Əlaqə Arxiv
news Image
2012.04.12
12:05
| A A A
Təhlükəsizlik kəmərindən istifadə etməyən sərnişinlər də cərimələnə bilər
“Hər hansı bir yol qəzası zamanı təhlükəsizlik kəmərindən istifadə edən şəxsin sağ qalma ehtimalı 70-75 faiz təşkil edir” Təhlükəsizlik kəməri insanların həyat və sağlamlığının qorunması üçün nəzərdə tutulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Gün.Az-a açıqlamasında bildirib ki, təhlükəsizlik kəmərlərindən istifadə etməyən sürücülər və sərnişinlər İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnir və sürücünün də vəzifə borcudur ki, bunu təmin etsin.
"Avtomobildə istər qabaqda, istərsə də arxada oturanların hamısı təhlükəsizlik kəmərlərindən istifadə etməlidir. Qeydə alına biləcək yol hadisəsi zamanı təhlükəsizlik kəmərindən istifadə edilməsi sürücü və sərnişinlərin həyat və sağlamlığının qorunmasıdır. Ona görə də bu gün dünyanın hər bir inkişaf etmiş ölkəsində təhlükəsizlik kəmərindən istifadə etməyənlər maksimum cərimələnir" – deyə, V.Əsədov bildirib.
Şöbə rəisi cərimələrlə bağlı məsələyə toxunaraq qeyd edib ki, bir neçə gün bundan öncə Azərbaycan Milli Məclisi cəzaların sərtləşdirilməsi ilə əlaqədar qərar qəbul etdi ki, bu da cərimələrin sayının azaldılmasına xidmət edir. "Qərarda bir sıra cərimələr, həmçinin təhlükəsizlik kəmərindən istifadə edilməməsinə görə cərimələr artırıldı. Qərara əsasən bu cərimə 20 manatdan 40 manata qaldırıldı. Sərnişinlər isə 10 manat cərimə olunur. Amma ola bilər ki, yenə dəyişiklik olsun". V.Əsədovun sözlərinə görə, hər hansı bir yol qəzası zamanı təhlükəsizlik kəmərindən istifadə edən şəxsin sağ qalma ehtimalı 70-75 faiz təşkil edir. Bu istiqamətdə təbliğat aparılmalı və insanlara başa salınmalıdır ki, yol polisini aldatmaq xatirinə təhlükəsizlik kəmərini elə-belə üstünə atanlar bilsinlər ki, onlar ancaq özlərini aldadırlar".

Sizin Reklam Yeriniz