Əlaqə Arxiv
news Image
2012.07.07
09:00
| A A A
Xarici sığorta şirkətlərindən yerli kompaniyalara gələn təhlükə
Vüqar Bayramov: “Xarici sığorta şirkətlərinin ölkəyə daxil olması yerli sığorta şirkətlərinin fəaliyyətlərini məhdudlaşdırsa da, bu, sığorta xidmətinin inkişafına səbəb olacaq” Əli Məsimli: “Bu, sığorta sisteminin formalaşmasına müsbət təsir göstərə bilər”

Məlumdur ki, qəfil və xoşagəlməz hadisə nəticəsində hər bir insanın və onun öhdəliyində olan şəxslərin uzunmüddətli maddi çətinlikləri yarana bilər. Belə halları əvvəlcədən nəzərə alanların diqqət yetirdiyi mühüm məqamlardan biri sığorta, daha doğrusu, həyata sığortası ilə bağlıdır. Dünyada Belə ki, bu cür müdafiə üsulu Avropada 18-ci əsrdə yaranıb. Azərbaycanda isə sözügedən bazar hələ yeni inkişaf edir və əldə edilən nailiyyətlər hələ ki, yüksək qiymətləndirilə bilməz.

Bu fonda belə fikirlər səslənir ki, dünyanın aparıcı sığorta şirkətləri Azərbaycan bazarına daxil olarsa, bu sahədə vəziyyət dəyişə bilər.

O da söylənir ki, bu cür addım ölkəmizdə həyat sığortasının xidmətlərinin yüksəlməsinə səbəb olacaq. İqtisadçı-ekspert Vüqar Bayramov da xarici sığorta şirkətlərinin Azərbaycan sığorta bazarına daxil olmasının iki tərəfinin olduğunu vurğulayır. O bildirir ki, sığorta-maliyyə sektoru bütün dünyada xidmət sektorunun elementi kimi qəbul olunur: "Sığorta və eləcə də maliyyə sektorunda xarici sığorta şirkətlərinin iştirakının həm müsbət, həm də mənfi tərəfləri var. Mənfi tərəfləri ondan ibarətdir ki, daxildə xarici sığorta şirkətləri iştirak edən zaman yerli sığorta şirkətlərinin rəqabət aparmaq imkanları məhdudlaşır. Yerli şirkətlərin rəqabət aparmaq imkanları məhdudlaşdığı üçün rəqabət aparmağı bacarmayan şirkətlər müflis olub, fəaliyyətlərini dayandırırlar. Bu xarici sığorta şirkətlərinin gəlişinin ən mənfi tərəfidir".

Vüqar Bayramov onu da əlavə etdi ki, Azərbaycan sığorta şirkətlərinin hər hansı hala görə ödədiyi məbləğ hazırda ABŞ və Avropada aparıcı sığorta şirkətlərinin illik ödənişləri ilə müqayisə edilə bilməz: "Bu da daha çox kapitala malik olan xarici sığorta şirkətlərinin daxili bazarda hökmran mövqeyə yiyələnməsinə səbəb olur. Belə vəziyyət də birmənalı şəkildə yerli sığorta şirkətlərinin müflis olmasına gətirib çıxara bilər".

Ekspert qeyd etdi ki, Estoniyanın sığorta sektorunda liberallaşma aparıldıqdan sonra Estoniya bazarında bu gün olan kapitalın 85 faizi xarici şirkətlərin payına düşür. Bu rəqəm Polşada isə 7 faiz təşkil edir. Baxmayaraq ki, liberallaşmadan öncə həmin ölkələrdə yerli sığorta şirkətləri kapitalın 100 faizinə malik idilər. Amma burda da liberallaşma yerli sığorta şirkətlərinin əhəmiyyətli hissəsinin müflis olmasına gətirdi ki, nəticə etibarı ilə xarici sığorta şirkətləri bazarı götürdülər. Eyni münasibət Azərbaycan sığorta şirkəti bazarına da aiddir. Amma bütün hallarda sığorta xidmət sektorunun liberallaşması qaçılmazdır. Yəni, praktiki olaraq bunun alternativləri yoxdur. Azərbaycan təbii ki, dünyaya inteqrasiya edən bir ölkədir. Odur ki, Azərbaycan da digər ölkələr kimi sığorta bazarında islahatlar apararaq liberallaşmanı həyata keçirməlidir. Ona görə də liberallaşmanın aparılması qaçılmazdır. Əgər bu gün Azərbaycan sığorta bazarına xarici sığorta şirkətləri daxil olarsa, bu yalnız yerli sığorta şirkətlərinin bir hissəsinin müflis olması ilə yanaşı, eyni zamanda sığorta bazarında daha yaxşı təkliflərin, xidmətlərin verilməsini formalaşdıracaq. Əslində isə bu həm də rəqabətin güclənməsi deməkdir. Rəqabətin güclənməsi də nəticə etibarı ilə sığorta bazarında şirkətlərin eləcə də vətəndaşların maraqlarına daha uyğun olan təkliflərin yaranması deməkdir. Ona görə də bu liberallaşma olarsa, birmənalı şəkildə Azərbaycanın həyat sığortası ilə bağlı dəyişikliklər baş verəcək. Bu dəyişikliklər də həyat sığortası üzrə taariflərin aşağı salınması və insanlara müxtəlif paketlərin təqdim olunması formasında olacaq. Eyni zamanda bu həm də daha müasir standartlara uyğun olan sığorta xidmətinin istifadə imkanları deməkdir. Hətta xatırladım ki, ABŞ - da illik 20 dollar ödəməklə həyat sığortasına malik olmaq mümkündür. Yəni, faktiki olaraq bu sığorta taariflərinin kəskin olaraq aşağı salınması və eyni zamanda daha müasir xidmətlərin ödənilməsi deməkdir. Bundan başqa xarici sığortanın daxil olması sığorta şirkətləri ilə xəstəxanalar arasında mövcud arzuolunmayan münasibətlərin də aradan qalxmasına səbəb olacaq. Ona görə də sığorta sektorunun liberallaşması və xarici sığorta şirkətlərinin ölkəyə daxil olması yerli sığorta şirkətlərinin fəaliyyətlərini məhdudlaşdırsa da, bu, həyat sığortası da daxil olmaqla sığorta xidmətinin inkişafına səbəb olacaq".

Millət vəkili Əli Məsimli də artıq dünyada bu cür praktikanın mövcud olduğunu bildirir: "Bizdə də olması lazımdır. Burada əvvəlcə Azərbaycanın özünün sığorta şirkətləri xarici kapitalın iştirakı ilə birgə formalaşmağa başlayır. Bazar da yavaş-yavaş formalaşandan sonra müəyyən nüansları nəzərə almaqla liberallaşmağa başlayır. Bu gün də Azərbaycanın bazarında bu proses gedir. Hazırda Azərbaycanın həm özünün, həm də xarici kapitalla olan şirkətləri var. Yəni bu prosesdə öz meyarları çərçivəsində işlər görülsə, xarici sığorta şirkətlərinin Azərbaycan sığorta bazarına daxil olması rəqabətin, səmərəliliyin artmasına, səmərəli fəaliyyət göstərən bir sığorta sisteminin formalaşmasına müsbət təsir göstərə bilər".

Deputat xarici sığorta şirkətlərinin Azərbaycan sığorta bazarına daxil olmasında mənfi xüsusiyyətlərin də olmasını önə çəkdi: "O da əsasən rəqabətlə bağlı olacaq. Yerli sığorta şirkətləri uzun illərin təcrübəsi olan şirkətlərlə rəqabətə girə bilmirlər. Onda da xarici şirkətlər müəyyən uduş əldə edə bilirlər. Bu da yerli şirkətlərin ziyanına ola bilər. Amma buna baxmayaraq, biz də nə vaxtsa bunları öyrənməliyik".

Sizin Reklam Yeriniz