Əlaqə Arxiv
news Image
2014.04.09
09:17
| A A A
Qəbələ RLS yenə Azərbaycana pul qazandıracaq
Eldar Aslanov: “Qəbələ RLS tarixi və spesifik binadır, hamının maraq göstərdiyi, görmək istədiyi bir yerdir” Məhəmməd Talıblı: “Zonanın yenidən bərpası üçün müəyyən tədbirlər həyata keçirilməlidir”

Qəbələ RLS-nin gələcək fəaliyyəti istiqamətində növbəti addım da atıldı. Radiolokasiya Müdafiə Nazirliyinin balansından çıxarılaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansına verilib. Stansiyanın ərazisində minatəmizləmə əməliyyatları, radioloji və ekoloji monitorinqlər tamamlandıqdan sonra ərazinin gələcək taleyi barədə qərar qəbul ediləcək. Amma stansiyanın Müdafiə Nazirliyinin nəzdindən çıxarılması onun gələcək təyinatının ən azından hərbi yöndə olmayacağından xəbər verir. Çünki, 10 dekabr 2012-ci il tarixindən stansiyanın fəaliyyəti tam dayanandan bu günə qədər onun turizm yoxsa, yenidən hərbi məqsədlər üçün istifadə edilməsi müzakirə mövzusu idi. Artıq görünən odur ki, stansiya hərbi məqsədlər üçün istifadə olunmayacaq. Bu fonda Qəbələ RLS-nin növbəti fəaliyyətin turzim təyinatlı olması gözlənir. Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov bildirir ki, Qəbələ RLS-nin taleyi müzakirə olunan vaxtı onun turizm məqsədi ilə istifadə edilməsi məsələsi gündəmə gəlmişdi: "Dünyada oxşar təcrübə var. Xüsusi ilə Almaniyada hazırda ən böyük sərgi salonları, beynəlxalq kütləvi tədbirlərin keçirildiyi yerlər keçmiş zavodlar, fabriklərin əraziləridir. Onlar ümumi arxitekturanı qorumaq, təhlükəsizlik təminatını vermək şərti ilə müasir texnologiya ilə təchiz ediliblər. Xüsusi ilə maşın sərgiləri sahələri 10 minlərlə kvadratmetr olan keçmiş zavodların ərazisində keçirilir. Turizm, tədbirlər üçün cəlbedici vasitə kimi istifadə olunur. Nəzərə alaq ki, Qəbələ RLS tarixi və spesifik binadır. Hamının maraq göstərdiyi, görmək istədiyi bir yerdir. Oranın ictimailəşdirilməsi və turizm məqsədi ilə istifadə edilməsi mümkündür. Nəzərə alaq ki, Qəbələ turzim zonalarından hesab olunur. İl ərzində ora çoxsaylı turist axını olur. Həmin turistlərin Qəbələdə olduğu müddətdə gedə biləcəyi yerlərdən biri də məhz radiolokasiya stansiyasının muzeyi, yaxud da stansiyanın müxtəlif bölmələrinə turist səfərləri təşkil oluna bilər. Canlı tarix nöqteyi-nəzərindən turizm tədbirlərinin keçirilməsi mümkündür. Amma buna daha çox hərbçilər, ətraf mühit mütəxəssisləri qərar verməlidirlər ki, ora ictimaiyyətin girib-çıxması nə dərəcədə onların səhhətinə təsir göstərir. Bu müəyyənləşdirildikdən sonra Qəbələ RLS turizm məqsədi üçün istifadə edilə bilər".

İqtisadçı-ekspert Məhəmməd Talıblı isə obyektin gələcəkdə turizm məqsədi ilə istifadə edilməsinin əleyhinədir: "Qəbələ RLS hərbi obyekt olduğundan həmin ətraf zonada fauna və flora üçün ciddi təhlükələr yaranmışdı. O təhlükələr xəbər verir ki, uzun müddət bu sahədə müəyyən problemlər olacaq. Həmin torpaqlarda keyfiyyətli məhsul yetişdirilməsi çətin olacaq. Ancaq zonanın yenidən bərpası üçün müəyyən tədbirlər həyata keçirilməlidir. Bu da Qəbələ RLS-ə turzim üçün müəyyən imkanlar aça bilər. Qəbələ və İsmayıllı zonasında turizm obyektlərinin açılması mümkündür. Orada böyük boş sahələr var. Onları uzun müddətli icarəyə götürüb turizm üçün infrastruktur sistemi yaratmaq olar. Turist bilsə ki, illər öncə həmin zona məhz hərbi obyekt olaraq istifadə olunub, o zaman vətəndaşların öz həyatlarına verdiyi dəyər olaraq oradan turizm obyekti kimi istifadə imkanları azalır. Belə obyekt üzərinə fokuslanmaq başadüşülən deyil.

Eyni zamanda həmin hərbi obyektin vurduğu zərərlər qiymətləndirilməlidir. Bu qiymətləndirmə nəticəsində bilərik ki, orada şüalanamadan neçə il sonra təsirlər qalacaq. Daha sonra orada hansısa biznes layihələri haqqında danışmaq olar".

Bir məsələ isə dəqiqdir ki, turizm məqsədilə istifadə olunacağı təqdirdə Qəbələ RLS yenə Azərbaycana pul qazandıracaq.

Sizin Reklam Yeriniz