Əlaqə Arxiv
news Image
2012.09.20
08:13
| A A A
İcbari tibbi sığorta müəmması çözülmür
Xəyal Məmmədxanlı: “Qanunun tətbiq olunmasına mexanizm və infrastruktur imkan vermir” Adil Qeybulla: “Qanunun tətbiq edilməsinin yubanması Səhiyyə Nazirliyində islahatların gecikməsi ilə bağlıdır”

Məlum olduğu kimi Azərbaycanda 1999-cu ildə "Tibbi sığorta haqqında" qanun qəbul olunub. Həmin qanun layihəsində bu sığortanın həm icbari, həm də könüllü növü nəzərə alınıb. Amma hər il büdcədən müəyyən məbləğdə vəsait ayrılsa, da bu günə qədər hələlik yalnız könüllü tibbi sığorta həyata keçirilməkdədir. İcbari tibbi sığortanın tətbiq olunması isə müəyyən səbəblərdən gecikir. Halbuki, bu istiqamətdə lazım olan bütün prosedur qaydaları hazırdır.

Sığorta işləri üzrə mütəxəssis Xəyal Məmmədxanlı bildirir ki, hazırda yalnız könüllü tibbi sığorta işləyir və hər keçən gün inkişafdadır: "Bundan da ən çox şirkətlər və koorperativ müştərilər istifadə edir. Hazırda bəzi sığorta şirkətləri tibbi sığortanı şərti şəkildə də təklif edirlər. İcbari tibbi sığorta isə hələ bu günə qədər də tətbiq oluna bilmir. Bunun da bir neçə səbəbi var. Birincisi, o vaxt bu məsələ dəfələrlə müzakirə olunub. Qanunun tətbiq olunmasına ən əsası mexanizm və infrastruktur imkan vermir. Səhiyyə sektorunda olan tibb müəssisələri ilə sığorta şirkətləri və büdcə arasında hesablaşmaların aparılması mexanizmi hazır deyil. Eyni zamanda həmin qanunvericilikdə bir çox əhali kateqoriyasının, vətəndaşların tibbi sığorta haqlarının dövlət hesabına ödənilməsi nəzərdə tutulub. Bu da büdcədə kifayət qədər böyük bir rəqəmdir. Ona görə də gecikmədə bir neçə problem var. Bunlar da sığorta şirkətlərinin problemi deyil. Odur ki, icbari tibbi sığortanın tətbiqi, sadəcə, büdcə, Səhiyyə Nazirliyi və sığorta şirkətləri arasındakı mexanizmin işlənib hazırlanmasından ibarətdir. Onlar olsa, sistem də rahat şəkildə işləyə bilər".

Ekspertin sözlərinə görə, tibbi sığorta sığortaların içərisində ən faydalısıdır: "Çünki, insanların rifah vəziyyəti, sosial durumu onların bilavasitə sağlamlığından asılıdır. Ona görə də inkişaf etmiş ölkələrin hamısında, ilk növbədə, vətəndaşların tibbi sığorta təminatlarına fikir verilir. Yəni, hər bir vətəndaş dövlətdən pulsuz tibbi yardım almaq hüququna malik olmalıdır. Tibbi yardım hüququna malik olmaq da müxtəlif ölkələrdə müxtəlif cür tətbiq olunur. Məsələn, Böyük Britaniya ərazisində müəyyən müddətdən çox yaşayan insanların pulsuz tibbi müayinə və müalicə hüququ yaranır. Baxmayaraq ki, bizdə də səhiyyədə müəyyən xidmətlər pulsuzdur, ancaq istər-istəməz insanların tibbi sığortalarının olması lazımdır. Əgər tibbi sığorta olarsa, bu, Azərbaycanda həm əhalinin artım sayına, həm sağlam gəncliyin formalaşmasına, həm də insan səhhətinin ağır vəziyyətə qədər çıxmamasına səbəb olacaq. Bu da ümumilikdə cəmiyyətin sağlamlaşmasına gətirib çıxaracaq".

Tibb eləmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə icbari tibbi sığorta tibb xidmətinin çox vacib bir komponentidir: "Sığorta ona görə vacibdir ki, insanlar bu xidmətdən istifadə edə bilsinlər. Tibb xidmətləri üçün insanların seçim imkanları olsun. Azərbaycanda bu məsələ necə həll olunmalıdır? Azərbaycanda əhali 4 kateqoriyaya bölünə bilər. Birinci kateqoriyaya aid olanlar əhalinin gəlirsiz hissəsidir. Bunlar birbaşa dövlət büdcəsindən maliyyələşməlidirlər. Onlara "sığorta polisi" deyilən vəsiqə verilir. İkinci kateqoriya dövlət əmək və bələdiyyə sektorunda işləyənlərdir ki, bunlar da öz maaşlarından sığortalanırlar. Bir qrup işsiz şəxslər - əmək birjasında qeydiyyatda olanlar əmək birjasında sığortalanırlar. Məmurlar və böyük gəlirləri olan biznesmenlər isə xüsusi qaydada sığortalanırlar. Bu da ilk növbədə doğuş və təxirəsalınmaz yardımı əhatə edir. Yəni, insanda anidən hansısa hadisə olanda o, dövlət xəstəxanasında tam pulsuz müalicə almaq hüququna malikdir. Sığorta şirkətləri isə həmin vəsaitlər tibb müəssisəsinin balansına köçürür. Belə olanda xəstə ilə həkim arasında baş verə biləcək neqativ hallar da baş tutmur. Həmçinin xəstələrin sığorta vəsiqəsi əllərində olduqda tez-tez müayinəyə meylli olurlar. Bu da müəyyən xəstəliklərin erkən aşkarlanmasına gətirib çıxarır. Bəzən xəstələr maliyyə dərdindən həkimə gec müraciət edirlər. Bu da müalicənin keyfiyyətinə mənfi təsir edir. O baxımdan tibb xidmətini icbari tibbi sığortasız təsəvvür etmək mümkün deyil".

Professorun sözlərinə görə, qanunun tətbiq edilməsinin yubanması Səhiyyə Nazirliyində islahatların gecikməsi ilə bağlıdır: "İkinci səbəb də odur ki, bu gün işləyən şəxslərin əksəriyyətinin maaşları sığorta ödəmələrini tutmaq üçün xeyli aşağıdır. Maaşlarda müəyyən indeksasiya gedəndən sonra qanunun tətbiqi daha real ola bilər".

Sizin Reklam Yeriniz