Əlaqə Arxiv
news Image
2012.07.05
09:00
| A A A
Dərmanla qəsdimizə duranlar…
Adil Qeybulla: “Firmalar bəzən yararlıq müddətilə bağlı etiketi dəyişdirib, həmin dərmanları satmaqda maraqlı olur” Fərəc Quliyev: “Problemin bir səbəbi gətirilən dərmana əlavə dəyər vergisinin tətbiq olunması ilə bağlıdır”

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da tələblərə cavab verməyən dərman preparatlarının apteklərdə satışının davam etdirilməsi halı ilə hələ də rastlaşırıq. Belə neqativ hallara qarşı Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq yoxlamalar aparılır. Son bu tip yoxlamalar nəticəsində məlum olub ki, bir çox apteklərdə dərmanların yararlılıq müddətilə bağlı analiz protokolları yoxdur. Hətta elə dərmanlar var ki, sertifikat olmadan satılır. Bu hallar isə yolverilməzdir. Çünki adətən sertifikatsız satılan dərmanlar vaxtı keçmiş, artıq yararsız vəziyyətə düşən dərmanlardır.

Belə halda həmin dərmanı qəbul edən xəstə sağalmaq əvəzinə, daha da pis duruma düşə bilər. Amma təəssüf ki, bir çox apteklər hələ də sözügedən pozuntu hallarına yol verməkdə davam edirlər. Görəsən, apteklərin sertifikatsız dərman satmaları, dərmanların yararlılıq müddətilə bağlı protokolların olmaması nədən qaynaqlanır? Belə neqativ halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, apteklərdə dərmanların yararlıq müddətilə bağlı protokolların olmaması, onun sertifikatsız satılması əsasən firmaların maliyyə problemilə işləmələrindən irəli gəlir: "Apteklərdə dərmanların yararlıq müddətilə bağlı protokolların, sertifikatların olmaması əsasən firmaların xeyli dərəcədə maliyyə problemilə üzləşməsilə bağlıdır. Yəni bir dərmanı bura gətirib onu qeydiyyatdan keçirmək firmalara heç də asan başa gəlmir. İkinci bir tərəfdən, eyni tərkibli çoxsaylı preparatlar ölkəyə daxil olur. Məsələn, hərəsi bir adda 150-dən çox "sertifikasion" ölkəyə gətirilir. Firmaların hər biri təbii ki, məhz öz dərmanlarının satılmasında maraqlıdır. Satılmadıqda isə böyük bir partiya qalır və bu apteklərdən tutmuş firmalara da böyük ziyan vurur. Belə hallar kompensasiya yolu ilə tənzimlənmir. Belə olan halda da firmalar dərmanları sertifikatsız satır. Bu heç də düzgün hal deyil, dərmanların dövriyyəsilə bağlı Azərbaycan Respublikası qanununun pozulmasıdır. Amma onu da nəzərə alaq ki, apteklərin bəzi dərmanları sertifikat olmadan satmalarına şərait yaradan obyektiv və subyektik məqamlar vardır. Bəzən görürsən ki, firmalar böyük partiyada dərman preparatlarının vaxtının keçməsindən böyük ziyana düşür. Belə olan halda firmalar bəzən yararlıq müddətilə bağlı etiketi dəyişdirib, həmin dərmanları satmaqda maraqlı olur".

Həmsöhbətimiz sözügedən neqativ halın qarşısını almaq üçün dərman maddələrinin Dövlət Reyestrinin formalaşmalı olduğunu, hökumətlə firmalar arasında ancaq qeydiyyata alınan dərmanların ölkəyə gətirilməli olduğu barədə müqavilələr imzalanmasını lazım bilir: "Belə halların qarşısı alınmalıdır. Bunun üçünsə birinci növbədə dərman təhlükəsizliyi konsepsiyasının olması istiqamətində düşünmək lazımdır. Belə bir konsepsiya Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi olmalıdır. Bu halda vaxtı keçmiş dərmanların ləğvi üçün akt tərtib olunmalı və xaricdə istifadə olunan hansısa mexanizmlər tətbiq edilməlidir ki, apteklərdə vaxtı keçmiş dərmanları satmaqda maraqlı olmasın. Çalışmaq lazımdır ki, eyni adda olan, demək olar ki, eyni zavod tərəfindən buraxılan bir dərman bir neçə adda ölkəyə daxil ola bilsin. Hesab edirəm ki, belə məsələləri qaydaya salsalar, Dövlət Farmakopiyası, dərman maddələrinin Dövlət Reyestri formalaşsa, Azərbaycan dövlətilə dərman firmaları arasında ancaq qeydiyyata salınan dərmanların ölkəyə gətirilməsi istiqamətində konkret müqavilələr olsa, sözügedən problem yoluna qoyula bilər".

İxtisasca həkim olan millət vəkili Fərəc Quliyev isə qeyd edir ki, apteklərin bəzi dərmanları sertifikatsız satmasının əsas səbəbi gətirilən preparatlara qoyulan əlavə dəyər vergisidir: "Öncə onu deyim ki, Səhiyyə Nazirliyinin apteklərdə apardığı araşdırmaları alqışlayıram. Mütəmadi olaraq belə yoxlamalar olmalıdır ki, neqativ halların sayı minimuma ensin. Heç birimiz yararlıq müddəti bitmiş dərmanlardan sığortalanmamışıq. Hər birimiz xəstələndikdə dərmanlardan istifadə etmək məcburiyyətindəyik. Ona görə də apteklərdə dərmanların sertifikat əsasında satılması, yararlılıq müddətilə bağlı protokolların olması üçün sərt tədbirlərin görülməsinin tərəfdarıyam. Amma ikinci bir tərəfdən məsələ ilə bağlı profilaktik tədbirlər də görülməlidir. Hesab edirəm ki, Azərbaycanda dərman məhsullarının qiymətinin baha olması, həm də keyfiyyətsiz dərman gətirilməsinin bir səbəbi də bu preparatlara əlavə dəyər vergisinin tətbiq olunması ilə bağlıdır. Bir çox ölkələrdə dərmanlara əlavə dəyər vergisi tətbiq olunmur. Parlamentdə bununla bağlı məsələ qaldırmışdıq ki, gətirilən dərman preparatlarını istehlakçılar apteklərdən normal qiymətə ala bilsinlər. Dərman ucuz və maya dəyərindən yuxarı olmamaq şərtilə ölkəyə gətirilərsə, dərmanı köhnəlmiş şəkildə satmağa da meyl olmaz".
Sizin Reklam Yeriniz