVDF-nin 5 ilik fəaliyyətini yüksək qiymətləndirirəm. Bu Fondda fəaliyyət göstrən hər bir əməkdaşa uğurlar arzulayıram. Fond 5 llik fəaliyyəti dövründə çox böyük işlərə imza atıb. KİVDF-nin həyata keçirdiyi hər bir layihə demək olar ki, uğurlu olub. Fondun jurnalistlərlə icra strukturları arasında keçirdiyi görüşlərin böyük əhəmiyyəti var. Bu, jurnalist- məmur münasibətlərinə, onların əməkdaşlığına töhfə verib. Jurnalistlər üçün fərdi yazı müsabiqələrinin keçirilməsini də alqışlayıram. Bütün bunlara görə, Fondun 5 illik fəaliyyəti yüksək qiymətləndirilməlidir. Deyərdim ki, 5 illik fəaliyyət uğurludur, qaneedicidir. Fondun 5 illik fəaliyyəti dövründə qazandığı uğurlar, gördüyü işlərdə birbaşa KİVDF-nin icarçı direktoru Vüqar Səfərlinin böyük zəhməti var. V. Səfərlinin şəxsi təşəbbüsü ilə icra strukturları ilə birgə yazı müsabiqələrinin təşkilini xüsusi vurğulamaq lazımdır. Bu, həm jurnalistlərin peşəkarlığının artırılmasına, həmçinin icra strukturları ilə əlaqələrinin yaranmasına, eyni zamanda peşəkar jurnalist araşdırmalarının üzə çıxmasına səbəb olur. Jurnalistlərin maliyyə imkanlarınmın artırılmasına yönəlik səyləri müsbət qiymətləndirilməlidir".

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "KİVDF-nin dövlət-media münasibətlərinin möhkəmləndirilməsində, dövlət siyasətinin vacib istiqamətlərinin təbliğ olunmasında, cəmiyyətin dövlətçiliklə bağlı istək və fikirlərinin aşkara çıxarılmasında töhfəsi böyükdür"

"KİVDF Azərbaycanın ən gənc təşkilatlarından biri olmasına baxmayaraq, 5 ildə çox böyük işlər görüb. Bu işlər KİVDF-nin yaradılması üçün Prezident tərəfindən imzalanmış KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyasına uyğun idi. Həmin işlərin miqyasına uyğun olaraq KİVDF yaradıldı və medianın dəstəklənməsi istiqamətində zəruri addımlar atdı. Mənim fikrimcə, KİVDF 5 illik fəaliyyəti çox kiçik dövrü əhatə etsə də, onun dövlət-media münasibətlərinin möhkəmləndirilməsində, dövlət siyasətinin vacib istiqamətlərinin təbliğ olunmasında, cəmiyyətin dövlətçiliklə bağlı istək və fikirlərinin aşkara çıxarılmasında töhfəsi böyükdür. Və mən inanıram ki, onun bu uğurları gələcək fəaliyyətində də davam etdiriləcək.Fondun fəaliyyəti olmasaydı, Azərbaycanda çoxlu sayda qəzetlərin çapı dayana bilərdi. Bu gün dövət- mediamünasibətlərindəki rəvanlığı görməyə bilərdik. Fondun 5 illik fəaliyyəti olmasaydı, ən mürəkkəb çalarları olmasına baxmayaraq müstəqil, müxalifət, dövlət mediasını dövlətin prinsipləri ətrafında sıx birləşdirmək olmazdı. Bu gün biz Azərbaycan tarixində medianın birliyinin şahidiyik və fikrimcə, bu, Fondun fəaliyyəti nəticəsində əldə olunub.Jurnalistlərin fərdi qaydada mükafatlandırılması, qəzetlərə layihələr çərçivəsində maliyyə yardımlarının ayrılması, jurnalistlərin problemlərinin dövlət səviyyəsində qaldırılması, jurnalistlər üçün mənzil tikintisi, bütün bunlar KİVDF-nin adını Azərbaycan mediası tarixinə əbədi yazıb".

"Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova: "Fondun yaradılmasından sonra redaksiyaların maddi texniki bazası gücləndirildi"

"Öncə KİVDF-ni başda Fondun icraçı direktoru Vüqar Səfərli olmaqla təbrik edirəm. Təbii ki, bu Fondun yaradılması 5 il bundan əvvələ nəzər salsaq, yenilik idi. Həmin dövrdə mətbuat iqtisadi çətinliklə üz-üzə qalmışdı. Lakin, Fondun yaradılmasından sonra redaksiyaların maddi texniki bazası gücləndirildi, qəzetlərə ayrılan layihələr çərçivəsində maliyyə yardımları onları iqtisadi sıxıntıdan qutarmaqla yanaşı, jurnalitslərin peşəkarlıq səviyyəsinə də müsbət təsir göstərdi. Qəzetlərin lahiyələr çərçivəsində işlənilən mövzular üzrə təcrübə və peşəkarlığı xeyli yüksəldi. Fondun doğurdan da, mətbuat sahəsində önəmli yeri var. KİVDF-nin büdcəsinin daha da artması isə fikrimcə, məqbul olardı. Mən hesab edirəm ki, bu Fondun belə uğur qazanmasında, qısa müddət ərzində bu qədər naliyyətlərə imza atmasında KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin əməyi danılmazıdır. Fondun təşəbbüsü ilə icra strukturları ilə jurnalistlərin görüşünün təşkil edilməsi də media-məmur münasibətlərinin yaranmasında önəmli rol oynayır. Jurnalistlər üçün fərdi yazı müsabiqələrinin təşkil olunması da, təqdirəlayiq haldır,media təmsilçilərinin peşəkarlıq səviyyəsini artırmaqla yanaşı, onların maddi durumuna da müsbət təsir göstərir".

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu: "KİVDF-dəki şəffaflıq, demokratizm, faydalılıq bir nümunə halındadır"

"KİVDF Azərbaycan mətbuatına dair ən uğurlu layihələrdən biridir. Fond hazırda yazılı mətbuatın mövcudluğunun əsas qaynağıdır.Buradakı şəffaflıq, demokratizm, faydalılıq bir nümunə halındadır. Ölkə üçün "ASAN Xidmət" nədirsə, mənim fikrimcə, media üçün də KİVDF odur. Bu qurumun ortaya çıxmasında, formalaşmasında və mətbuatın əsas sütununa çevrilməsində əməyi olan hər bir kəsi təbrik edirəm".

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli: "Son 5 il ərzində KİVDF-nin gördüyü işlər bir daha təsdiq edir ki, qəzetlərin mövcud olması üçün bu təsisatın çox mühüm əhəmiyyəti var"

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması qəzetlərin, yazılı mətbuat böhran keçirdiyi bir vaxta təsadüf etdi. Belə bir şəraitdə Fondun yaradılması mətbuatın inkişafına təkan verdi, qəzetlər xilas edildi. Bu, dövlətin mediaya humanist siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Son 5 il ərzində KİVDF-nin gördüyü işlər bir daha təsdiq edir ki, qəzetlərin mövcud olması üçün bu təsisatın çox mühüm əhəmiyyəti var. Burada ən çox diqqəti cəlb edən məsələ KİVDF-nin ayırdığı vəsaitlər hesabına qəzetlərin biznes strukturu kimi formalaşmasıdır. Belə bir proses başlayıb və davam edir. Bunun son nəticəsi olaraq yazılı media biznes strukturuna çevriləcək. Digər tərəfdən də fərdi jurnalist yazı müsabiqələrinin keçirilməsi jurnalist əməyinin motivasiya edilməsi yönümündə çox mühüm hadisə oldu. Bu müsabiqələr müntəzəm olaraq keçirilir. Demək olar ki, heç bir jurnalist həmin müsabiqələrdən kənarda qalmayıb. Arzu edərdim ki, Fondun bundan sonrakı fəaliyyəti daha da intensiv olsun".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "KİVDF-nin yaradılması Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələnin əsasını qoydu"

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 5 illik fəaliyyətini yalnız müsbət dəyərləndirmək olar. Bütövlükdə mətbuatımızın inkişafı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələnin əsasını qoydu. Bu, təkcə Azərbaycan yox, bütövlükdə region üçün yeni bir model idi. Azərbaycanın tətbiq etdiyi bu model bir çox ölkələr üçün də nümunə ola bilər. Bu müstəvidə günümüzə qədər həyata keçirilən layihələr, mətbuatın problemlərinin çözülməsi istiqamətində qəbul olunan qərarlar, jurnalistlərin sosial problemlərinin həlli istiqamətində atılan fundamental addımlar çox önəmli bir fəaliyyəti ortaya qoyur. Həyata keçirdiyi uğurlu fəaliyyət münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu başda icraçı direktoru Vüqar Səfərli olmaqla, bütün kollektivini təbrik edirəm. Düşünürəm ki, bu fəaliyyət davam etdikcə mətubatın inkişafı istiqamətində yeni addımlar atılacaq. 5 illiyinin tamam olması təkcə KİVDF-nin deyil, bütün kütləvi informasiya vasitələrinin bayramıdır".


"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı: "KİVDF-nin yaranması göstərdi ki, Azərbaycanda dövlət müxtəlif ideoloji yönü olan, müxtəlif ideoloji baxışlı qəzetlərə bir baxış sərgiləyir"

"KİVDF-nin yaradılması Azərbaycanda mətbuatın inkişafına dövlətin qayğısının açıq təzahürüdür. Mən deyərdim ki, Azərbaycanda mətbuatın inkişafına yönəlik ən uğurlu addım KİVDF-nin yaradılması oldu. Prezidentin atdığı bu addım çox mütərəqqi bir addım idi. KİVDF bu gün mətbuat üçün informasiya sisteminin əsas priotetləri olan mövzularda layihələri müəyyənləşdirir. KİVDF-nin yaranması göstərdi ki, Azərbaycanda dövlət müxtəlif ideoloji yönü olan, müxtəlif ideoloji baxışlı qəzetlərə bir baxış sərgiləyir. Biz KİVDF tərəfindən maliyyələşən qəzetlərin siyahısına baxaraq bunu söyləyə bilərik ki, ölkədə baxış bucaqları fəqrli qəzetlərə fərq qoyulmur. Bu bir daha onu təsdiqləyir ki, müstəqil mətbuatın inkişafında dövlət də maraqlıdır. KİVDF-nin 5 illik fəaliyyətinə nəzər saldıqda görmək olur ki, Fond təkcə öz büdcəsi hesabına deyil, kənar qurumları da media ilə əməkdaşlığa cəlb etməklə bir sıra layihələr təşkil edib. Bu illər ərzində məmurların KİV-ə çıxış imkanları artıb, məmur-jurnalist qarşıdurmaları bu görüşlər nəticəsində səngiyib. Jurnalistlər də informasiyaları birbaşa mənbədən əldə etmək imkanı əldə ediblər. Mən arzulayardım ki, Fondun bu uğurları davamlı olsun. Gəlin yaxın keçmişə nəzər salaq. Jurnalist-məmur qarşıdurmalarını, jurnalistlərin əldə etdiyi dırnaqarası mötəbər mənbələrə istinadən yazılarını yada salaq . Burada həm mətbuat peşəkarlıq baxımından uduzurdu, həmçinin də məmurların işgüzar nüfuzu ilə bağlı cəmiyyətdə mənfi çalarlar yaranırdı. Bu görüşlərin nəticəsində, Fondun icra strukturları ilə, nazirliklərdə keçirdiyi görüşlərinin böyük faydası oldu. Fondun mətbuatın tarixi ilə bağlı keçirdiyi layihələrə dəstəyi də təqdirəlayiqdir. Mətbuat tarixi antologiyasının iki cilddə hazırlanması özü də Fondun uğurlu layihələrindəndir".


Sizin Reklam Yeriniz