Əlaqə Arxiv
news Image
2014.11.29
08:56
| A A A
Qafqazda İŞİD təhlükəsi artır
Arzu Nağıyev: “Belə radikal regionda olmaları Azərbaycanın təhlükəsizliyinə olan təhdid risklərini artırır” Araz Aslanlı: “Rusiyanın və Azərbaycanın imkanlarına baxsaq, həmin qrupların uğur qazanma ehtimalları yoxdur”

İraq və Suriyada böyük ərazilər ələ keçirib "İslam Dövləti" qurduğunu elan edən İŞİD terror qruplaşması Qafqazda da mövqelərini möhkəmləndirməyə başlayır. İŞİD Azərbaycanın şimal sərhədi yaxınlığında özünə müttəfiq tapıb. Belə ki, Dağıstanda fəaliyyət göstərən radikal islamçı yaraqlıların lideri "əmir Süleymanın" internetdə yayılmış videomüraciətində onun İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içdiyi məlum olur. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Frans Klintseviç "əmir" Süleymanın əl-Bağdadiyə müraciətini şərh edərkən bildirib: "Bu, hadisələrin təhlükəli inkişafıdır, olduqca ciddi problemdir. Bu fakt daha sistemli işin başladığını, yəni "İslam dövləti"nin xərçəng şişi kimi Şimali Qafqazda yayıla biləcəyini göstərir".

Təbii ki, bütün bunlar Qafqazın digər ölkələri üçün də təhdid predmetiən çevrilə bilər. Trendin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev bildirir ki, İŞİD-in tərəfdarlarının və onlara qoşulmaq istəyi olan dini-ekstremist qruplar dünyanın hər yerində var: "Bu qrupların bəziləri maliyyə dəstəyi almaq, bəziləri bir nömrə "sayılan" terror qrupu kimi gündəmə gəlmək üçün müxtəlif manevrlər edirlər. Əlbəttə ki, Şimali Qafqazda, yəni, Dağıstanda və Çeçenistanda bunların baş qaldırması və bizim sərhədlərə yaxın olması təhdidin atrması deməkdir. Məlumdur ki, Dağıstan və ümumiyyətlə, Şimalı Qafqaz ərazisində, yəni Azərbaycanın Rusiya ilə həmsərhəd ərazilərində belə radikal, ekstremist dini qruplar keçən əsrin 90 –cı illərindən mövcuddurlar və "islamın ilkin təşəkkül dövrü"nə qayıtmaq adı ilə silahlı terror və digər hərbi əməliyyatlar aparlırlar. Əlbəttə ki, belə radikal qrupların - İŞİD, "Əl –Qaida", "Ceyşullah", "Hizbut Təhrir", "Hizbullah" və digərlərinin regionda olmaları Azərbaycanın təhlükəsizliyinə olan təhdid risklərini artırır. Eyni zamanda, bu qrupların tərkibində bizim həmvətənlərimiz var. Həmin şəxslər təhlükəyə çevrilə bilərlər. Bu təhlükələr də istənilən vaxt təhdidə çevrilə və daxili sabitliyə təsir edə bilər. Ancaq bununla əlaqədar hər bir dövlətin, eyni zamanda Azərbaycanın da xüsusi hazırlanmış fəaliyyət planı var və mütəmadi olaraq biz həyata keçirilən belə tədbirlərin şahidi oluruq. Yəni bu gün, bu sahədə mübarizə qənaətbəxş səviyyədədir. Əlbəttə ki, bu, mürəkkəb, ağır bir sahədir. Həmin qrupları aşkarlamaq, öyrənmək, araşdırmaq lazımdır. Bu isə çətin, ağır və zəhmət tələb edən bir işdir. Lakin bütün bunlara baxmayaraq, demək olar ki, Azərbaycanda bu mübarizə normal səviyyədə qurulub və həyata keçirilir".

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı radikal yaraqlıların region üçün yenilik olmadığını bildirdi: "Xüsusi ilə Əfqanıstanda Sovet işğalı başa çatandan sonra İslam adı altında silahlı mübarizə daha çox Şimali Qafqaza məxsus oldu. ABŞ-ın İraqa müdaxiləsi, Taliban məsələsindən sonra radikal qrupların fəaliyyəti bir az da qlobal xarakter almağa başladı. İŞİD-ə qədərki proseslərə görə, İŞİD-in regionda özünə dayaq tapması təsadüfi deyil. Yəni, bu, gözlənilən idi. İŞİD-in tərkibində də Qafqazdan olan şəxslər var. Bunların artıq regiona daşınması təsadüfi deyil. Ərazidə hansısa qüvvələr İŞİD-ə biət etdiklərini elan edə bilərlər. Amma Rusiyanın və Azərbaycanın imkanlarına baxsaq, həmin qrupların uğur qazanma ehtimalları yoxdur. Əvvəldən müəyyən bünövrə olduğu üçün həmin bünövrəyə nəsə əlavə edə bilərlər. Terrordan heç bir ölkə tam sığortalanmayıb. Amma İŞİD bizim region üçün böyük təhlükə yaradacaq iqtidarda deyil. Dağıstanda hansısa "əmir"in ona biət etməsi bizim üçün yenilik sayılmamalıdır. Onsuz da Şimalı Qafqazda müxtəlif silahlı qüvvələr döyüşüblər. Soçi Olimpiadası dövründə belə, hətta Rusiyanın daxilində müəyyən aktlar həyata keçirə bildilər. Amma bunun Cənubi Qafqazda müəyyən bir səviyyəni keçməsi, İraqda, Suriyadakı həddə çatması gözlənilən deyil".

Sizin Reklam Yeriniz