Əlaqə Arxiv
news Image
2012.08.30
08:07
| A A A
Tələbələr yenə yataqxana sarıdan əziyyət çəkirlər
Ali təhsil alanların yalnız bir- iki faizi yataqxananın imkanlarından yararlana bilirlər

Artıq dərs mövsümünün başlanmasına sayılı günlər qalsa da universitet yataqxanaları tələbələri qəbul etməyə heç də hazır deyillər. Ali təhsil almaq üçün bölgələrdən Bakıya gələn tələbələrin çoxu yataqxanada yer tapa bilmir. Bu il Bakı Dövlət Universitetin yataqxanasında cəmi 2 faiz tələbə qalacaq. Onu da qeyd edək ki, yataqxanalarda mövcud şəraitdə dərsə hazırlaşmaq olduqca çətindir.

Bakı Dövlət Universitetinin tələbə şəhərciyində 4 minə yaxın məcburi köçkün ailəsi məskunlaşıb. İstismar müddəti başa çatan yataqxanadakı şərait isə heç minimal tələblərə belə cavab vermir.

Hazırda universitetin yeni yataqxana kompleksinin tikintisi layihəsi üzərində işlər yekunlaşmaq üzrədir. Kompleksin 2019-cu ildə hazır olacağı gözlənilir. Prorektor Nəbi Ramazanlı bununla bağlı bildirib ki, məcburi köçkünlər köçürüldükdən sonra yataqxanalar sökülərək yeniləri ilə əvəzlənəcək. Bakı Slavyan Universitetinin isə 4 yataqxanasının 3-də məcburi köçkünlər məskunlaşıb. Universitetdən bildiriblər ki, boşaldıldıqdan sonra təhsil ocağının tələbələrinin yataqxana problemi həll oluna bilər. Azərbaycan Dövlət Neft Akademiyasında da oxşar vəziyyətdir. Tələbələrin yalnız bir-iki faizi yataqxananın imkanlarından yararlana bilir. Tələbə yataqxanalarında məskunlaşmaq heç 20 ilə yaxındır burada yaşamaq məcburiyyətində olan məcburi köçkünlərin də ürəyincə deyil. Bu problem dövlətin də diqqət mərkəzindədir. İlkin mərhələdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi nəzərdə tutulur. Ümumiyyətlə, tələbə yataqxanalarında məskunlaşan məcburi köçkün ailələrin yerləşdirilməsi üçün 9 rayonda tikinti işlərinin aparılması planlaşdırılır. Artıq 7 rayonda bu işlərə başlanılıb.

Hazırda isə ev məsələsi tələbələr üçün prioritet olaraq qalır. Bir çoxları özləri ev axtardıqları halda bəziləri makler vasitəsilə də ev axtarışına çıxırlar. Ev alqı-satqısı və kirayəsi ofisləri bildirir ki, tələbələr əsasən sentyabr ayının ilk on günlüyündə onlara müraciət edirlər. Bildirilir ki, tələbat daha çox "28 May" metrosu və "Elmlər Akademiyası" ətrafınadır. 80% müştərilər ümumiyyətlə, mərkəzə meyillidirlər. Tələbələr isə bu məsələdə üstünlük təşkil edirlər. Çünki universitetlərin bir çoxu deyilən ərazidə yerləşir. Daha çox 1 və 2 otaqlı evlərə ehtiyac olur.

Onu da bildirək ki, hər il adətən yay mövsümünə start verilən ərəfədə, daha doğrusu, tələbələrin yay sessiyası başa çatandan sonra paytaxtda və regionlarda evlərin və mənzillərin kirayə haqqı avtomatik olaraq düşür. Yeni tədris ilinə başlanılmaq ərəfəsində isə sözügedən icarə haqları yenidən qaldırılır. Problem təkcə bununla bitmir. Bəzi ev və mənzil sahibləri tələbələrə kirayəyə verəcəkləri obyektlərin ən azı 2 aylıq icarə haqqını öncədən tələb edirlər. Hələ bəzi tələbələr qalacaqları məkanın kirayə haqqı ilə yanaşı, kommunal xidmət haqlarını ödəməyə də məcbur edilir. Əsasən də elektrik enerjisi, "mavi yanacaq" və su üzrə təyin olunmuş tariflərin də ödənilməsi hesablananda 1 tələbənin aylıq xərci 300-400 manata başa gələcək. Tələbələrin geyim-keciminin və ayaqqabılarının qiymətlərinin minimum 100-200 manat, gündəlik azuqələrinin qiymətinin 10-20 manat, gedişhaqlarının isə 40 qəpik - 1 manat olduğunu nəzərə alsaq, 1 tələbənin normal yaşaması üçün 500 manatdan artıq pulun tələb olunduğunu müəyyənləşdirmək çətin deyil.

Ekspertlər isə bildirir ki, ən yaxşı vasitələrdən biri tələbə yataqxanalarının inşasına özəl sektoru da cəlb etməkdir. Müəyyən yataqxana yerləri ayrılmalı, özəl şirkətlərin bu işi həyata keçirmələrinə şərait yaradılmalıdır. Xaricdə olduğu kimi, tələbələrə güzəştli şərtlərlə həmin yataqxanalardan istifadə imkanı yaradılmalıdır.


Sizin Reklam Yeriniz