Əlaqə Arxiv
news Image
2014.11.27
09:40
| A A A
Cəbhə zonasında yüksək döyüş hazırlığı
Ekspertlər müdafiə nazirinin cəbhə bölgəsinə tez-tez baş çəkməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirirlər

Müdafiə naziri yenidən cəbhə bölgəsindədir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, noyabrın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov döyüş hazırlığının yoxlanılması məqsədilə cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrdə olublar. Cəbhənin ön xəttində yerləşən ümumqoşun və artilleriya təlim mərkəzində olan müdafiə naziri taktiki məşqləri və kəşfiyyat bölmələrinin hazırlığını yoxlayıb. Raket və artilleriya qoşunlarının hərbi hissəsində olan nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığı, hərbi texnikanın döyüş imkanları, qərargahlar tərəfindən tapşırıqların icrası, həmçinin hərbi hissələrin idarəetmə fəaliyyəti və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb.

Qeyd edək ki, müdafiə nazirinin və digər generalların cəbhə bölgəsinə səfəri nəzərəçarpacaq dərəcədə intesivləşib. Bundan əvvəl də nazir və onun birinci müavini cəbhənin digər bölgələrində səfərdə oldular. Bu fonda növbəti gedişlərin olacağı da istisna edilmir.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirir ki, nazirin, o cümlədən o sahədə cavabdeh olan şəxslərin tez-tez cəbhəyə getməsi çox yaxşı haldır: "Bu, vəziyyətin real, yerində qiymətləndirməsi baxımından vacibdir. Hazırda həssas məqamdır. Həm cəbhədə baş vermiş vertolyot hadisəsi, həm də beynəlxalq güclərin Dağlıq Qarabağ mövzusunda tutduğu ədalətsiz mövqe bu məsələləri gündəmə gətirib. Bu baxımdan nazir həm yerində lazım olan göstərişləri verir, həm də yerində infrastrukturu görür. Təlim zamanı şəxsi heyətə Azərbaycanın aldığı yeni silahlardan istifadə öyrədilir. Bu isə müharibənin əsas şərtlərindən biridir. Artilleriya və quru qoşunların hərəkətlərini koordinasiya edən bəzi tapşırıqlar yerinə yetirilir. Bunlar da çox uğurlu nəticə verib".

Ekspert əlavə etdi ki, nazirini budəfəki səfəri zamanı ikinci dəfədir Rusiyadan alınan od saçan silahın yoxlanılması həyata keçirilib: "Bundan əvvəl isə cəbhənin başqa bir istiqamətində həmin silahdan istifadə olunmuşdu. Ancaq bütün bunlara genişmiqyaslı əməliyyatlara başlanılacağı kimi qiymət verməyək. Eyni zamanda vertolyotun vurulmasından sonra ermənilərdən istənilən təxribatı da gözləmək olar. Buna görə Azərbaycan Silahlı Qüvvələri təxribatların qarşısını almaq üçün hazır olmalıdırlar. Bildiyimiz kimi, bundan əvvəl Hərbi Dəniz Qüvvələrinin də təlimi keçirildi. Bütün bunlar həm ilin yekunu, həm döyüş hazırlığının vəziyyətinin real yoxlanılması baxımındandır. Əsgər və zabitlərin döyüş hazırlığının yüksəldilməsi baxımından reallaşan təlimlərdir".

Ekspertin fikrincə, bu gün cəbhəyə əlavə qüvvənin toplanmasına ehtiyac yoxdur: "Çünki, hər bir hərbi birləşmənin öz ehtiyat hissələri var. Cəbhədə hazırda kifayət qədər şəxsi heyət toplanıb. Yəni, cəbhədə heç bir çətinlik yoxdur. Yerlərdə olan hərbi hissələr və ehtiyat hərbi hissələr döyüşə hazır vəziyyətdədir. Döyüş tapşırıqlarını yerinə yetirmək üçün heç bir çətinlikləri yoxdur".

Digər hərbçi-ekspert Azad İsazadə isə bu səfər adi sıradan olan bir səfər hesab etmir: "Vertolyotun vurulmasından sonra cəbhədə vəziyyət gərgin olaraq qalmaqdadır. Ermənilər hansısa formada əvəz çıxmağa çalışacaqlar. Odur ki, səfərin əsas məqsədi cəbhədəki qoşunların döyüş hazırlığını yoxlamaq və yaranan gərginliyi aradan qaldırmaqdır. Ancaq bütün hallarda bu gün üçün cəbhəyə əlavə qüvvələri toplamağa lüzum yoxdur. Çünki, cəbhə zonasında onsuz da kifayət qədər qüvvəmiz var".

Sizin Reklam Yeriniz