Əlaqə Arxiv
news Image
2012.07.14
11:35
| A A A
Ali məktəblərə qəbul imtahanları keçirilir
Ali məktəblərə qəbul imtahanları başlayır Bu gün Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanları keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, imtahan respublikanın 6 şəhərində - Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2361 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 220 imtahan rəhbəri cəlb olunub. 
İmtahanın gedişini işıqlandırmaq üçün TQDK-da 70-dək KİV nümayəndəsi qeydiyyatdan keçib. III qrup üzrə imtahan verən 30831 abituriyentdən 28151 nəfəri Azərbaycan, 2680 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 8280 nəfərini oğlanlar, 22551 nəfərini isə qızlar təşkil edir. 16028 nəfər orta ümumtəhsil məktəblərinin bu ilki, 12363 nəfəri əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 135 abituriyent xarici ölkələrin vətəndaşıdır. 183 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 2257 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı, ən gənc isə 1997-ci ildəndir. Bakıda 17797, Naxçıvanda 2140, Gəncədə 3585, Sumqayıtda 3600, Şəkidə 1846, Lənkəranda 1863 abituriyent imtahan verir.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlayacaq və 3 saat ərzində aparılacaq. 
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Saat 19.00-da "Space" telekanalında canlı yayımlananan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları açıqlanacaq. İmtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın saytında da yerləşdiriləcək. III ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatları həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər. 
III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və Qabiliyyət İmtahanı Komissiyasında (QİK) qeydiyyatdan keçən abituriyentlər iyulun 18-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər. 
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssislərinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə bilərlər.
Sizin Reklam Yeriniz