Əlaqə Arxiv
news Image
2014.08.01
08:42
| A A A
F-16 qırıcılarının alınması yenidən aktuallaşdı
Üzeyir Cəfərov: "Azərbaycanın maliyyə imkanları hər şeyin mümkün olduğunu göstərir" Emin Həsənli: "Türkiyə və İsraillə hərbi sahədə əməkdaşlıq əvvəllər də olub, gələcəkdə də olacaq"

Torpaqları işğal altında olan Azərbaycan günü-gündən öz ordusunu gücləndirir. Azərbaycan ordusu ən müasir silahlarla təmin edilir. İqtisadi baxımdan ölkəmizin gücünün artması eyni zamanda, onun hərbi büdcəsinin də artmasına gətirib çıxarır. Ölkəmiz hərbi sahədə son illər daxili istehsalı da artırıb. Artıq 750 adda hərbi ləvazimatlar ölkə daxilində istehsal olunur. Bundan başqa, Azərbaycan çoxsaylı ölkələrdən hərbi texnikanın, xüsusən də ağır hərbi texnika alışını həyata keçirir. Məsələn, Azərbaycan Rusiya istehsalı olan çoxlu hərbi texnika, o cümlədən təyyarələr alıb. Bundan başqa, ölkəmiz Pakistan, Çin və Cənubi Koreyadan da hərbi təyyarələr almaq niyyətindədir. Onu da qeyd edək ki, Azərbaycan həmçinin, Türkiyə və İsraillə də hərbi texnikanın alınması sahəsində ciddi əməkdaşlıq edir. Görəsən, mövcud şəraitdə, Türkiyə və İsraildən də qırıcı təyyarələr, xüsusən F-16-lar alınması mümkündürmü?

Hərbçi-ekspert Üzeyir Cəfərov nəzəri baxımdan hər şeyin mümkün olduğunu bildirdi: "Azərbaycanın maliyyə imkanları hazırda yetərincədir. Bu da ölkəmizə imkan verir ki, ordu üçün kifayət qədər silah-sursat, hərbi texnika alsın. Amma praktik baxımdan, yəni həmin texnikaları işlədə biləcək mütəxəssislərin olması və onların saxlanılması uzun bir prosesdir. Tədricən bu prosesə keçmək olar. Hazırda ölkəmizin Türkiyə, İsrail, Pakistan, NATO ölkələrindən Bolqarıstan, Rumıniya, keçmiş sovet ölkələrindən Belarus və Ukrayna timsalında bu istiqamətdə tərəfdaşlarımız var. Zaman-zaman Azərbaycan bu ölkələrdən silah-sursat alır ki, onların arasında texnika da var. Hərbi təyyarələrə də gəldikdə, çalışmalıyıq ki, onun ən müasirlərini əldə edək. Bu yaxınlarda YAK-130 döyüş təlim təyyarələrinin alınmasından söhbət getdi. Belə vəziyyət pilotlarımızın müasir 5-ci nəsil təyyarələri idarə edə bilməsindən xəbər verir. Eyni zamanda, həmin uçuş hərbi təyyarələrin yerüstü hədəflərin məhvi zamanı istifadəsindən də söhbət gedə bilər. Azərbaycan Silahlı Qüvvələrində olan keçmiş sovet dövründən qalma Su, Miq kimi təyyarələrdən tədricən imtina etməyin zamanıdır. Bu yaxınlarda bildiyiniz kimi, müdafiə nazirinin müavini jurnalistlərlə görüşündə bildirdi ki, Azərbaycanın yolu NATO yoludur. Bu yolu seçiriksə, sözsüz ki, burada NATO tələblərinə cavab verən hərbi texnika, döyüş aviasiyasından istifadə etməliyik. Artıq bu prosesə start verilib, baxaq görək davamı neçə olacaq. Bu fonda Türkiyə və İsraildən də qırıcı təyyarələrin alınması lazımdır. Hər halda, bu məsələ öz həllini tapsa, prosesdən udan Azərbaycan Silahlı Qüvvələri olacaq".

Digər hərbçi ekspert Emin Həsənli də məsələyə müsbət yanaşdı: "Azərbaycan hərbi texnika, o cümlədən hərbi təyyarələrin alınması məsələsində milli, dövlət maraqlarını önə çəkir və bu işdə də müstəqil siyasət yeridir. Ölkəmiz bütün inkişaf etmiş ölkələrlə ikitərəfli əməkdaşlıq edir ki, müstəqilliyi qorunsun. Təbii ki, ölkəmiz mövcud şəraiti, qonşularla münasibətləri də nəzərə alır. Azərbaycan hazırda, Türkiyə, Ukrayna, Belarus, Rusiya, Pakistan, Koreya və digər dövlətlərdən də silah-sursat alır. Bu istiqamətdə əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək. Eyni zamanda, Azərbaycan özü də silah istehsal edir. 750 adda silah buraxırıq və bu proses də dərinləşir. Günün tələbləri var və ona uyğun olaraq da Azərbaycan Ordusunun silahlanması, müasir texnika və aviasiyanın, hərbi donanmanın olması ölkəmizin milli marağındadır. İqtisadiyyatımız da güclüdür. Buna uyğun olaraq, Azərbaycan Ordusu da daim gücləndirilir. Biz işğala məruz qaldığımızdan həm ərazi bütövlüyümüzü bərpa etməliyik, həm də güclü dövlət olmaq üçün güclü ordunun olması da vacib şərtlərdəndir. Müasir ordusu, qabaqcıl hərbi texnikası, əsgərin mənəvi-psixoloji və döyüş hazırlığı olmadan güclü ordu da ola bilməz. Güclü ordunun olmaması həm də güclü dövlətin olmaması anlamına gəlir. Ona görə də Prezident praqmatik siyasət yeridərək Azərbaycanın milli maraqlarını güdür. Ali Baş Komandan olaraq ordunun güclü olması üçün bütün addımlardan istifadə edir. Bu səbəbdən də hər il Azərbaycanın hərbi büdcəsi də artır. Hərbçilərin sosial problemlərinin yaxşılaşdırılması, əmək haqlarının artırılması istiqamətində də ardıcıl addımlar atılır. Bunlarla bahəm, ordunun silahlanması prosesi də öz axarı ilə gedir. Türkiyə və İsrail kimi dövlətlərlə hərbi sahədə əməkdaşlıq əvvəllər də olub, gələcəkdə də olacaq, həmçinin hərbi təyyarələrin alınması istiqaməti üzrə də. Gələcəkdə, bu əməkdaşlıq dərinləşəcək. Bu məsələlər ölçülüb-biçilir".

Sizin Reklam Yeriniz