Əlaqə Arxiv
news Image
2014.07.31
08:06
| A A A
Neftə görə yeni bahalaşma başlanır
Zəfər Vəliyev: "Azərbaycanın neftdən gələn gəlirləri çoxalacaq, amma eyni zamanda, xərclərimiz də bir o qədər artacaq" İlham Şaban: "Sanksiyalar Rusiyanın enerji sahəsinə, dövlət neft şirkətlərinə, qabaqcıl texnologiyaların satışına tətbiq olunur"

Belə fikirlər səslənir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları sərtləşərsə, neftin qiyməti 200 dollarlıq həddi keçəcək. Hazırda ABŞ başda olmaqla Qərb ölkələri Rusiyaya qarşı sanksiyaların üçüncü dalğasına start verib. Bu sanksiyalar Rusiyaya hərbi məhsulları, texnologiyaları göndərməyi qadağan edir. Sanksiyalar həmçinin, Rusiyanın bank sektoruna qarşı da yönəlib.

Sanksiyaların üçüncü fazasına artıq başlanılıb. Bu halda isə dünya miqyasına hər gün çıxarılan neftin həcminin azalması gözlənilir. Çünki bazarda Rusiya neftinin miqdarının azalması proqnozlaşdırılır. İndi Rusiyaya qarşı sanksiyaların şiddətləndirilməsi ekspertləri bu qənaətə gəlməyə sövq edir ki, neftin qiyməti 200 dollar həddini aşcaq. Hazırda isə bir barrel neftin bazarda qiyməti markasından asılı olaraq 105-112 dollar arasında dəyişir.

Maraqlıdır, son hadisələr fonunda neftin qiymətinin 200 dollarlıq həddi keçməsi mümkündürmü? Bu baş verərsə, Azərbaycana nə vəd edər?

Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev düşünür ki, hazırkı situasiyada neftin qiymətinin 150 dolları keçə biləcəyi istisna deyil: "Bir müddətdir ki, ABŞ və Avropa Birliyi Ukrayna ətrafında baş verən hadisələrlə bağlı olaraq Rusiyaya qarşı tətbiq olunan sanksiyaları daha da sərtləşdirib. Belədə sanksiyaların sferası daha da genişlənir. Rusiyanın maliyyə, enerji sektoruna. eyni zamanda, bank sektoruna sanksiyalar tətbiq edilir. Belə olan təqdirdə, Rusiyanın enerji şirkətləri ilə əməkdaşlıq edən servis şirkətləri də artıq onlarla əlaqələri dayandıracaqları ilə bağlı müraciətlər edib. Bunlar əsasən neft-qaz çıxarma sənayesində lazım olan müasir texnoloji avadanlıqları Rusiyanın enerji şirkətlərinə ixrac edən şirkətlərdir. Bunlar "Shlumberger", "Haliburton" və digərləridir. Rusiyaya tətbiq olunan sektoral və texnoloji sanksiyalar bu ölkədə neft hasilatının yaxın bir neçə ildə kəskin şəkildə aşağı düşəcəyindən xəbər verir. Məsələn, beynəlxalq ekspertlər belə rəy irəli sürür ki, olayın baş verəcəyi təqdirdə Rusiyada bir ildə neft hasilatının miqdarı 28-50 milyon tona qədər aşağı düşəcək. Bilirsiniz ki, Rusiya potensial neft ixrac edən ölkədir. Ekspertlərin həmin proqnozu baş verərsə, dünya bazarında neftin qiymətinin 118-120, bəzi mütəxəssis rəylərinə görə isə hətta 150 dollardan da o tərəfə keçmək imkanı var". Həmsöhbətimiz bildirdi ki, dünya bazarında neftin qiymətinin kəskin şəkildə qalxması Azərbaycanda sözsüz ki, neftdən gələn gəlirlərin artmasına səbəb olacaq. Amma xərclər də çoxalacaq: "Eyni zamanda, bu hal o demək deyil ki, neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan bundan kifayət qədər yararlanacaq. Bu belə deyil. Çünki, neftin qiymətinin bahalaşması ilə bərabər, eyni zamanda, mal-materialların, texnoliji avadanlığın, neft-qaz çıxarmada istifadə olunan riagentlərin, bütün xidmət sahələrinin qiymətlərinin də kəskin artması ilə müşayiət olunacaq. Bu fonda Azərbaycanın neftdən gələn gəlirləri çoxalacaq. Amma eyni zamanda, xərclərimiz də bir o qədər artacaq. Hesab etməyin burada neft ixrac edən ölkələr böyük gəlirlər əldə edəcək. Həmçinin, Avropadakı neft emalı zavodlarının böyük hissəsi bu halda öz fəaliyyətini dayandıracaq. Bu amil isə rentabelliklə bağlıdır. Keçən ildən başlayaraq, son bir neçə aydır ki, Avropadakı neft emalı zavodlarının bir çoxu gəlir olmadığından öz fəaliyyətini dayandırdı. Ona görə də, neftin belə kəskin bahalaşması ehtimalının reallaşması heç də yaxşı hal olmayacaq. Bu hal həm Avropa, həm də iqtisadi cəhətdən inkişaf etmiş Asiya ölkələrinin iqtisadiyyatına ciddi zərbə vuracaq".

Ekspert İlham Şaban isə neftin qiymətinin bütün hallarda kəskin bahalaşacağını düşünmür: "Bu, tamamilə mümkünsüzdür. Çünki Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar bu ölkə neft və qazının ixracına aid deyil. Sanksiyalar Rusiyanın enerji sahəsinə, dövlət neft şirkətlərinə, qabaqcıl texnologiyaların satışına tətbiq olunan sanksiyadır. Bu da çətin çıxarıla bilən neft hasilatı, onun kəşfiyyat işləri, qazma məsələlərində, məsələn, Arktik şelfdə maye qazın platformasının tikintisində müasir texnologiyanın tətbiqinin əngəlləməsini nəzərdə tutur. Çünki Rusiya belə texnologiyalara malik deyil və təkbaşına onu reallaşdırması üçün on illiklər keçə bilər. 3,7 trilyon kubmetrlik qaz ehtiyatına malik "Ştopman" layihəsini Rusiya təkbaşına icra etmək gücündə deyil. Nə "Qazprom", nə "Rosneft" və digər Rusiya şirkətləri birgə olsa da onu reallaşdıra bilməyəcək. Bu baxımdan Rusiya neftini satacaq, qazını ixrac edəcək. Belədə, Rusiya nefti dünya bazarına çıxarılmaqda davam edəcəksə, "qara qızıl"ın qiyməti niyə qalxsın ki? Əslində, son sanksiyalardan sonra neftin qiyməti 107 dollar ətrafında fırlanır və bu qiymət düşməkdə də davam edir".
Sizin Reklam Yeriniz