Əlaqə Arxiv
news Image
2014.05.31
08:41
| A A A
Azərbaycan daha bir vacib diplomatik uğura imza atdı
Aydın Mirzəzadə: “Ermənistan və onu müdafiə edən qüvvələr Azərbaycanın bu məslədə öz ərazi bütövlüyü prinsipindən geri çəkilmədiyini bir daha gördülər” Fazil Mustafa: “Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərimizdə Dağlıq Qarabağ faktı çox önəmli rol oynayacaq”

Nəhayət ki, barəsində uzun müddətdir söhbət gedən Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması prosesinə start verildi. İlkin baxışda təhlilçilər hesab edirlər ki, bu layihə vasitəsilə Kreml Sovet İttifaqını yenidən yaratmağa cəhd edir. Ermənistan da iyunun 15-də bu quruma üzə olacaq. Bunun isə Qarabağ münaqişəsinin həllin hansı formada təsir göstərəcəyi xüsusi maraq doğurur.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının 29 may iclasına xüsusi məktub göndərib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev məktubda Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması üçün Azərbaycanın şərtinin yer aldığını vurğulayıb: "Azərbaycan hesab edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına yalnız beynəlxalq birliyin tanıdığı ərazi çərçivəsində daxil ola bilər. Məktubda Ermənistana 2003-cü ildə Ümumdünya Ticarət Təşkilatına üzv olarkən məhz belə şərt qoyulduğu xatırladılır".

Artıq Nazarbayev Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində Ermənistanın dövlət başçısı Serj Sarkisyana ölkəsinin Gömrük İttifaqına qoşulacağı zaman BMT-nin rəsmən tanınmış sərhədlərlə bağlı prinsiplərinə riayət olunması üçün müraciət edib. Siyasilərin fikrincə, Azərbaycanın bu şərti Dağlıq Qarabağın sülh yolu ilə həll edilməsində böyük diplomatik uğurdur.

Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, bu, yeni yaranmış bir qurumdur: "Onun oturuşması və özünü bir güc kimi göstərməsi üçün xeyli zaman lazımdır. Düzdür, orada daxil olan ölkələr müəyyən iqtisadi qüdrətə malikdirlər. Ancaq onların iqtisadiyyatlarının inteqrasiya edilməsi, vahid mövqedən çıxış etməsi üçün müəyyən zaman tələb olunur. Hələ ki onların prioritetləri beynəlxalq bazara inteqrasiyasıdır. Amma bu inteqasiyadan onlar nə qazanacaqlar? Bu inteqrasiyanın onlara beynəlxalq bazarda hansı perspektiv vəd edəcəyini zaman göstərəcək. Ümumən götürdükdə isə onlar özlərini keçmiş postsovet məkanına qarşı qoymaları istiqamətində bəyanatları səslənmir. Bu baxımdan onların keçmiş postsovet ölkələri ilə yaxşı münasibət qurmaq əzmində olduğunu demək olar. Çünki, o vaxt 15 respublika vahid iqtisadi məkanda idi. Bu gün də bir-birinə sıx bağlıdırlar. Onların qarşıdurmaya gedəcəyi inandırıcı görünmür. Bununla belə xeyli zaman lazımdır ki, İttifaq özünü yeni bir güc kimi təsdiqləsin, dünya ilə münasibətlərini qura bilsin".

Millət vəkili əlavə etdi ki, təsis yığıncağında Dağlıq Qarabağ məsələsi yenidən qalxdı: "Bu məsələdə Azərbaycan ilk diplomatik uğurunu qazandı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin göndərdiyi məktub orada səsləndirildi. Bildirildi ki, gələcəkdə Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olarsa, onun sərhədləri müəyən edilməlidir. Çünki, bu gün Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxlayır. Nazarbayevin məsələni Ermənistanın bugünkü sərhədləri çərçivəsində qoyması və bunun qəbul edilməsi artıq Qarabağ probleminin ilkin həllidir. Ermənistan rəsmilərinin özləri də artıq əvvəlki verdikləri bəyanatlardan geri çəkilərək Aİİ-na məhz Qarabağsız daxil olacaqları barədə fikirlər səsləndirirlər. Yəni, Ermənistan və onu müdafiə edən qüvvələr Azərbaycanın bu məslədə öz ərazi bütövlüyü prinsipindən geri çəkilmədiyini bir daha gördülər".

Digər millət vəkili Fazil Mustafa qəzetimizə açıqlamasında bildirdi ki, bu ittifaq ilkin olaraq iqtisadi model kimi ortaya düşüb: "Amma həm də siyasi xarakterli nəticələri ola bilər. Daha çox keçmiş sovet ölkələrini bura toplamaq və əslində, keçmiş inteqrasiya münasibətlərini bir az fərqli formada bərpa etməkdir. Bütün hallarda bizim üçün o qədər də faydalı olmayacaq bir qurumdur. Amma şərtlər elə gətirə bilər ki, biz bu qurumla müəyyən məsələlərdə əməkdaşlıq edə bilərik. Bu, bölgədə olan vəziyyətlə bağlıdır. Hər bir halda Azərbaycan üçün arzuolunan model deyil. Mütərəqqi, irəli aparacaq model kimi düşünülməyib. Rusiyanın hegemonluğunu təmin etmək üçün düşünülmüş yeni bir formatdır".

Fazil Musatafa əlavə etdi ki, Aİİ ilə münasibətlərimizdə Dağlıq Qarabağ faktı çox önəmli rol oynayacaq: "Əgər Ermənistan Avrasiya İqtisadi İttifaqına Ümumdünya Ticarət Təşkilatına qoşulduğu sərhədlər çərçivəsində daxil ola bilər şərti ilə problemin həlli istiqamətində müəyyən addımlar düşünülsə, biz İttifaqla əməkdaşlıq siyasətimizə dəyişiklik edə bilərik. Düşünməyəcksə, bizim Aİİ-na yaxınlaşmağımızın bir mənası olmayacaq".

Sonda bildirək ki, qurum 2015-ci ilin 1 yanvar tarixindən işə düşəcək.

Sizin Reklam Yeriniz