Əlaqə Arxiv
news Image
2014.07.12
08:46
| A A A
Qarabağ münaqişəsinin həllində Madrid prinsipləri iş ədüşür
Asim Mollazadə: " Beynəlxalq ictimaiyyət özündə güc tapıb prosesdə dəyişiklik edə bilmir " Vəfa Quluzadə: "Hələlik real iş görünmür"

Leyla Əliyeva: " Hələlik Ermənistanın davranışında real pozitiv nüanslar müşahidə edilmir "



Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin mümkünlüyü barədə çoxsaylı fikirlər səslənməkdədir. Xüsusən də amerikalı diplomatlar tərəfindən qeyd olunan xüsusda maraqlı açıqlamalar verilməkdə, Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılmasının vaciblyi vurğulanmaqdadır.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da qeyd edir ki, işğal altında olan Dağlıq Qarabağ ətrafı 7 rayon Azərbaycana qaytarılmalıdır: "Bütün bunlar isə bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin tərkib hissəsi olmalıdır. Ümumiyyətlə, artıq Dağlıq Qarabağ müanqişəsinin yekun həlli yolu tapılmalıdır. Biz artıq bu barədə bəyanatlarımızı da vermişik".

Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfiri Con Heffern isə bəyan edib ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması məsələnin yekun həlli zamanı müəyyənləşəcək.

O, hazırda əsas müzakirə mövzusunun tərəflər arasında hansı sülhməramlı qüvvələrin yerləşdirilməsinin müəyyənləşdirilməsi ilə bağlı olduğunu deyib: "Altı razılaşdırılmış elementə əsasən, Dağlıq Qarabağın son statusu azad iradə əsasında bəlli olacaq. Bundan sonra isə Dağlıq Qarabağ ətrafındakı rayonlar, Laçın istisna olmaqla, geri qaytarılacaq. Məsələ burasındadır ki, hansı ölkə və təşkilatın güclərinin burada sülhməramlı qüvvə kimi yerləşdirilməsi hələlik tərəflər arasında müzakirə mövzusudur".

İlk mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonların qaftarılması Madrid prinsiplərinin artıq işə düşməsi deməkdir.


Millət vəkili Asim Mollazadə məsələ ilə bağlı qeyd edir: "İnanmıram ki, erməni işğalçıları hansısa sülh istiqamətində ciddi addımlar atmağa hazır olsunlar. Ermənistanın arxasında duran qüvvələr də əksinə, münaqişənin yenidən alovlanması ilə bağlı təhlükələri daha gərgin müstəvidə saxlamaq istəyir ki, bununla da keçmiş sovet ölkələrinə bir növ təzyiq mexanizmi kimi yanaşa bilsinlər. Buna bənzər hadisələri hazırda Ukraynada müşahidə edirik. Ermənistanın siyasətində də hansısa ciddi dəyişikliklərin əlamətlərini görmürəm. Həmin vəziyyətdə də bir sıra beynəlxalq təşkilatların, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, Madrid prinsipləri öz icrasını tapmır. Bu vəziyyətdə beynəlxalq ictimaiyyət özündə güc tapıb prosesdə dəyişiklik edə bilmir".

Politoloq Vəfa Quluzadə də hələlik ortalıqda real işin olmadığını dedi: "Bu məsələni Azərbaycanla Ermənistan müzakirə etməlidir. Amma etmirik. Bəli, ətrafda münaqişənin həlli ilə bağlı müxtəlif danışıqlar, bəyanatlar vardır. Amma hələlik real iş görünmür. Ona görə də, həmin məsələ ilə bağlı, prezidentlərin növbəti görüşünün də uğurlu, ya da həmişəki kimi olacağı istiqamətində bir şey demək mümkün deyil".

Politoloq Leyla Əliyeva da Ermənistanın hərəkətlərində 7 rayonun qaytarıla biləcəyi ilə bağlı hər hansı bir fəaliyyətin hiss olunmadığını söylədi: "Hələlik Ermənistanın davranışında real pozitiv nüanslar müşahidə edilmir ki, ən azından Dağlıq Qarabağdan kənar 3, 5 və yaxud 7 rayonun qaytarıla biləcəyi haqqında nəsə danışa bilək. Ortalıqda bu yoxdur. Sadəcə olaraq, bununla bağlı ara-sıra mətbuatda müəyyən fikirlər səsləndirilir. Belədə onu səsləndirənlər həm də tərəflərin ortaya atılan məsələyə reaksiyasını öyrənməyə çalışırlar. Başqa bir tərəfdən, bildiyimiz kimi, Rusiya Azərbaycanı da Avrasiya İttifaqına çəkmək istəyir. Buna nail olmaq üçün də işğal olunmuş bəzi rayonların qaytarıla biləcəyi məsələsini ara-sıra gündəmə gətirirlər. Burada əsas məqsəd dediyim kimi, əslində, Azərbaycanı Avrasiya İttifaqına cəlb etməkdir. Lakin Ermənistanın sərgilədiyi real mənzərə hələ belə düşünməyə əsas vermir ki, bu və ya digər işğal olunmuş rayonlarımızın qaytarılması ehtimalından danışa bilək. Ermənistanın fəaliyyətində bu amil hiss olunmur. Onlar hələ də mövcud status-kvonun qorunub saxlanılmasına çalışırlar".

Sizin Reklam Yeriniz