İran XİN şairlərimizin azad olunmasının səbəbini açıqladı
“Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə iki ölkə arasında dostyana əlaqələrə görə azadlığa buraxılıb”.
APA-nın "Mehr" xəbər
agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər
Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst deyib. Onun
sözlərinə görə, artıq hər iki şəxs Azərbaycanın Təbrizdəki Baş
Konsulluğuna təhvil verilib. R. Mehmanpərəst deyib ki, F. Hüseyn və
Ş. Hacızadə bir neçə ay əvvəl İrana gələrək qanunsuz əlaqələr
qurduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən həbs
olunublar.
Xatırladaq ki, İrana şeir festivalına getmiş F. Hüseyn və Ş. Hacızadə mayın 2-də Təbrizdə həbs olunublar. İran tərəfi uzun müddət azərbaycanlı şairlərin saxlanılması faktını inkar edib. Sonra onların həbsxanada olduğu məlum olub. Azərbaycan Xarici İşlər Nazirliyi hadisəyə aydınlıq gətirilməsi üçün İrana bir neçə rəsmi nota verib.