Strasburqda keçirilən Avropa Şurasına üzv ölkələrin parlament rəhbərlərinin konfransında Azərbaycanı Milli Məclisin (MM) sədri Oqtay Əsədovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti təmsil edir.
APA-nın MM-in mətbuat
xidmətinə istinadən verdiyi məlumata görə, Avropa Şurası Parlament
Assambleyasının sədri Jan Klod Minyon konfransda çıxış edərək,
hazırda dünyada gedən iqtisadi-siyasi proseslər, etnik və milli
zəmində baş verən münaqişələr, həmçinin terrorçuluq və digər böhran
halları ilə mübarizə yolları barədə fikirlərini bölüşüb.
Konfransda təşkilatın baş katibi Yan Qladın, Avropa Şurası Nazirlər
Komitəsinə sədrlik edən Albaniya parlamentinin sədri Josefine
Topallinin çıxışları olub.
Avropa İnsan Haqları Məhkəməsinin sədri Nikolas Bratse isə bu
məhkəmənin gələcəyi, milli parlamentlərin rolu mövzusunda məruzə
edib.
Demokratiya mövzusunda aparılan müzakirələrdə Ermənistan tərəfi
həmişə olduğu kimi yenə də öz təcavüzkar hərəkətləri ilə beynəlxalq
ictimaiyyəti çaşdırmağa hədəflənmiş mövqe nümayiş etdirib. Avropa
Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyonun
konfransdan əvvəl tərəflərə müraciət edərək, bu beynəlxalq tədbirdə
qarşılıqlı ittihamların səsləndirilməməsi xahişinə əvvəlcə "hə"
deyən, sonra isə onu pozan Ermənistan parlamentinin spikeri Hovik
Abrahamyan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfvi
məsələsini gündəmə gətirib. H.Abrahamyan Azərbaycan prezidenti
İlham Əliyevin saytında Ramil Səfərovun əfvi ilə bağlı məlumat
yerləşdirildiyini və saytda Azərbaycan xalqının bunu təqdir
etdiyini bildirən məktubların əks olunduğunu deyib.
Erməni spiker cavabsız qalmayıb. Azərbaycan parlamentinin sədri
Oqtay Əsədov gündəlikdəki mövzu barədə fikirlərini bildirdikdən
sonra erməni parlamentinin rəhbərinin qaldırdığı Ramil Səfərovun
əfvi məsələsinə də toxunub. O. Əsədov deyib ki, o əslində bu
məsələyə toxunmaq istəməsə də, Ermənistan parlamentinin sədrinin
uydurma ittihamları onu bu məsələ üzərində dayanmağa məcbur
edib.
O. Əsədov Hovik Abrahamyanın ittihamlarının bütövlükdə yalan
olduğunu avropalı həmkarlarının diqqətinə çatdırıb və xüsusi
vurğulayıb ki, bu əfv Avropa Konvensiyasına, beynəlxalq və milli
hüququn bütün norma və prinsiplərinə əsasən tətbiq olunub:
"Təəssüflər olsun ki, bu məsələni şişirtməklə həm Ermənistan, həm
onun lobbisi, həm də onun havadarları status-kvonu saxlamaq
niyyətindədirlər. Ancaq mən bildirmək istəyirəm ki, status-kvo
qəbuledilməzdir. Ramil Səfərov məsələsinin şişirdilməsi münaqişənin
həllini daha da müşkül vəziyyətə sala bilər. Mən çox şadam ki,
Azərbaycan prezidentinin saytını bunlar çox diqqətlə izləyirlər.
Ancaq yaxşı olardı ki, onlar öz prezidentlərinin saytına baxsınlar.
Öz prezidentlərinin verdiyi müsahibələrə baxsınlar ki, Ermənistan
prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı
Xocalı soyqırımında iştirakı ilə fəxr edir və bu insanlar indi bizə
demokratiya dərsi vermək istəyirlər. Mən çox təəssüf
edirəm".