Movqe.Az xəbər verir ki,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti
Xidməti "Çudo Peçka" MMC-yə məxsus istehsal sexlərində bir sıra
ciddi nöqsanlar aşkar edib.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri. Binəqədi rayonu, C.Xəndan 36 ünvanında fəaliyyət göstərən "Çudo Peçka" MMC-də kulinar məhsulların və unlu-qənnadı məmulatların istehsalına dövlət nəzarəti həyata keçirib.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisənin 16
ünvanda fəaliyyət göstərən satış nöqtələrinin hər birində müxtəlif
məhsulların istehsalı həyata keçirilir. Bu məhsulların təsdiq
olunmuş resepturaları, texnoloji təlimatları yoxlamaya təqdim
edilməyib.
Tort məhsullarının qablaşdırılmasında sanitar normaların pozulduğu, tozlu qablaşdırma materiallarından istifadə olunduğu aşkar olunub. Müəssisənin anbarına keçirilmiş baxış zamanı üzərində istehsal tarixi və mənşəyi barədə məlumatı olmayan 26 kq kəsmik aşkar edilib. Bundan başqa müəyyən olunub ki, anbarda xammalların saxlanma rejiminə riayət olunmur. Belə ki, xəmir mayası 0-4 C0, moyanez 0-10 C0, qatılaşdırılmış süd 0-10 C0 tempraturda saxlanılmalı olduğu halda faktiki 20-25 C0-də saxlanılır. Müəssisə tərəfindən istehsal olunan tortların bəzədilməsində və hazırlanmasında da normalara əməl olunmur. Məsələn "Kriolla" tortunda 400 qr şanti kreminin istifadəsi nəzərdə tutulduğu halda müəssisədə bu gözəyarı və normadan artıq istifadə olunur. Həmçinin tort bəzədilməsində mənşəyi məlum olmayan boyaq maddələrdən istifadə olunur. Araşdırma zamanı anbarda saxlanılan tortların istehsal tarixinin yalnız satış şəbəkələrinə göndərildikdə yazıldığı müəyyən olunub.
Bundan başqa kulinar məmulatların hazırlandığı
sexdə xammallar antisanitar vəziyyətdə saxlanılır. Belə ki, çiy ət
bişmiş toyuq və mal ətinin yarımfabrikatları ilə bir soyuducuda
üst-üstə yığılmış vəziyyətdə saxlanılır. Peraşki istehsalı üçün
alınan malın ağ və qara ciyərinin qəbulu zamanı Xidmət
əməkdaşlarının orqonoleptik baxışı zamanı ağ ciyərin üzərində qurd
aşkar edilib. Həmçinin mənşəyi məlum olmayan poliproplen qablarda
ümumi çəkisi 139 kq qatıq, 30 kq pendir, 10 kq yararlılıq müddəti
bitmiş "Sultan" nişanlı bitki yağı müəyyən edilmiş və
aktlaşdırılaraq istifadəsi qadağan edilib.
7 sentyabr 2012-ci il tarixli qaimə ilə 70 kq (64
kq ağ ciyər, 6 kq qara ciyər) mal hissələri qəbul edilməsinə
baxmayaraq, bunlardan yalnız 40 kq-na baytarlıq sənədi təqdim
edilib. Baytarlıq sənədi olmayan mal əti və hissələrinin kulinariya
sahəsində istifadə olunması isə qəti qadağandır.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə tərəfindən sertifikatlaşdırılmadan çiy dönər hazırlanır və satış şəbəkələrinə paylanır. Çiy dönər turşudulmuş qatıq, kola içkisi və müxtəlif ədviyyatlardan hazırlanmış sousda bir gün ərzində saxlanılır. Soyuducu kamerada xammallarla yanaşı geri qaytarılması üçün satışdan çıxarılmış dönər qiyməsi də aşkar olunub.
Müəssisənin 11-ci satış nöqtəsində ("Elmlər
Akademiyası" metro stansiyasının yaxınlığında) və 13-cü satış
nöqtəsində ("Nizami" metro stansiyasının yaxınlığında) vitrinlərdə
yararlılıq müddəti bitmiş gavalı və mimoza salatlarının satıldığı,
həmçinin xammal kimi istifadə olunan yararlılıq müddəti bitmiş
kolbasa məhsulları aşkar olunub.
Qurumdan verilən məlumata görə araşdırmalar davam etdirilir.