Əlaqə Arxiv
news Image
2014.04.23
17:54
| A A A
Rusiya MDB ölkələri hesabına vətəndaşlarının sayını artırmaq istəyir
Azər Allahverənov: «Prosedurların asanlaşdırılması heç də vətəndaşlığın əldə olunmasını stimullaşdıran bir hal kimi dəyərləndirilə bilməz»

Məlumat verildyi kimi  Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanmış qanuna əsasən, artıq keçmiş SSRİ məkanında yaşayan rusdilli şəxslərə bundan sonra Rusiya vətəndaşlığı sadələşdirilmiş qaydada veriləcək. Qanunda göstərilən "rus dili daşıyıcısı" statusuna rus dilini bilən və bu dildən müxtəlif sahələrdə mütəmadi olaraq istifadə edən şəxslər layiq görüləcək. Yeni qanuna görə, Rusiya pasportuna Rusiya, Rusiya İmperiyası və ya SSRİ ərazisində özü və ya yaxın qohumları və əcdadları yaşayan və ya yaşamış şəxslər iddia edə bilər.

Nəzərə alsaq ki, keçmiş SSRİ ölkəsi olan Azərbaycanda da kifayət qədər rus dilini bilən, Rusiya ilə mütəmadi olaraq əlaqələri olan şəxslər var,  bu zaman qəbul olunan yeni qanunun Rusiyada vətəndaşlıq almaq istəyən azərbaycanlılara necə təsir göstərcəyi xüsusi maraq doğurur.  

Miqrasiya məslələri üzrə ekspert Azər Allahverənov Movqe.az-a açıqlamasında movzu  ilə əlaqədar fikirlərini bölüşüb. Ekspert hesab edir ki, Rusiya atdığı bu addımla burda vətəndaşlıq almaq istəyən insanların çoxluğunda maraqlı olmasını nümayiş etdirir: "Söhbət ondan gedir ki, Rusiya höküməti bu və ya digər formada Rusiyada vətəndaşlıq almaq istəyən insanlar üçün prosedurları yüngülləşdirir ki, bu ərazidə keçmiş SSRİ məkanında yaşayan, rus dilini bilən insanlar çoxalsın. Bir müddət əvvəl Rusiya universitetlərində təhsil almış məzunlar üçün də asanlaşdırılmış qaydalar müəyyənləşdirilmişdi. Rusiya bununla dolayısı ilə ölkə ərazisində rus dilini bilənlərin sayının artırılmasında,  Rusiya Federasiyasının vətəndaşlığını almaq istəyən insanların çoxluğunda maraqlı olmasını nümayiş etdirir". 

Aəzr Allaverənovun sözlərinə görə, atılan addım Rusiyanın özündə də müxtəlif cür qiymətləndirilir: "Məsələyə bir neçə konteksdən yanaşmaq olar. Məsələn, siyasi konteksdən yanaşdıqda, hətta Rusiyanın özündə də bu məsələyə çox həssaslıqla yanaşan siyasi dairələr var və bu mövzu ətrafında gedən müzakirələrdə də atılan addımın kəskin əleyhinə çıxan şəxslər də var. Onlar Rusiyanın bu jestinin gələcəkdə onun üçün ciddi problemlər yarada biləcəyini düşünürlər. Amma müəyyən siyasi qurumlar da var ki, onlar bunun Rusiya üçün elə də böyük təhlükə yaradacağını görmür və hesab edirlər ki, əslində, Rusiyaya bir növ imkan yaranmış olur ki, ərazisində müəyyən intellektual biliklərə malik olan, müəyyən savada, potensiala malik olan insanlar üçün vətəndaşlıq versin. Bu prosesi prosedurların asanlaşdırılması ilə stimullaşdırmaq niyyətini ortaya qoyur. Bu sosiomədəni və ya elmi konteksdən yanaşmadır. Yəni vətəndaşlığın asanlaşdırılması  müxtəlif istiqamətlərdə yozula bilər. 

Rusiyada vətəndaşlıq əldə etmək istəyən insanlar vaxtilə bu niyyətdə çox fəal idilər və hətta o dövrlərdə qaydaların çətin olmasına baxmayaraq, onlar vətəndaşlığı əldə etmək niyyətini ortaya qoymuş, hətta bir qismi də vətəndaşlığı  əldə etmişdilər. Bunun da müxtəlif səbəbləri var ki, ən çox iqtisadi amillələ bağlıdır.  Məsələ ondan ibarətdir ki, 2006-2007-ci illərdən Rusiya əmək miqrantları ilə bağlı sanksiyalar həyata keçirməyə başladı. Nəticə etibarilə bizim orda çalışan böyük miqrant kütləsinin müəyyən hissəsi başa düşdü ki, əməklə bağlı problemlərini həll etmək üçün onlar vətəndaşlıq almalıdırlar. Ona görə müxtəlif yollarla vətəndaşlıq əldə edən şəxslər oldu. Yəni o zaman  vətəndaşlıq onlara yalnız iş yerlərinin itirilməməsi məqsədi ilə lazım idi. Bu niyyət bu məqsədlə şərtləndi. Nəticə etibarilə, müəyyən qrup vətəndaşlıq əldə etdi. Kimisi nikaha daxil olmaqla, kimisi də başqa müxtəlif üsullara əl atdılar".

Ekspert hesab edir ki, bu Rusiyanın demoqrafik vəziyyəti ilə məşğul qurumlarının gəldikləri qənaətlərdir ki, bu qənaətlər göstərir ki, Rusiyada ildən-ilə demoqrafik vəziyyət böhran həddinə çatır: "Əgər əhalinin sayında azalma müşahidə olunursa,  əhali sürətlə  qocalırsa, bu bir çox sahələrdə özünü biruzə verən biləcək təhlükəli bir haldır. Rusiya höküməti yaranmış vəziyyətdən bu yolla çıxmağa çalışır.  Hansı konteksdən həyata keçirilməsinə baxmayaraq,  görünən odur ki, bu prosedurlar getdikcə yüngülləşir".  

Bununla yanaşı, ekspertqeyd edir ki, yeni qanuna rəğmən,   Azərbaycandan Rusiyaya vətəndaşlıq əldə etmək üçün üz tutan insanların sayında kəskin artım olmayacaq: " Ən azından ona görə ki, insanlar bu və ya digər formada onsuz da vətəndaşlığı əldə etmişdilər. Bu gün sadəcə olaraq, həqiqətən də qaydaların asanlaşdırılması bir növ insanları şirnikləndirir. Ona görə bu fürsət dəyərləndirilə bilər. Amma bütövlükdə prosedurların asanlaşdırılması heç də vətəndaşlığın əldə olunmasını stimullaşdıran bir hal kimi dəyərləndirilə bilməz. Ona görə ki, yenə də iş problemi, məşğulluq məsələsi, hansı şəhərdə məskunlaşmaq məsəsələsi və s. var ki, insanlar bu prosedura imza atdıqları halda səbəbləri önə çəkməli və onların həllinə nail olmalıdırlar. Bunlar həll olunduqdan sonra müraciət edib vətəndaşlıq əldə edə bilərlər. İndiki halda Rusiyada  müxtəlif aspektlərdə gərginliklər yaşanmaqdır. Xüsusilə də Rusiyanın iqtisadi prosseslərlə bağlı qonşu dövlətlərlə bağlı həyata keçirdiyi kəskin lidersayağı siyasət, müxtəlif regionlarda şovinist əhval-ruhiyyənin yüksək olması və digər səbəblər istər-istəməz insanları orda vətəndaşlıq almaqdan çəkindirən bir haldır. Yəni, Rusiya təbii ki, bu niyyəti ortaya qoymaqla bərabər, sadaladığımız sahələrdə də nailiyyət qazanmalıdır ki, insanlar gələcək talelərini müəyyən qədər Rusiya ilə bağlamağa maraqlı olsunlar. Amma bugünkü vəziyyətdə sözügedən problemlər yetərincə aktualdır. Bu və ya digər şəhərdə mütəmadi olaraq milli ayrıseçkiliklə bağlı müəyyən gərginliklərin yaşandığının şahidi oluruq. Bu da vətəndaşlıq almaq üçün prosedurlar asanlaşsa belə, insanları çəkindirir ki, Rusiyada vətəndaşlıq alsınlar". 


Sizin Reklam Yeriniz