Əlaqə Arxiv
news Image
2014.10.17
08:37
| A A A
Müsavatın parçalanması sürətlənir
Tahir Kərimli: “Bundan sonra da Müsavat Partiyasından aşınmalar kütləvi xarakter alacaq” Niyaməddin Orduxanlı: “Hazırda həmin partiyanın parçalanması prosesi gedir”

Proqnozlar özünü tam şəkildə doğrultmaqdadır. Artıq Müsavat Partiyası da parçalanır, burada başlanan istefa dalğasının daha da böyüməsi gözlənir. Partiyanın son qurultayından sonra öncə fərdi qopmalar yaşanırdısa, bu dəfə Müsavatın bir rayon təşkilatı tam heyəti ilə istefaya getdi. Xəbər verildiyi kimi, 15 oktyabr tarixində Müsavat Partiyasının Tovuz rayon təşkilatı tam tərkibdə partiyadan istefa verib. Faktı Tovuz rayon təşkilatının sədri Mir Yaqub Ağamirli təsdiqləyib. Keçmiş sədr bunu qurultay ərəfəsində və qurultay sonra təşkilat daxilində baş verənlər, təşkilat rəhbərliyinin demokratik prinsipləri tapdalaması ilə izah edir.

Xatırladaq ki, bundan əvvəl də bir sıra qopmalar olub. Hətta artıq narazı müsavatçlar Siyasi Dialoq və İslahatlar Mərkəzi adlı yeni təşkilat yaradıblar. Siyasi şərhçilərin fikrincə, belə ayrılmalar hələ bir müddət davam edəcək. Vəhdət Partiyasının yaradıcısı və sədri Tahir Kərimli bildirdi ki, partiyadan uzaqlaşmaq üçün qurultayı gözləyən müsavatçılar var idi: "Müsavat Partiyasının qurultayının ləngitilməsinin səbəblərində biri də bu amil olub. Çünki, artıq illərdir, hakimiyyətə uduzmuş, hətta özünü toparlamaq gücündə olmayan təşkilatda qalmaq istəmirlər. Sadəcə olaraq, tərk etmək üçün əllərində bir əsas olmasını istəyirdilər. Ona görə də qurultay onlar üçün bəhanə oldu. Guya əks tərəflər qalib gəlsəydi, nə olacaqdı? Təbii ki, onda da qopmalar olacaqdı. Yəni, partiyadan uzaqlaşmaq istəyi lap əvvəldən var idi. Getdikcə Müsavat Partiyanın bazası, lideri o dərəcə zəifləmişdi ki, partiya iclas keçirə bilmirdi. Özlərinin qurultayını təşkil edə bilmirdilər. Bundan başqa, fərdi intirqalar o qədər güclənmişdi ki, bir-birilərinə itthamdan belə çəkinmirdilər. Bunu sosial şəbəkələrdə görə bilərik. Ona görə də Tovuz təşkilatının tam heyətinin istefa verməsi zəruri bir nəticədir. Proqnoz isə ondan ibarətdir ki, bundan sonra da Müsavat Partiyasından aşınmalar kütləvi xarakter alacaq. Artıq Müsavat bir partiya kimi özünü itirməkdədir. AXCP və Müsavat Partiyasının yeganə gücü onların tarixi adlar daşımalarındadır. İndiki heyət heç vaxt onları xilas etmək gücünə malik deyil. Yəni, qopmalar, istefalar davam edəcək".

Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı da Müsavat Partiyasında baş verən hadisələrin gözlənilən olduğunu bildirir: "Bu partiyanı yaradan şəxs İsa Qəmbərdir. İsa Qəmbər isə partiyanı özünə yaxın ətrafla formalaşdırıb. Partiyanın özəyi İsa Qəmbər olduğundan onun sədrlikdən uzaqlaşması partiyada parçalanmaların əsası qoydu. Çünki, orada İsa Qəmbəri əvəz edəcək ikinci bir şəxs yoxdur. Hazırda həmin partiyanın parçalanması prosesi gedir. Bu, gözlənilən hal idi. Çünki, Müsavat Partiyası nə Məhəmməd Əmin Rəsulzadənin yaratdığı partiyadır, nə də onun varisidir. Müsavat Partiyası Elçibəy hakimiyyətinə ən böyük zərbə vurub, hökuməti parçalayan İsa Qəmbərin yaratdığı bir partiyadır. Onun da aqibəti belə olmalı idi. İsa Qəmbər 22 ildə partiyada heç bir uğura imza atmadı. Azərbaycan siyasi tarixinə məğlub siyasətçi kimi düşdü". Beləliklə, bu dəfə Müsavat artıq bir neçə yerə parçalanmış AXCP-nin taleyini yaşayır.

Sizin Reklam Yeriniz