Əlaqə Arxiv
news Image
2012.07.04
09:00
| A A A
Azərbaycan İranı beynəlxalq məhkəməyə verə bilər
Aydın Ağayev: “Azərbaycan tərəfi hələ ki, məsələyə səbrlə yanaşır” Qabil Hüseynli: “Azərbaycan İran barəsində Haaqa Beynəlxalq Hüquq Məhkəməsinə müraciət etməlidir”

Poeziya festivalında iştirak etmək üçün İrana gedərək mayın 2-dən orada həbs edilməklə saxlanılan Azərbaycanlı gənc şairlər Fərid Hüseynovla, Şəhriyar Hacızadənin taleləri hələ ki, naməlum olaraq qalır. Onlar barədə rəsmi Tehran bu günə qədər hansısa bir rəsmi açıqlama verməyib. Bunun əvəzində isə gənclərin azad edilməsi üçün rəsmi Bakı qarşısında şərtlə çıxış edib. Həmin şərtə görə, rəsmi Bakı məsələ ilə bağlı Tehrana yazılı məktub göndərməli və şairlərin azad edilməsi xahişini etməlidir.

Hələlik isə görünən odur ki, Tehran tərəfi heç bir əsas göstərmədən şairlərlə bağlı olan məsələni süni olaraq uzadır. Bununla da sanki qarşıdurma yaratmaqda maraqlı olduqlarını göstərmək istəyirlər. Hətta İran mətbuatının yazdığına görə F.Hüseynovla Ş.Hacızadəyə qarşı yeni-yeni ittihamlar da irəli sürülür. Belə ki, İranda onların guya İsrail kəşfiyyatına işlədiyi, narkotik ticarətilə məşğul olduqları barədə informasiyalar dolaşır.

Məsələ ilə bağlı olaraq Azərbaycan tərəfi Xarici İşlər Nazirliyi timsalında bir neçə dəfə Tehrana nota da verib və sona qədər öz vətəndaşlarını müdafiə edəcəyini bildirib. Eyni zamanda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da problemi Tehran qarşısında qaldırdıqlarını dilə gətirib. İran rejimi isə öz hərəkətilə insan haqlarına hörmətsizlik etdiyini bir daha nümayiş etdirmiş oldu. Onu da qeyd edək ki, bəzi ekspertlərə görə F. Hüseynovla, Ş. Hacızadənin saxlanılmasının arxasında İranın ETTELAAT təşkilatı dayanır. Amma digər tərəfdən o da maraqlıdır ki, İranı nüvə silahı əldə etməkdə və insan haqlarını tapdalamaqda ittiham edən, ona qarşı sanksiyalar tətbiq edən Qərb dünyası, beynəlxalq təşkilatlar, insan haqları qurumları nədənsə azərbaycanlı yazarların İranda qanunsuz olaraq həbs olunmalarına göz yumur, buna hər hansı bir reaksiya vermir. Xatırladaq ki, İran tərəfi şairlərə münasibətdə etdiyi əməllərilə Vyana Konvensiyasının müddəalarını da kobud şəkildə pozub. Belə ki, həmin konvensiyaya əsasən hansısa başqa bir ölkədə xarici ölkə vətəndaşı saxlanıldıqda, onların mənsub olduğu dövlətə bu barədə məlumat verilməlidir. Ancaq hadisədən iki ay sonra İran bu haqda məlumat verib. Görəsən, İran tərəfi həmin iki şairimizi bu günə qədər heç bir əsas olmadan saxlamaqda hansı məqsəd güdür. Azərbaycan göndərdiyi sorğulara İranın adekvat cavab vermədiyi təqdirdə beynəlxalq konvensiyaları əsas tutaraq məsələni beynəlxalq məhkəmədə gündəmə gətirə bilərmi?

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, gənc şairlərimizi hələ də saxlamaqda Tehranın bu addımı Azərbaycana münasibətdə heç bir əsas olmadan sərgilədiyi pis münasibətindən irəli gəlir: "İranın uzun müddətdir ki, poeziya festivalına gedən iki gənc şairimizi heç bir əsas olmadan saxlamaqda məqsədi onun Azərbaycana pis münasibətinin ifadə olunmasıdır. Hətta ciddi bir problem olsaydı belə, onu da bu müddət ərzində çözmək olardı. İran isə buna getmir. Özlərini də pis aparır, rəsmilər izahat vermir. Hətta Azərbaycandan gedən sorğulara belə cavab vermirlər. Bunun mənası isə Azərbaycana pis münasibətin ifadə olunmasıdır ki, Bakı bunu görsün. Münasibətin belə tərzdə ifadə edilməsinin məqsədinin nə olduğunu isə İranın özündən soruşmaq lazımdır. İran tərəfi gecə-gündüz Azərbaycana qarşı təbliğat aparır. Əvvəllər antiazərbaycan təbliğatı ilə bir neçə radio və agentlik canfəşanlıq nümayiş etdirirdisə, indi sayları üç-dörd dəfə artıb. İran tərəfinin şairlərimizə münasibətdə atdığı sözügedən hərəkətlə tamamilə diplomatiyadan, dövlətlərarası münasibətlərin ruhundan kənar, heç bir şeylə izah olunmayan vəziyyətlə üzləşmişik".

Şairlərlə bağlı məsələni Azərbaycanın beynəlxalq məhkəmədə gündəmə gətirməsi ehtimalına gəldikdə, həmsöhbətimiz vurğuladı ki, Azərbaycan tərəfi hələ ki, məsələyə səbrlə yanaşır: "Bakı tərəfindən dəfələrlə baş vermiş olayla bağlı mesaj verilib. Son vaxtlar Azərbaycan rəsmilərindən biri də məsələyə münasibət bildirib. İran isə bunları eşitsə də, qulaqardına vurur, əhəmiyyət vermir. Bununla da özünün ölkəmizə münasibətdə pis münasibətini daha məqsədəmüvafiq hesab etdiyini ortaya qoyur. Amma belə münasibətin sonu yoxdur. Azərbaycan heç vaxtı belə taktikaya getməz. İki cavan oğlan orada nə edə bilər ki, onları saxlayıblar? Onların nə günahı ola bilər ki? İranın hərəkətləri boş, mənasız bir şeydir. Prosesin sonu yoxdur, əvvəl-axır İran tərəfi vətəndaşlarımızı buraxmalı olacaq. Buna şübhəm yoxdur. Lakin pislik həmin iki nəfəri əsassız yerə saxlayanlarda qalacaq".

Digər politoloq Qabil Hüseynli isə düşünür ki, İranın sözügedən hərəkəti Azərbaycanda İrana işləməkdə suçlandırılan şəbəkələrin ifşa olunmasına cavab addımıdır, amma əsası olmayan: "Tehranın iki şairimizi saxlamaqda məqsədi Azərbaycanın İranın bir sıra kon- kret agentura şəbəkəsini ifşa etmələrinin əvəzini çıxmaqdır. Bildiyimiz kimi, son bir neçə ayda Azərbaycanın müvafiq qurumları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İran tərəfdən istiqamətləndirilən bir çox adamlar həbs edildi. İran da günahsız insanları saxlamaqla guya buna qarşı cavab tədbirləri hazırlayıb. Günahsız insanlara işgəncə verməklə, zorla boyunlarına qoymaq istəyirlər ki, guya həmin iki şairimiz İsrail cəsusudur və İrana da məhz bu məqsədlə gəliblər. İran tərəfinin vətəndaşlarımıza qarşı yönəlik bu sərsəm əməli cinayətdir". Həmin cinayətə isə ekspert dedi ki, mütləq məhkəmə yolu ilə baxmaq lazımdır: "Azərbaycan dərhal İran barəsində Haaqa Beynəlxalq Hüquq Məhkəməsinə müraciət etməlidir və vətəndaşlarının günahsız yerə saxlandığı barədə iddia qaldırmalıdır. Çünki orta əsr feodal qaydaları ilə idarə olunan bir dövləti heç cürə əqli yola dəvət etmək mümkün olmur. Bir aydan çox həmin şairlərin yeri və harda olduğu barədə məlumat vermədilər. Bütün bunlar onu göstərir ki, İran beynəlxalq hüquq normalarına hörmət etmir və Azərbaycanı nüfuzdan salmaq üçün bu kimi addımlar atır. Azərbaycan da olayı cavabsız qoymamalıdır. Şairlərin işi nota vermək yolu ilə həll olunan məsələ deyil. İş beynəlxalq səviyyəyə qaldırılmalıdır, işin araşdırılması Haqqa Məhkəməsindən tələb olunmalıdır. Burada söhbət İranın oyunbazlığı, qondarma iddialarla insanları həbsə atması, işgəncə verməsini ifşa etməkdən gedir. Bütün bunlar isbat olunarsa, onda İran dövlətinin mahiyyətinin bütün çalarları açılar. Zənnimcə, İranla danışıqları bir kənara qoyub, problemin həlli üçün məsələni beynəlxalq müstəviyə keçirməliyik".
Sizin Reklam Yeriniz