Əlaqə Arxiv
news Image
2014.06.24
09:35
| A A A
Kreml Qarabağ münaqişəsinin həllinə yaşıl işıq yandırır…
Aydın Ağayev: "Rusiya münaqişəyə münasibətdəki mövqeyində dəyişiklik edərsə, həddən artıq çox şeylər həm öz xeyrinə olar, həm də Azərbaycanın mənafeyinə uyğun gələr, region üçün faydalı ola bilər" Qabil Hüseynli: "Rusiya Azərbaycanla Dağlıq Qarabağ məsələsində müəyyən sövdələşməyə gedə bilər"

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bu günlərdə verdiyi açıqlamada Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakına toxunub. Nazir müavini qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etməklə, Azərbaycana yardım edib, çox şeyə nail ola bilər.

Xatırladaq ki, son zamanlar Kreml rəhbərliyinin Bakıya səfərləri xeyli dərəcədə intensivləşib. Xarici işlər naziri Sergey Lavrovun ardınca, baş nazirin müavini Ropozin də Bakıda oldu, Ayın sonlarında isə Dövlət Dumasının sədri Sergey Narışkinin də ölkəmizə səfəri gözlənilir. Bu səfərlərin kökündə də, ekspertlərin vurğuladığına görə, Azərbaycanı Avrasiya İqtisadi İttifaqına cəlb etmək məsələsi dayanır. Bakı isə işğalçı Ermənistanla bir birlikdə olmayacağını, iqtisadi birlik olaraq, nə qədər ki, torpaqlar azad olunmayıb, onunla sərhədləri açmayacağını bəyan edib. Rusiya isə görünür, iqtisadi və təbii resurslar cəhətdən güclü olan Azərbaycanın Aİİ-də olmasında israrlıdır. Bunun üçün isə, Minsk qrupunun həmsədri, həmçinin Ermənistana təzyiq etmək gücündə olan bir ölkə olaraq, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri çərçivəsində tezliklə həllinə yardımçı olmalıdır. Moskvanın əslində, İrəvana bircə göstərişi bəsdir ki, Ermənistan işğalçı siyasətindən əl çəksin.

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev bunun üçün ciddi şəkildə çalışmaq lazım gəldiyini dedi: "Ən azından Rusiya məsələnin xarici işlər nazirinin müavini Araz Əzimovun dediyi səviyyədə qoyuluşundan yaxşı xəbərdardır. Yəni, Rusiya gözəl bilir ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq-ədaləti, öz hüquqi çərçivəsində tələb etdikləri reallığa, regiondakı indiki siyasi mənzərəyə nə qədər uyğundur və bu məsələnin həmin çərçivədə həll olunma perspektivinin tədricən də olsa yaranması nə demək olacaq. Bunu Rusiyada başa düşürlər. Amma bunun gerçəkliyə çevrilməsi və gerçək olması üçün Rusiyadan atıla biləsi addımların olması məsələsi, əlbəttə ki, müzakirə mövzusudur. Bunun üçün çalışmaq, fəaliyyət göstərmək lazımdır. Xarici işlər nazirinin müavini Araz Əzimovun dediklərini bölüşürəm, çox ağıllı və reallığa söykənən sözlərdir. Eyni zamanda, bəzi KİV-də bu sözlərdən çıxarılan əsassız nəticələrdən qaçmaq lazımdır. Fikirləşirəm ki, Rusiya əsas problemə münasibətdəki mövqeyində azca dəyişiklik edərsə, həddən artıq çox şeylər həm özünün xeyrinə olar, həm təbii ki, Azərbaycanın mənafeyinə uyğun gələr, həm də bütövlükdə region üçün faydalı ola bilər. Lakin yenə də vurğulayıram, buna getmək məsələsini gerşəkləşdirmək üçün bütün istiqamətlər üzrə çalışmaq gərəkdir. Araz Əzimov reallığı, gerçəkliyi deyib. Amma bu gerçəkliyi nə dərəcədə praktikaya salmaq, faydasını əldə etmək heç də asan məsələ deyil. Bu istiqamətdə Azərbaycan xarici siyasətinin planlaşdırdığı, gördüyü, görmək istədikləri işlər hamını inandırmalıdır ki, bu doğru işlərdir. İctimaiyyət buna inanmalıdır ki, bu mümkün variantlardan bəlkə də ən optimalıdır".

Politoloq Qabil Hüseynli indiki şəraitdə Rusiyanın münaqişənin həllində Bakının istəyinə uyğun addımlar atmasını nəzəri cəhətdən mümkün hesab edir: "Çünki hazırda Rusiya çətin dövrünü yaşayır. O dünyadan təcrid olunmuş haldadır. Ona qarşı sanksiyalar tətbiq olunur. İndilikdə sanksiyaların yeni formasının tətbiqi də hazırlanır. Sanksiyalar fonunda Rusiyada iqtisadi göstəricilər də xeyli dərəcədə pisləşib. Belə olan halda, Rusiyaya iqtisadiyyatın canlandırılması, heç olmasa, bəlli səviyyədə saxladılması üçün, sərmayə lazımdır. Ümumiyyətlə, Rusiya iqtisadiyyatını ayaq üstə saxlamaq üçün müəyyən dövlətlərin köməyindən də yararlanmalıdır. Azərbaycanın iqtisadi və maliyyə potensialı Rusiya üçün cəlbedicidir. Bu nöqteyi-nəzərdən, Rusiya iqtisadi sahədə özü üçün sərfəli olacaq müqavilələri reallaşdırmaq hesabına, Azərbaycanla Dağlıq Qarabağ məsələsində müəyyən sövdələşməyə gedə bilər. Düzdür, bu sövdələşmə də müəyyən balansdan kənara çıxa bilməz. Amma hər halda, Azərbaycanın da istəklərini böyük ölçüdə həll edə bilər".

Sizin Reklam Yeriniz