Əlaqə Arxiv
news Image
2014.04.29
09:19
| A A A
Azərbaycan təyyarələri erməniləri qorxudub
Üzeyir Cəfərov: " Düşmən bunu görərək anlayır ki, Azərbaycan heç zaman öz torpaqlarını düşmənə vermək fikrində olmayacaq " Emin Həsənli: " Təlimlər də göstərir ki, tapşırıqları dəqiqliklə həyata keçirməyə qadir hərbi hava qüvvələrimiz də var"

Cəsur Sümərinli: " Hər bir halda münaqişənin başlanması gözləniləndir, bu istisna deyil "


Məlumatlara görə, Azərbaycan qırıcıları ötən həftə ərzində ermənilərlə təmas xətti üzərində havaya qalxaraq uçuş həyata keçirib. Qeyd edək ki, bu ilin yanvarın 25-də də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr cəbhə xəttində uçuşlar həyata keçirmişdi. Qırıcı təyyarələr Tərtər və Ağdam rayonlarının təmas xəttinə yaxın ərazilərində uçmuşdu. Bu yaxınlarda isə Azərbaycan Naxçıvanda da böyük miqyaslı hərbi təlimlərlə ordumuzun döyüş qabiliyyətini bir daha nəzərdən keçirmişdi. Bütün bunlar isə erməniləri əməlli-başlı təşvişə salıb.

Hərbçi ekspert Üzeyir Cəfərov bildirdi ki, bu uçuşlar plan əsasında həyata keçirilən uçuşlardır: "Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri mütəmadi olaraq, təşkil olunan plan əsasında uçuşlar həyata keçirir. Bu uçuşlar da hər həftənin müəyyən günləri baş verir. Belə uçuşları da hansısa bir gərginlik və yaxud döyüş əməliyyatları ilə əlaqələndirmək heç də düzgün olmazdı. Çünki bu uçuşlar bundan əvvəl də həyata keçirilib, indi də baş verir və bundan sonra da həyata keçiriləcək. Belə uçuşlarla hərbi pilotlarımız təcrübələrini artırır. Həm də düşmən bunu görərək anlayır ki, Azərbaycan heç zaman öz torpaqlarını düşmənə vermək fikrində olmayacaq. Azərbaycan mütləq mənada öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Bu uçuşların həyata keçirilməsi normal haldır. Hərbi hava uçuşları Azərbaycanın öz silahlı qüvvələri ilə bağlı atdığı addımdır ki, onu da ölkəmizə heç kim qadağan edə bilməz. Sabah əmr gələrsə, hava qüvvələrimizə məxsus təyyarələr cəbhə xəttində onların qarşısına qoyulan tapşırıqları yerinə yetirəcək. Bir təyyarənin uçuşu böyük məsrəflər tələb edir. Ona görə də boş-boşuna, nəyinsə xatirinə hərbi təyyarələri təmas xəttində havaya qaldırmırıq. Bunlar məqsədyönlü şəkildə baş tutan təlim uçuşlarıdır. Pilotlar bununla həm ərazini bir daha nəzərdən keçirir, həm də sabah verilən tapşırıqları hansı istiqamət və ardıcıllıqla, hədəfləri nəzərə almaqla həyata keçirəcəklərini bir daha praktiki cəhətdən möhkəmləndirirlər. Belə uçuşlar mütəmadi olaraq davam etdiriləcək".

Digər ekspert Emin Həsənli qeyd etdi ki, ordu hazırlıqlı olmaq üçün belə təlimləri mütəmadi olaraq keçirməlidir və keçirir də: "Təlimlər də göstərir ki, tapşırıqları dəqiqliklə həyata keçirməyə qadir hərbi hava qüvvələrimiz də var. Azərbaycan dövləti bütün vasitələrdən istifadə edərək ordusunu gücləndirir. Ona görə də hərbi təyyarələrin, ümumiyyətlə, bütün ordu birləşmələrinin təlimləri, uçuşları təbiidir. Belə proses mütəmadi olaraq davam edir və davam edəcək. Ən əsası odur ki, ordu hər zaman hazırlıqlı olmalıdır. Bunun üçün də təlimlərə ehtiyac var".

Ekspert Cəsur Sümərinli hesab edir ki, hərbi təlimlərin intensivləşməsi Ermənistanı daim təzyiq altında saxlamağa hesablanıb: "Ümumiyyətlə, tərəflər danışıqlar prosesinin gedişində bir-birinə qarşı hərbi ismarıclar göndərirlər. Azərbaycan tərəfinin hərbi təlimlərlə bağlı mesajı da ona hesablanıb ki, düşmən tərəfi öz qoşunlarını ölkəmizin işğal etdiyi ərazilərindən geri çəksin. Ona görə də, bu tip təlimləri təbii hesab edirəm. Hər bir halda münaqişənin başlanması gözləniləndir, bu istisna deyil. O baxımdan Azərbaycan tərəfi haqlı olaraq erməniləri daim təhdid altında saxlamağa üstünlük verir. Rəsmi Bakı bununla hesab edir ki, danışıqlar prosesində İrəvanın mövqeyi yumşalacaq. Təəssüf ki, hələlik bunu görmürük. Ermənistan tərəfinin mövqeyində hələlik yumşalma hiss olunmur. Ona görə də Azərbaycan düşməni daim hərbi təsir və təzyiq altında saxlama siyasətini davam etdirməlidir, bu normal haldır. Belə uçuşların sayı artırılmalıdır".

Sizin Reklam Yeriniz