Əlaqə Arxiv
news Image
2012.10.19
11:15
| A A A
Bədii Şuraların bərpası aktuallaşır
Qulu Məhərrəmli: «Hesab edirəm ki, bunun üstündə düşünmək vacibdir» Zeynal Məmmədli: «Hər bir televiziyanın özü daxilində bununla bağlı nələrsə yarada bilər»

Bu gün Azərbaycanın televiziya kanallarında daha çox şou xarakterli verlişlər yer almaqdadır. Təbii ki, televiziyalarımızda milli-mədəni dəyərlərmizdən bəhs edən verlişlər də nümayiş olunur. Lakin, bunların sayı barmaqla göstəriləcək qədər azdır. Vəziyyətdən çıxış yolu kimi isə hesab edilir ki, Azərbaycanın televiziya kanallarında Bədii Şuralar yenidən bərpa oluna bilər. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli televiziyalarda bədii şuraların bərpasına ehtiyac olduğunu və bu məsələnin xeyli vaxt müzakirə olunduğunu deyib.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli məsələylə bağlı qeyd edir: "Bədii Şura bir forma kimi Sovet dövründə mövcud idi. Şuranın əsas funksiyası yaradıcılıq məsələlərini tənzimləmək idi. Bu gün bu məsələni qaldıranda "Bədii Şura yaradırıq" və bu sırf yaradıcılıq forumu kimidisə onu qəbul etmək olar. Yox əgər bu senzura xarakteri daşıyırsa, bu cür qrumların yaradılmasına yol vermək olmaz.

Televiziyalarımız kifayət qədər çəkingəndirlər. Bütün bunlar onu deməyə əsas verir ki, yeni nəzarətedici qurumun yaradılması ola bilsin ki, televiziyaların işinə mənfi təsir göstərsin. Yox əgər burda məqsəd yaxşı bədii məhsulların ortaya çıxarılmasına kömək etməkdisə, onda Bədii Şuraların formasını tapmaq lazımdır ki, onlar senzura məqsədi ilə deyil, yalnız və yalnız peşəkar, tələblərə cavab verən bir qurum kimi fəaliyyət göstərsin. Musiqi proqramları, tamaşalar, teleseriallar Şurada müzakirə olunub keçsin. Şurada kimlərin təmsil olunacağı çox vacib məsələdir. Yəni bunlar nə dərəcədə peşəkar insanlar olacaq, nə dərəcədə obyektiv və dürüst adamlar olacaq? Bu çox ciddi məsələdir. Hesab edirəm ki, bunun üstündə düşünmək vacibdir".

Telekanallarımızda mövcud ədəbi-bədii proqramlarla bağlı həyata keçirilən yayım siyasəti məsələsinə gəldikdə isə əməkdar juranalist bununla bağlı çox ciddi problem olduğunu qeyd etdi: "Bizim televiziya kanallarının ümumiyyətlə yayım siyasəti ilə bağlı ciddi problemləri var. İstər ictimai-siyasi proqramların, istərsə də bədii proqramların yayımı ilə bağlı problemlər mövcuddur. Nədədi həmin problem? Birincisi televiziya kanallarında verlişlər arasında balansın pozulması nəzərə çarpır. Yəni bizdə musiqi və əyləncəli proqramların balansı pozulub. Bunu ictimaiyyət də deyir. Bunu çox mənfi tendensiya kimi qəbul etmək olar. Çünki tamaşaçı istəyir ki, ekranda cəmiyyəti görsün, cəmiyyətdə gedən prosesləri görsün, baş verən hadisələrin təhlilini görsün. Bunlar yoxdur. Əvəzində şit, bayağı əyləncə proqramları var. Bu proqramlar insanları güldürmək əvəzinə, onları əsəbləşdirir, onların sinirlərinə toxunur. Niyə? Çünki, peşəkar səviyyədə hazırlanmır. İkincisi, biz konkret mədəniyyət, ədəbiyyatla bağlı hansı siyasəti yeridirik bu nəzərə çarpmır.

Qərb ölkələrində televiziya verlişlərinə söhbət mənasında şou deyirlər. Amma söhbət bizdə bayağı əyləncəli proqramlardan gedir".

Media üzrə ekspert Zeynal Məmmədli movzuyla bağlı öz fikirlərini bizimlə bölüşdü: "Bilmək lazımdır ki, televiziyaların, media vasitəsitələrinin, kommunikasiya vasitəsitələrinin də ən önəmli rolu söz və mətbuat azdlığını, plüralizmi təmin etməkdir. Dünyanı Azərbaycanda dindirmək, Azərbaycanı dünya ilə bütövləşdirməkdir. Hər bir televiziyanın özü daxilində bununla bağlı nələrsə yarada bilər. Xüsusi nəyəsə ehtiyac yoxdur. Televiziya bu təklifə razı ola da bilər, olmaya da bilər. Söhbət sərbəst bazardan gedirsə, rəqib televiziyalar varsa, bu televiziya daha çox reytinq toplamaq üçün özü maraqlı olmalıdır. Bununla bağlı məsələhətlər vermək olar. Amma bununla bağlı tələb qoymaq mümkün deyil.

Mən Bədii Şuraların Azərbaycan televiziyalarına faydalı bir şey verəcəyinə inanmıram. Bədii Şuraları tətbiq etmək olar. Amma bunun niyə fayda verəcəyini açıqlamaq lazımdır. Bunlar kimlərdir, hansı hazırlıqları var və nəyə görə əmindirlər ki, şura yaradılsa vəziyyət düzələcək, təklifləri kim irəli sürüb?

Televiziyalarda ən əsas söz auditoriyanın sözü olmalıdır. Ona görə təkliflər kimdən gəlib dəqiqləşdirmək lazımdır".


Sizin Reklam Yeriniz