Əlaqə Arxiv
news Image
2012.08.10
09:01
| A A A
Manat və ya rubl MDB-nin vahid valyutası ola bilər
Vüqar Bayramov: “Avrozonada baş verən böhran MDB-də vahid valyutanın yaradılması məsələsini müəyyən qədər arxa plana keçirdi” Samir Əliyev: “O ölkə valyutası vahid valyuta ola bilər ki, həmin ölkə iqtisadiyyatında difersifikasiya olsun”

Avrozonada baş verən iqtisadi böhran valyuta məzənnəsinə də təsirsiz ötüşmür. Belə ki, dünya maliyyə bazarında aparıcı valyuta olan ABŞ dolları və avro arasında həm rəqabət gərginləşib, həm də hər iki valyutanın məzənnəsinin düşməsi halları baş verir. Sözügedən valyutaların dönərliliyi artıq kritik həddə çatdığından gündəmə MDB ölkələrin də vahid valyutasının yaradılması gəlib. Burada əsas namizəd kimi rus rublu göstərilir. Amma bəzi ekspertlər tərəfindən MDB-də belə valyuta kimi Azərbaycan manatının olması da mümkün sayılır.

Belə olan təqdirdə MDB-də vahid valyutanın yaradılacağı anda bunun rus rublu yoxsa, Azərbaycan manatı olması əsas prioritet mövzusuna çevrilir.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, Vladimir Putinin prezident kimi yenidən rəhbərliyə qayıtmasından sonra MDB-də azad iqtisadi zonanın, eləcə də gömrük ittifaqının yaradılması fonunda MDB zonasında vahid valyutanın dövriyyəyə buraxılması gündəmə gəlib: "Təbii ki, avrozonada baş verən böhran MDB-də vahid valyutanın yaradılması məsələsini müəyyən qədər arxa plana keçirdi. Çünki, məhz belə bir yanaşma formalaşdı ki, Avropanın inkişaf etmiş ölkələri vahid valyutanın yaradıb, onun dövriyyə məzənnəsini qoruyub saxlaya bilmirsə, o zaman zəif inkişaf etmiş ölkələri olan MDB-də vahid valyutanın dövriyyəyə buraxılması və saxlanılması çətin olacaq. Ona görə hətta Rusiyanın özündə belə bu məsələyə yanaşma kifayət qədər birmənalı deyil. Çünki, nəzərə almaq lazımdır ki, Rusiya vahid valyutanın dövriyyəyə buraxılmasını həm iqtiadi, həm də siyasi alət kimi nəzərdə tutulub. Bunun siyasi aləti ondan ibarətdir ki, Rusiya MDB valyutasını fomalaşdırmaqla ölkələrin həm iqtisadi, həm də siyasi baxımdan bir-birinə inteqrasiyasına nail olmağa çalışır. Bu da son nəticədə Rusiyanın həmin ölkələrə təsiri imkanlarını artıra bilər".

Ekspert yaxın vaxtlarda MDB-də vahid valyutanın yaradılmasının mümkün olmadığını bildirir: "Çünki, hələlik bunun üçün real resurs yoxdur. Son zamanlar MDB -nin daxilində gedən iqtisadi əlaqələr xeyli zəifləyib. Bu baxımdan da vahid valyutanın dövriyyəyə buraxılması xeyli çətinləşib. İkincisi, vahid valyutanın dövriyyəyə buraxılması zamanı Avropa Birliyində olduğu kimi MDB Mərkəzi Bankının yaradılması məsələsi də var. Əgər valyuta dövriyyəyə buraxılırsa, hökmən dövriyyəyə buraxılan valyutanı tənzim edəcək bir qurum olmalıdır. Bu qurumun da Rusiyanın Mərkəzi Bankı olması mümkün deyil".

Vüqar Bayramov qeyd etdi ki, Azərbaycan manatının MDB-nin vahid valyuta olması praktiki olaraq mümkün deyil: "Həm də bu, Azərbaycanın maraqlarına uyğun deyil. Çünki, bu, Azərbaycan dövlət rezevrlərinin MDB vahid valyuta dükanında həzm edilməsinə gətirib çıxara bilər. Həm də onu da nəzərə alaq ki, Azərbaycanın MDB-də digər ölkələr ilə konflikti var. Azərbaycan ərazisi işğal olunub. O baxımdan manatın praktiki olaraq MDB-də vahid valyuta olması mümkün deyil. Amma MDB - də vahid valyuta yaradılarsa, Azərbaycan birmənalı şəkildə həmin rejimdə iştirak etməməlidir. Çünki, MDB vahid valyuta rejimi uzunmüddətli dövr üçün heç də davamlı və dayanıqlı deyil. Ona görə ki, MDB ölkələrində inkişaf templəri müxtəlifdir. İnkişaf templəri müxtəlif olduğu üçün bir ölkədəki böhran MDB valyutasının dəyərinin kəskin azalmasına gətirib çıxara bilər. Eyni zaman da nəzərə alsaq ki, digər əsas oyunçular-Avropa və ABŞ həmin valyutanın məzənnəsinin aşağı düşməsində maraqlı olacaqlar. Ona görə də belə bir valyuta sistemi yaradılarsa, Azərbaycanın həmin valyuta sistemində olması onun maraqlarına uyğun deyil. Hətta MDB-də vahid valyuta sistemi yaradılarsa, o, Azərbaycan iqtisadiyyatına nə mənfi, nə də müsbərt təsir göstərəcək. Çünki, Azərbaycanın MDB ölkələri ilə iqtisadi əlaqələrində azalmalar baş verib. Həmçinin Azərbaycanın xarici gəlir dövriyyəsinin 65 faizi Avropa Birliyi ölkələrinin payına düşür".

İqtisadçı ekspert Samir Əliyev də qeyd edir ki, MDB-də vahid valyuta qismində rus rublu əsas götürülür: "Bu da Avropa Birliyinin alternativi olaraq MDB-də vahid valyutanın olması ilə müzakirələridir. Amma MDB-də vahid valyuta ola biləcək valyuta görmürəm. Əgər söhbət rus rublundan gedirsə, onun vahid valyuta olması mümkün deyil. O baxımdan ki, rus rublu avro, dollar kimi dönərli deyil. İkincisi, rus rublu xammal valyutası adlanır. Bu o deməkdir ki, dünyadakı neftin qiymətinin dəyişməsi birbaşa rus rubluna təsir göstərir. Ona görə də rus rublu iri iqtisadi məkanın vahid valyutası olmaq kimi vəzifənin öhdəsindən gələ bilməz. Məhz SSRİ kimi nəhəng dövlətin dağılmasının əsas səbələrindən biri neft oldu. Dünya bazarında əvvəl neftin qiyməti bahalaşdı və ondan sonra neftin qiyməti aşağı düşməklə SSRİ kimi məkan dağıldı. Yəni, bu gün yenə də həmin məqam yaranıb.

Nə rus rublu, nə də Azərbaycan mantı MDB-də vahid valyuta qismində iştirak edə bilməz. Digər MDB ölkələrinin vəziyyətləri də aydın görünür. Orta Asiya iqtisadiyyatından da danışmağa heç dəyməz. O baxımdan MDB-də belə bir təşəbbüs nəinki səmərə verməyəcək, ümumiyyətlə alınacağı mümkün deyil. O ölkə valyutası vahid valyuta ola bilər ki, həmin ölkə iqtisadiyyatında difersifikasiya olsun.".

Sizin Reklam Yeriniz