Əlaqə Arxiv
news Image
2012.09.27
08:09
| A A A
“Elşad Abdullayevin hansı rəzilliklərlə məşğul olduğunu bilməyən yoxdur”
Baş prokuror Gülər Əhmədova ilə bağlı videonu araşdırmağa göstəriş verib

Məlum olduğu kimi, hazırdafəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Strasburqda olan rektoru Elşad Abdullayev millət vəkili Gülər Əhmədova və Sabir adınaKitabxananın direktoruSevinc Telman qızı Babayevailə bağlı videomaterialyayıb.

Millət vəkili Gülər Əhmədova isə APA-ya açıqlamasında yayılmış video görüntüyə münasibət bildirib: "Elşad Abdullayev Fransada siyasi mühacir kimi status almaq istəyir. Bu adam əvvəldən bilirdi ki, onun rəhbərlik etdiyi universitetdə baş verənlərlə bağlı mənə kifayət qədər müraciət edənlər var. Məndə olan materialların da çoxluğundan xəbərdar idi. Bu səbəbdən onun bu hərəkəti etməsindən təəccüblənmədim".

G. Əhmədovanın sözlərinə görə, o, eyni situasiyanı sabiq səhiyyə naziri Əli İnsanovun həbsindən sonra da yaşayıb: "Əli İnsanov həbs olunandan sonra Elşad Abdullayev məni 3 dəfə məhkəməyə verib. O bilirdi ki, mən 2002-ci ildə uşaq alveri ilə bağlı məsələ qaldırmışdım. Bundan yayınmaq üçün ona başa salmışdılar ki, məni indidən məhkəməyə verib, ona şər atdığımı iddia etsin. Yəni bu mənim üçün ilk hadisə deyil. Bu halı bir dəfə yaşamışam. Bu da ikinci hadisədir. Mənim üçün fərqi yoxdur. Mən materialları da yayıram, göndərirəm. İndi belə etməklə özü başa saldı ki, hansı dərəcədə günahkardır. Mən güman edirdim ki, o, bəlkə camaatın pulunu qaytaracaq. Çünki evi əlindən alınan, döyülüb gözü çıxarılan, intihar edən gəlinlər olub orada. Bunların hamısını açıqlayacağıq. Elşad Abdullayev nə edirsə etsin, dəxli yoxdur".

Deputat deyib ki, onun Elşad Abdullayevə bəzi sualları da var: "Birinci, onda bu qədər pul hardandır? Əgər bu pulları leqal biznesdən qazanıbsa, onda vergisi hanı? Orqan mafiyasının başçısı daha neyləməlidir ki?"

G. Əhmədova video görüntünü sosial şəbəkələrdə müzakirə edənlərə də mesajının olduğunu deyib: "Sosial şəbəkələrdə özlərini həddindən artıq aktiv aparanlara bir ismarışım da var. Zamanında özünü "Xədicənin bacıları" kimi təqdim edənlərə xitab etmək istəyirəm. Onlar indi "şok oldum", "halım dəyişdi" kimi fikirlər səsləndirirlər. Burada şok olmalı bir hal yoxdur. Bu videogörüntü başdan ayağa qədər montajdır. Bu ölkədə Elşad Abdullayevin hansı rəzilliklərlə məşğul olduğunu bilməyən yoxdur. Ona görə də Elşad Abdullayev kiminlə düşmənçilik edirsə, əksinə, həmin adama dəstək vermək lazımdır".

G. Əhmədova görüntüləri izləyib-izləməməsi, hansı hissəsinin montaj olduğu barədə suala isə belə cavab verib: "Əsəbimdən əməlli-başlı baxa bilməmişəm. Bircə başlıqları oxuya bilmişəm. Bəlkə də bu adamla rastlaşanlar bilirlər ki, bu hansı xislətdə adam olub. Dünən köməkçim dedi ki, bu xəbəri ilk yayan "azpolitika" saytı da video görüntünün montaj olduğunu yazıb. Açığı, əvvəldən axıra qədər həmin görüntüyə baxmamışam. Bütün gecəni isə bizdə olan materialları toplamışam. Ən çox baxdıqlarım sosial şəbəkələrdəki statuslar idi. Həm də özünü "süddən çıxan ağ qaşıq" kimi göstərən mətbuat orqanlarını izləmişəm. Hamı nədənsə özü haqqında olanları unudur. Çalışırlar ki, belə vəziyyətdə özlərini İsa peyğəmbər, Müqəddəs Məryəm kimi göstərsinlər. Hər halda hamı bir-birini yaxşı tanıyır və bilir ki, kim-kimdir".

Deputat video görüntünün çəkildiyi vaxtla bağlı suala konkret cavab verməyib: "Bir ayın içində mənim 40-50 cür video və foto görüntülərim ola bilər. Bu video isə neçə il əvvəlin görüntüsüdür. Bəlkə haradasa olanda çəkilib, yaxud da montaj olunub. Bu məsələləri hələ özüm araşdırmamışam. Bunları araşdırandan sonra bu suallara bir-bir cavab verəcəyəm. Mən heç vaxt suallardan qaçmıram. Onun danışıqlarından belə başa düşürəm ki, orda deputat seçkiləri-filan deyir, qardaşı ilə bağlı danışır. Yəqin, 2000-ci illərin əvvəllərindən söhbət gedir".

G. Əhmədova artıq prokurorluğa müraciət etdiyini və E. Abdullayevlə bağlı materialları göndərdiyini deyib.

Deputat üzvü olduğu partiyadan və Milli Məclisdən bu görüntülərə hansı reaksiyanın verildiyi barədə suala isə qısa cavab verib: "Mənə heç kim heç nə deməyib".

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış video görüntülərdə əks olunan məlumatların araşdırılması üçün Baş prokuror tərəfindən Bakı şəhər prokurorluğuna göstəriş verilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, müvafiq ekspertizalar keçirilib və digər zəruri prosessual araşdırmalar aparılacaq. Daha sonra Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələblərinə uyğun qərarın qəbul edilməsi təmin olunacaq. İctimaiyyətə əlavə məlumat veriləcək.
Sizin Reklam Yeriniz