Əlaqə Arxiv
news Image
2012.04.12
12:26
| A A A
Siyasi partiyalar xarici asılılıqdan xilas olur?
Yayılan məlumatlara görə, partiyalara ayrılacaq vəsaitin məbləği 10 milyon manata yaxın ola bilər

Məlumat verildiyi kimi bu günlərdə Milli Məclisdə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Siyasi partiyalar haqqında" qanuna dəyişiklər müzakirə edilib. Yeni qanun layihəsində təklif olunan dəyişikliklər, partiyaların maliyyələşdirilməsinin dövlət büdcəsindən olması, partiyaların asılılığı və fəaliyyətinə xitam verilməsi barədədir.

Heç şübhəsiz ki, maraq doğuran məqamlardan biri "Siyasi partiyalar haqqında" qanun layihəsinə təklif edilən əlavə və dəyişikliklərdə partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlıdır. Artıq məsələ parlamentin plenar iclasına tövsiyə olunub. Təkliflərə əsasən siyasi partiyalara ayrılacaq maliyyənin onda biri, partiyanın irəli sürdüyü namizədlərin Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.
Vəsaitin 40 faizi isə parlamentdə təmsil olunan siyasi partiyalar arasında, qalanı isə deputatlarının sayına uyğun olaraq bölünür. Ümumilikdə vəsaitlər siyasi partiyalara müvafiq icra hakimiyyəti tərəfindən bank hesabına rüblər üzrə köçürülür. Partiyalar dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdikdə, həmin vəsait dövlət büdcəsindən qaytarılır.
Bu məsələ 2008-ci ildən aktualdır. Prezidentin Administrasiyasının  rəhbəri Ramiz Mehdiyevin 3 il bundan əvvəlki "Azərbaycan - 2003-2008: reallığa çevrilən qeyri-adi zaman (Zaman və sürətə qısa fəlsəfi baxış)" məqaləsində bildirib ki, "siyasi partiyaların xarici dövlətlərin müxtəlif qurumlarının maliyyələşdirməsinin qarşısını almalıdır, çünki "pul verən, musiqini də sifariş edir".
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da ötən ilin sonlarında bildirmişdi ki, siyasi partiyaları xarici və daxili asılılıqdan xilas etməyin vaxtı çatıb. Onun sözlərinə görə, dövlət öz imkanlarından istifadə edərək partiyaların maliyyələşməsini öz üzərinə götürə bilər. Artıq bu reallaşır.
Bununla bağlı layihənin Milli Məclis komitəsində müzakirəsi zamanı YAP icra katibi Əli Əhmədov deyib ki, 45.6 faiz onları qane etmir. Əli Əhmədova görə, parlamentdəki 125 deputatdan 84-ü partiya nümayəndələridir ki, onun da 71 nəfəri YAP-ın, 13-ü isə digər 11 partiyanın üzvüdür. YAP icra katibinə görə, əslində büdcədən siyasi partiyalara ayrılan vəsaitin 80-84 faizi YAP-ın payına düşməlidir.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə siyasi partiyaların formalaşması baxımından büdcədən maliyyələşməni pozitiv yanaşma sayır. Amma təklif edir ki, parlamentdə yer tutmasından asılı olmayaraq, son seçkilərdə iştirak edən 17 partiyanın hamısı büdcədən maliyyələşsin. Ümid Partiyasına düşəcək vəsaitə gəlincə, İqbal Ağazadə deyir ki, bu, 5 faizdən artıq olmayacaq: "Bizə 4 faiz 40 faizdən düşür, 1 faiz də 50 faizdən düşür".
Hakimiyyətyönlü Ana Vətən Partiyasının (AVP) sədr müavini, deputat Zahid Oruc "Azadlıq" radiosuna açıqlamasında bölgünü müsbət qarşılayır. Deyir, ən azından bu, partiyaları xarici asılılıqdan qurtaracaq və "çirkli pullar"ın partiyaya yol tapmasının qarşısını alacaq. Bununla belə o, hesab edir ki, bütün partiyaları qane edəcək modelin tətbiqi qeyri-mümkündür. Partiyalara ayrılacaq vəsaitin məbləği barədə hər hansı rəsmi rəqəm açıqlanmır. Bu arada yayılan  məlumatlara görə, bu, 10 milyon manata yaxın ola bilər.
Zahid Oruc bununla bağlı bildirilir: "Qeyri-rəsmi söhbətlər danışılır. Amma onun dəqiqləşdirilməsinə ehtiyac var. Bildiyimiz odur ki, may ayında büdcəyə transfer gözlənilir və həmin vəsaitlər içərisində partiyaların maliyyələşməsinə yönəlik müddəa olacaq".
Dünya ölkələrində siyasi partiyaların maliyyələşməsi ilə bağlı müxtəlif təcrübələrin olduğunu deyən ekspertlər isə  qeyd edib ki, həmin ölkələrin daha çox istifadə etdikləri əsas model siyasi partiyaların seçkilərdə iştirakı, qazandığı səslərin sayıdır. Bəzi ölkələrdə isə bunu parlamentdəki təmsilçiliklə müəyyən edirlər. Ölkələrin 90-95 faizində partiyaların fəaliyyəti seçki ilə əlaqələndirilir. Seçkidə iştirak etməyən partiyalar maliyyələşdirilmədən avtomatik kənarlaşdırılır. Azərbaycanda tətbiq olunacaq modeldə də partiyaların seçkilərdə iştirakı əsas prinsiplərdən biri kimi nəzərə alınıb.


Əsgər CAVADOV
Sizin Reklam Yeriniz