Əlaqə Arxiv
news Image
2014.05.31
08:54
| A A A
Qarabağda lokal müharibələr başlanır?!
Emin Həsənli: "Dünya birliyi Ermənistanı işğalda saxladığı əraziləri azad etməyə məcbur etməlidir, əks halda, müharibə qaçılmaz olacaq" Üzeyir Cəfərov: " Lokal xarakterli müharibələr onsuz da əvvəllər də baş verib və yenə də bunun baş verməsi istisna deyil "

Son günlər cəbhə bölgəsində vəziyyətin daha da gərginləşməsi, atəşkəs hallarının pozulmasının intensivləşməsi, itkilərin qeydə alınması daha çox diqqət cəlb etməkdədir. Ümumiyyətlə, atəşkəsin elan olunmasından ötən müddət ərzində cəbhə bölgəsində atəşkəs rejiminə demək olar ki, əməl olunmayıb. Erməni tərəfi az qala hər gün atəşkəsi pozan hallara yol verib. Amma son dövrlərdə cəbhə zonasında silahlı atışmalar daha intensiv xarakter alıb. Belə iddialar da səslənir ki, cəbhədə vəziyyət beləcə gərginləşməkdə davam edərsə, lokal xarakterli müharibələr başlaya bilər.

Hərbçi ekspert Emin Həsənli hazırki durumda lokal müharibələrin qaçılmaz olduğunu düşünür: "Ermənistan atəşkəs rejiminə əməl etmir, bununla da mütəmadi olaraq beynəlxalq hüquq normalarını pozmaqla məşğuldur. Hətta işğal olunmuş ərazilərimizdən erməni qoşunlarının çıxarılmasına dair BMT-nin 4 qətnaməsini belə yerinə yetirmir. Onlar tez-tez cəbhədə atəşkəsi pozur. Təəssüflər olsun ki, bunu da Azərbaycanın üzərinə yıxmağa çalışır. Azərbaycan atəşkəsi bir dəfə pozacaq. O da torpaqlarını işğaldan azad etmək üçün. Ermənistan son zamanlar tez-tez diversiya qrupları yollamaq, iri çaplı silahlardan atəş açmaqla atəşkəsə əməl etmir. Onların tez-tez cəbhə bölgəsində gərginlik yaratmalarının kökündə heç şübhəsiz Ermənistan daxilindəki vəziyyət durur. Bildiyimiz kimi, Ermənistan iqtisadi cəhətdən ağır vəziyyətdədir. Əhali burada acınacaqlı halda yaşayır. Ona görə də çoxları ölkəni tərk etməyə üstünlük verir. Hər il 80-90 min adam ölkəni tərk edir. Bu fonda Sarkisyan hökuməti daxildə vəziyyəti nəzarətə götürə bilmir. Ona görə də rejim daxildəki vəziyyəti əhalinin diqqətindən yayındırmaq üçün mütəmadi olaraq atəşkəsi pozur və erməni əhalisini daim gərginlikdə saxlayır. Hətta onlar bəzi hallarda, daxildə vəziyyətin daha kəskin xarakter alması təhlükəsi yarananda, kiçik xarakterli hərbi əməliyyatlara da qol qoyurlar. Ermənilərin bu kimi özbaşınalığı aydın məsələdir ki, sona qədər belə davam edə bilməz. Minsk qrupunun həmsədr dövlətləri də münaqişənin tənzimlənməsi yolunda konkret iş görməyib. İşğal faktı ortalıqda olsa da, onlar ortaya iradə qoyaraq Ermənistanı təcavüzkar dövlət kimi tanımayıb. Bu müstəvidə də problem həssas olaraq qalır. Ermənistan bu kimi təcavüzkar siyasətini davam etdirsə, təbii ki, torpaqların güc yolu ilə azad edilməsi də istisna olunmur. Azərbaycan öz müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etmək üçün həm iqtisadiyyatını gücləndirir, həm də ordu quruculuğu sahəsində mühüm addımlar atır. Beynəlxalq hüquq da ölkəmizə işğal altında olan torpaqlarımızı azad etməyə imkan verir. Hesab edirəm ki, dünya birliyi sülh istəyirsə, qısa müddət ərzində Ermənistanı torpaqlarımızı azad etməyə məcbur etməlidir. Əks halda, torpaqların azad edilməsi istiqamətində müharibə qaçılmaz olacaq".

Ekspert Üzeyir Cəfərov isə qeyd etdi ki, lokal xarakterli müharibələr onsuz da əvvəllər də baş verib və yenə də bunun baş verməsi istisna deyil: "Cəbhə zonasında toqquşmalar onsuz da hər zaman olub və bundan sonra da olacaq. Kim iddia edirsə ki, bu hal baş verməyəcək, o yəqin real vəziyyəti bilmir, tərəflər arasında olan gərginliyi hiss etmir. Lakin bununla belə genişmiqyaslı hərbi əməliyyatların başlanacağını düşünmürəm. Buna güclü əsaslar da yoxdur. Ona görə də cəbhə xəttində genişmiqyaslı əməliyyaların başlanacağını görmürəm. Lakin kiçik toqquşmalar, kəşfiyyat xarakterli hərəkətlər hər iki tərəfdən olub və olacaq. Konflikt nə qədər ki, həllini tapmayıb, baş verən atəşkəs pozuntuları ilə nəinki təkcə hərbçilər, hətta mülki şəxslər arasında da dünyasını dəyişənlər olacaq. İki gün öncə beynəlxalq telekanalların birində Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə cəbhədəki vəziyyətlə bağlı bir müzakirə aparıldı. Ermənistan nümayəndəsi deyib ki, hazırki status-kvo hamını, Ermənistanı da narahat edir. Gürcüstan nümayəndəsi Koba Likvikadzə isə bildirdi ki, üç Qafqaz ölkəsindən Ermənistanən uduşlu vəziyyətdədir. Ona görə ki, Rusiya vasitəçiliyi ilə torpaqları işğal altında saxlayır. Bu əsasda da Dağlıq Qarabağ problemi həllini tapmır. ATƏT də buna seyrçi mövqe sərgiləyir. Bütün bunlar da onu göstərir ki, bundan sonra da cəbhə bölgəsində gərginliyin olması mümkündür. Düşünürəm ki, komandanlıq buna çox diqqətli yanaşmalıdır".

Sizin Reklam Yeriniz