Əlaqə Arxiv
news Image
2014.05.03
08:25
| A A A
Hərbi təlimlər yüksək əhval-ruhiyyə ilə keçir
Üzeyir Cəfərov: "Həmin təlimlər sırf hərbi hissələrin döyüş hazırlığının qaldırılmasına yönəlik təlimlərdir" Emin Həsənli: "Təlimlər və orduda əhval-ruhiyyənin yüksək olması torpaqlarımızı azad etmək üçün başlıca şərtlərdən biridir"

Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində yeni təlimlərə başlayıb. Təlimlərə 4000-dək şəxsi heyət, 60-dan çox zirehli texnika, raket-artilleriya qoşunlarının 120-dən artıq qurğusu, aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub. Bildiyimiz kimi, bu yaxınlarda da Naxçıvanda hərbi təlimlər keçirildi. Hansı ki, həmin təlim də yüksək səviyyədə baş tutdu. Bunun tənicəsidir ki, hətta erməni mətbuatı da Azərbaycan ordusunun gücünü etiraf edib. Son zamanlar bölgəmizə yaxın ərazidə, konkret olaraq Ukraynada vəziyyət gərgin hal alıb. Bundan başqa Ermənistan hələ də beynəlxalq qanunlara məhəl qoymayaraq işğal etdiyi torpaqlarımızı əsarət altında saxlamaqda davam edir. Digər tərəfdən, hər bir ordu özünün döyüş qabiliyyətini artırmaq üçün mütəmadi olaraq təlimlər keçirməlidir. Hansı ki, bu kimi praktik təlimlərdə ordu özünün nəyə qadir olduğunu nümayiş etdirir. Azərbaycan ordusu da son təlimlərlə torpaqlarımızı, hətta indi Ermənistan adlanan ərazidə yerləşən qədim ərazilərimizi düşmən tapdağından azad etməyə qadir gücə malik olduğunu əyani şəkildə nümayiş etdirdi. Belədə həm də baş tutan təlimlərin son zamanlar intensivləşdiyi müşahidə olunur. Görəsən, bu təlimlərin intensivliyi nədən xəbər verir?

Hərçi ekspert Üzeyir Cəfərov qeyd etdi ki, hərbi təlimlərin intensivləşməsi ordunun döyüş hazırlığının qaldırılmasına yönəlib: "Ümumiyyətlə ilin əvvəlindən planlaşdırılan bu təlimlərin hansısa ekstra hadisələrlə, ya da hansısa bir narahatçılıqdan irəli gələn olaylarla heç bir əlaqəsi yoxdur. Bu təlimlər sadədən sadəyə olan işlərdir ki, çox əvvəldən planlaşdırılır. Müdafiə Nazirliyi hərbi hissələrinin il ərzində cəbhədə və arxa cəbhədə təlimləri əvvəlcədən planlaşdırılır və həyata keçirilir. Bilirsiniz ki, təlimlər heç də asan məsələ deyil. Onun həyata keçirilməsi üçün müəyyən vaxt lazımdır və bütün bunlar planlaşdırılmalıdır. Hər bir təlimə xeyli sayda şəxsi heyət çıxarılır, baş tutan son təlimdə də deyildiyi kimki 60-dan çox zirehli texnika, 120-dən artıq qurğu, aviasiya, hərbi hava hücumundan müdafiə sistemləri çıxarılıb. Bu təlimlərin poliqonda keçirildiyini nəzərə alsaq, burada zirehli texnikadan da istifadə olunur, orada təhlükəsizlik kimi məsələlər var. Həmin təlimlər sırf hərbi hissələrin döyüş hazırlığının qaldırılmasına yönəlik təlimlərdir. Burada ayrı-ayrı hərbi hissələrin qərargahları arasında qarşılıqlı fəaliyyət, o cümlədən onlara döyüş tapşırığı veriləcəyi təqdirdə qarşıya qoyulacaq vəzifələri yerinə yetirmələri kimi məsələlər gündəmə gəlir. Hərbçi sırf qarşıya qoyulan tapşırıqların praktik müstəvidə yerinə yetirilməsi üçün belə təlimlərlə daha geniş, praktik təcrübə toplamalıdır. Hesab edirəm ki, belə təlimlər nə qədər intensiv olarsa, bir o qədər də əsgərlərimizin hazırlığı yüksək səviyyədə olar".

Digər ekspert Emin Həsənlinin fikrincə də hərbi təlimləri intensivləşdirməklə ordunu gücləndiririk ki, hər an torpaqlarımızı işğaldan azad edə bilək: "İntensivləşən hərbi təlimlər döyüş hazırlığının yüksəldilməsinə hesablanıb: "Baş komandan qarşıya bir nömrəli məqsəd olaraq qoyub ki, ordumuz güclü olmalıdır. Ərazi bütövlüyümüzü öz ordumuzun gücü ilə bərpa etməliyik. Bu istiqamətdə uğurlu addımlar da atılır. Azərbaycanın həm iqtisadiyyatı, həm də ordunun maddi-texniki bazası güclənir. Bu fonda əsgərlərimizin mənəvi psixoloji hazırlığı da artır, hərbçilərimiz mənzillərlə təmin olunur, təlimlər də vaxtlı-vaxtında baş tutur. Son zamanlar hərbi təlimlərin intensivləşməsi də gec-tez ərazi bütövlüyümüzü təmin etməyimizlə bağlıdır. Azərbaycan dövləti sülhə sadiqdir, ancaq Ermənistan hələ də beynəlxalq hüquq normalarına əməl etmir. Ona görə də Azərbaycanın alternativ yolu qalmır. Hələ də sülhə inanırıq, amma bununla yanaşı ordunu gücləndiririk ki, hər an torpaqlarımızı işğaldan azad edə bilək. Qeyd edim ki, bu təlimlər də yüksək əhval-ruhiyyə ilə keçirilir. Bunu Naxçıvanda baş tutan, istərsə də son zamanlarda olan təlimlərə də aid etmək olar. Təlimlər döyüş hazırlığını yoxlamaq məqsədi daşıyır. Həmin təlimlər də göstərir ki, Azərbaycan hərbçisinin döyüş hazırlığı yüksək səviyyədədir. Bunu xarici ekspertlər də təsdiqləyir. Ordumuzun müasir standartlara cavab verən texnikası, həm də ondan bacarıq və peşəkarlıqla istifadə edə bilən güclü, Vətənini sevən əsgəri vardır. Yəni kadr potensialımız da güclənib. Təlimlər və orduda əhval-ruhiyyənin yüksək olması torpaqlarımızı azad etmək üçün başlıca şərtlərdən biridir. Azərbaycanda ordu ilə xalq arasında, xalqla baş komandan arasınsa sarsılmaz həmrəylik var. Bütün bunlar düşmən üzərində qələbəmizi təmin edəcək".

Sizin Reklam Yeriniz