Əlaqə Arxiv
news Image
2012.10.24
08:52
| A A A
Ətin bahalaşmasının əsas səbəbləri üzə çıxır
Bölgələrdə iri və xırda buynuzlu heyvanların qiymətində olan artım Bakı bazarlarına da təsirsiz ötüşmür

Görülən bütün tədbirlərə rəğmən, Qurban bayramı ərəfəsində ətin qiymətində yenidən artım müşahidə olunur. Satıcılar bildirir ki, buna əsas səbəb ət gətirdikləri rayonlarda iri və xırda buynuzlu heyvanların bahalaşmasıdır. Həqiqətən də son araşdırmalar göstərir ki, rayonlarda Qurban bayramı ilə əlaqədar olaraq qoyunların qiymətində təxminən 50 manata qədər bahalaşma var.

Əvvəllər 120-150 manata satılan qoyunların qiyməti indi 170-200 manat arasında dəyişir. Lakin satıcılar bu barədə deyilənləri inkar etdilər. Satıcıların dediklərinə inansaq, iri və xırdabuynuzlu qurbanlıq heyvanların qiymətləri nə ötənildəkindən, nə də bu ilin əvvəlindən müəyyənləşdirilmiş qiymətlərdən baha deyil. Hətta bəzi satıcılar bazara çıxardıqları heyvanları sata bilmədiklərini də deyirlər. Lakin alıcılar tamam fərqli mövqedədirlər. Onlar rayon bazarlarında heyvanların satış qiymətinin artdığını vurğulayırlar. Təbii ki, bu da öz növbəsində rayonlardan Bakıya gətirilən ətin qiymətində də özünü göstərir. O da maraqlıdır ki, bayram ərəfəsində, adətən, bazarlarda kiloqramla satılan və qurbanlığa yaramayan qoyunların ətində də bahalaşma müşahidə olunur. Beləliklə, hər il olduğu kimi bu il də Qurban bayramını fürsət bilən bəzi işbazlar ondan yararlanmağa çalışır. Bunun da nəticəsində adi günlərlə müqayisədə bayram öncəsi bazarlarda iri və xırda buynuzlu heyvanların qiymətində bahalaşma müşahidə olunur. Heç şübhəsiz ki, bu da alıcıların narazılığına səbəb olur.

Müvafiq dövlət strukturları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyində hesab edirlər ki, mal ətinin bahalaşması üçün heç bir əsas yoxdur. İqtisadçı ekspertlər burada süni qiymət artımının olmasını vurğulayır. O baxımdan ətin qiymətindəki artımlar, eləcə də ətin qiymətinin mövcud səviyyəsi heç də bazarın diqtə etdiyi qiymət artımları deyil. Bu fonda bildirilir ki, ətin qiymətinin azalması o zaman mümkündür ki, süni baryerlər aradan qaldırılsın və ölkə daxilində ətin qiymətinin bazar tərəfindən tənzimlənməsi həyata keçsin. Əks halda, təbii ki, yüksəlmənin qarşısını almaq mümkün olmayacaq. Çünki ətin qiymətinin süni şəkildə qorunub saxlanması həyata keçirilir. Burada isə əsas rol bazara nəzarət edən inhisarçılara və Qurban bayramından istifadə edərək daha çox qazanc götürməyə çalışan alverçilərə məxsusdur. Digər tərəfdən o da qeyd olunur ki, hər il qış qabağı ətin qiymətinin qalxması artıq adət halını alıb.

Satıcılar maya dəyəri baha başa gəldiyindən əti baha satmağa məcbur olduqlarını deyirlər. Qəssabların bəziləri bildirir ki, ucuz olsun deyə özləri gedib rayondan diri qoyun alırlar. Amma yenə də ətin bir kilosunun maya dəyəri təxminən 9 və 9,5 manata başa gəlir. Satıcılar onu da vurğulayırlar ki, ətin satışı qənaətbəxş deyil. Qeyd edirlər ki, inək, qoyun, quzu ətinin qiyməti 10 ildə bəlkə 15 dəfə dəyişib. Məsələn, bir 10-15 il əvvəl ətin kilosu 2-3 manat idisə, indi 6-10 manatdır.

Ət biznesi ilə məşğul olan yerli qəssabların dediyinə görə, onlar hər həftə diri mal-qara tədarük etmək üçün ya kəndləri gəzib mal-qara axtarırlar, ya da mal-heyvan bazarlarına üz tuturlar. Adətən kiçik çəkili danalar və quzular bir az baha, iri heyvanlar isə nisbətən ucuz olur. Qəssablar iri heyvanlara üstünlük vermir. Qiymət bahalaşdığından tələbat azalıb və gün ərzində iri heyvanın əti tam satılmır. Bundan əlavə, heyvanlara verilən yem baha olduğundan, ətin qiymətinə də təsir edir. Bazar münasibətlərindən kənar görülən inzibati tədbirlər isə əti qıtlaşdırır və bu ətin bahalaşmasına səbəb olur. İqtisadçı-ekspert Qubad İbadoğlunun görə, ölkədə ət və digər ərzaqların qiymət artımının qarşısını almaq üçün ilk növbədə, inhisara qarşı mübarizəni gücləndirmək lazımdır: "Təkcə inzibati deyil, həm də iqtisadi metodlardan istifadə olunsa, qiymət artımının qarşısını almaq olar. Əks halda qiymətlər gündən-günə bahalaşmaqla xərclərin kifayət qədər artmasına gətirib çıxaracaq. Məsələ burasındadır ki, bunu yalnız fərdi yolla həll edə bilməyəcəyik. Yəni kimisə cəzalandırmaq, kimisə bununla bağlı müəyyən intizama, məsuliyyətə cəlb etmək problemin bütövlükdə həlli deyil. Bahalaşmanı şərtləndirən əsas amillərdən biri qiymətlərin diqtə edilməsidir. Bu prosesin qarşısını almaq üçün ilk növbədə, bir neçə ildir parlamentdə qalan Rəqabət Məcəlləsi qəbul edilməli, inhisarçılığa qarşı müstəqil bir institut yaradılmalıdır. Yəni Antiinhisar Siyasəti Departamentinin müstəqilliyi artırılmalıdır. Eyni zamanda, iqtisadiyyatda neytrallaşdırma, mərkəzsizləşdirmə islahatları sürətləndirilməlidir".
Sizin Reklam Yeriniz