Əlaqə Arxiv
news Image
2014.04.16
08:35
| A A A
Nurçulardan gələn fəsadlar
İlham İsmayıl: “Nurçuluğu nəzarətsiz buraxsaq, yaxın perspektivdə təhdid ola bilər” İlqar Altay: “Azərbayan xalqı istəməz ki, normal, sabit inkişafına hansısa təriqətlər tərəfindən xələl gəlsin”

Qonşu Türkiyə cəmiyyətində kəskin rezonans yaradan nurçuluq dini təriqəti ölkəmizdə də təhdid mənbəyi hesab olunur. Görünür, bu səbəbdəndir ki, son günlər hüquq-mühafizə orqanlarının nurçulara qarşı keçirdiyi əməliyyatların sayı artıb. Xatırladaq ki, aprelin 12-də paytaxtın Xıdır Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində nurçuluq dini təriqətinin sunqurçular cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirildiyi müəyyən edilib. Polisin evə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompüter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus pasportlar aşkar edilərək götürülüb. Artıq Yasamal Rayon Polis İdarəsinin nurçulara qarşı keçirdiyi əməliyyat zamanı saxlanılanlardan iki nəfər barəsində həbs qərarı çıxarılıb.

Aprelin 11-də isə "Nurçu" dini təriqətinin üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkəriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları "Fırıncı abi" ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər. Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Z. Məmmədovun evinə baxış zamanı "Nurçu" dini təriqətinə aid yayılması qadağan olunmuş 545 ədəd "Risaleyi Nur" kitabı, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir hədəfi, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb. Aprelin 14-də İ. Həmidovun evinə baxış zamanı "Nurçu" dini təriqətinə aid yayılması qadağan olunmuş 20 ədəd "Risaleyi Nur" kitabı aşkar edilərək götürülüb. Onların izahatları alındıqdan sonra buraxılıblar.

Bütün bunlar həm də nurçu təhdidinin bir göstəricisi kimi çıxış etməkdədir. Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl bildirdi ki, nurçuluq hazırda Azərbaycan üçün təhdid deyil: "Nurçuluq Türkiyə cəmiyyətində yaranıb, orada inkişaf edib. Türkiyədə son adanda onun "paralel dövlət" formasında inkişafını hiss etdilər. Qarşıdurma yarandı və qarşısı alındı. Ancaq perspektivdə nurçuluğun təhdidi ola bilər. Bu gün Azərbayanda nurçuluğun elə də geniş sirayəti yoxdur ki, sabah bizi hansısa məsələ ilə təhdid etsin. Onların perspektiv planı konstitusyon quruluşu dəyişib, şəriət dövləti yaratmaqdır. Amma bu gün onların belə gücü yoxdur. Təhsil sistemimiz normaldır. Sadəcə olaraq, onlar daha keyfiyyətli təhsil verirlər. Yəni, bu gün Azərbaycan üçün nurçuluq təhdid deyil. Amma onu nəzarətsiz buraxsaq, yaxın perspektivdə təhdid ola bilər. Nurçuluğun əməllərində bir-birilərinə qarşı müəyyən məhduddiyyətlər var. Sabah bu məhdudiyyətləri bütün cəmiyyətə tətbiq edə bilərlər".

İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay bildirdi ki, Azərbaycanda dini torentlıq var: "Amma din azadlığı gərək fəliyyətini o səviyyəyə çatdırmasın ki, Azərbaycan dövlətçiliyinin, ictimai asayişinin mənafeyinə xələl gətirsin. Ona görə Azərbayan xalqı da istəməz ki, normal, sabit inkişafına hansısa təriqətlər tərəfindən xələl gəlsin. Nurçuluq söhbəti Azərbaycanda çoxdan var. Amma biz cəmiyyət olaraq nurçuluğa o qədər əhəmiyyət verməmişik. Nurçuluğun Azərbaycanda hakimiyyət əldə etmək istiqamətində, cəmiyyəti özünə cəlbetmə mənasında, təriqətçilikdən siyasi tərəfə yön almasını düşünməmişdik. Amma son zamanlar Türkiyədə baş verən hadisələrin bir hissəsinin Azərbaycana gəlməsi onların məqsədlərini, hədəflərini hiss etdirdi. Türkiyədə açıq göründü ki, humanist mövqe tutumuş, dindar insanlar gəlib hüquq mühafizə orqanlarına dolurlar. Bəşəri mövqe tutan bu təriqətin nümayəndələrinin hüquq mühafizə orqanlarında özlərinə yer tapmaları təzad təşkil edir. Ona görə də Azərbaycanda bu məsələnin geniş yayılması, insanların bu istiqamətə cəlb olunması yolverilməzdir. Biz yeni müstəqillik qazanmışıq. Bu müstəqilliyi möhkəmləndirməliyik. Onsuz da müstəqilliyimizə qəsd edən, xaricdən təsirlər göstərən çoxdur. Bu təhlükələr olduğu bir zamanda daxildən toplumun müəyyən qismini özünə cəlb edib öz məqsədlərinə yönəldən təriqətlərin Azərbaycanda vüsət almasına imkan verməməliyik. Ona görə də bizim hüquq mühafizə orqanlarının bu istiqamətdə addımlarını dəstəkləmək lazımdır. Bu, bizim dövlətçiliyin qorunmasına xidmət edir".

Sizin Reklam Yeriniz