Əlaqə Arxiv
news Image
2012.10.30
07:03
| A A A
Azərbaycanlı milyonçuların yeni təşkilatı ətrafında ziddiyyətlər artır
Zahid Oruc: “Əminəm ki, qurumun elitasında olan simalar Azərbaycan əleyhinə ssenarilərdə, proqramlarda yer almayacaqlar” Fazil Mustafa: “Qurumun vətəndaş təşəbbüsü ilə yaranan təşkilat olub - olmamağı fəaliyyət göstərəndə bilinəcək”

Son vaxtlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətində yer alan mövzulardan biri də yeni təsis edilmiş Azərbaycan Rusiya Təşkilatları İttifaqı (RATİ) və onun fəaliyyət istiqamətidir. Hələlik ittifaqın fəaliyyəti yönündə konkret məlumatlar az olsa da, rəhbərlər tərəfindən qurumun siyasi fəaliyyətlə məşğul olmayacağı açıqlanır. Bundan başqa ittifaq özünü Ümumrusiya Azərbaycanlıları Konqresinə alternativ təşkilat hesab etmir.

Bildirilir ki, qurum Rusiyada yaşayan azərbaycanlıların sosial, humanitar məsələlərinin həlli üçün koordinasiya işlərini həyata keçirmək üçün yaradılıb. Amma o da məlumdur ki, haqqında danışılan qurum yaradıldığını bəyan etdiyi andan etibarən Rusiyadakı azərbaycanlıları birləşdirən Ümumrusiya Azərbaycanlıları Konqresi ittifaqın yaradılmasını pisləyir. Bundan başqa Diasporla İş üzrə Dövlət Komitəsi də belə bir təşkilata ehtiyac olmadığını bəyan edib. Onu da xatırladaq ki, müvəqqəti olaraq RATİ-nin fəaliyyəti dayandırılıb. Bu barədə qurumun təsisçilərindən biri, Rusiya azərbaycanlıları Federal milli-mədəni muxtariyyatının prezidenti Söyün Sadıqov məlumat verib. Onun sözlərinə görə, bu qərar təşkilat təsisçilərinin ümumi yığıncağında yeni strukturun məqsəd və vəzifələri haqqında həqiqətə uyğun olmayan təsəvvürlərə imkan yaradan, mətbuatda bəzi mənbələrə istinadən üzə çıxmış kəskin əsassız və mənfi məlumatların yer alması ilə əlaqədar qəbul olunub: "Bu səbəbdən biz RATİ-nin sədri Abbas Abbasovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünədək təşkilatın fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdik. Bu görüşün nəticələrinə əsasən təşkilatın perspektivləri barədə müəyyən bir fikir söyləmək mümkün olacaq", - deyə o qeyd edib.

Siyasi şərhçilər də indiki vəziyyətdə bu cür ittifaqın yaradılmasında bir az qaranlıq məqamların olduğunu diqqətə çatdırırlar. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü millət vəkili Zahid Orucun sözlərinə görə, bu məsələdə hələ də sona qədər açıq qalan suallar var: "Çünki, bir tərəfdən həqiqətdir ki, Rusiyanın ictimai-siyasi həyatında, onun dövlət quruculuğu sistemində daha yaxından iştirak etmək istəyən insanlarımızın potensialını səfərbər etmək, onları bir araya gətirmək, vahid hədəflər uğrunda mübarizəyə qoşmaq gərəkdir. Bu dönəmdə də Rusiya Azərbaycanlıları Konqresi xeyli iş görüb. Həqiqətən də azərbaycanlıların bir tərəfdən ölkəmiz üçün, eyni zamanda yaşadıqları məkanda həlledici proseslərdə iştirak etmələrinə səy göstəriblər. Bununla belə biz arzulamışıq ki, həm Rusiya Dövlət Dumasında, həm də Rusiyanın idarəetmə elitasında azərbaycanlılar təmsil olunsunlar. Çünki, bir başqa millətlərin bizdən az sayda imkanları fonunda nəaliyyətləri xeyli dərəcədə böyükdür. Bu da bizim üçün bir siqnal olmalıdır. Digər tərəfdən də müxtəlif dönəmlərdə həmin insanlar ayrı-ayrı problemləri yaşayırlar. Əgər həmin insanların təmsilçiləri müxtəlif dövlət qurumlarında olarsa, onların mənafelərinin qorunmasına, ayrı-ayrı məqsədlərinin həyata keçirilməsinə daha yaxşı təsir göstərərlər. Amma hazırki dönəmdə bu söylədiklərimiz milli mənafedən daha çox sanki, Azərbaycan ilə çox yaxın bağlantıları olan şəxsləri yeni bir qurum adı altında bir araya gətirmək, sonrakı dönəm üçün orada yaşayan azərbaycanlılarından ölkəmizin əleyhinə istifadə etmək tendensiyaları, rüşeymi özünü göstərib. Bu mənada hətta həmin ittifaqın rəhbər simalarının mövqeləri belə sübut edir ki, burada sona qədər atılacaq addımlar Azərbaycan dövləti ilə razılaşdırılmayıb. Əgər burada həqiqətən də niyyət ondan ibarət idisə ki, iki ölkə arasındakı dostluq körpüləri daha da gücləndirilsin, hüquqi əlaqələr sferasında hansısa addımlar atsınlar, xalqlararası ticari - iqtisadi münasibətlər təkmilləşdirilsin, onda bu bütün hallarda iki ölkənin siyasi rəhbərləri ilə razılaşdırılacaq bir yol xəritəsi hesabına mümkün ola bilərdi. Belə görünür ki, bu addımlar sona qədər atılmayıb. İlk məqamdaca xeyli qeyri-müəyyənliklər yaranıb. Amma heç bir halda - guya ki, siyasi layihələr, müasir hökümət modeli və s. kimi versiyaları o qədər də qəbul etmirəm. Hətta kimsə bunu düşünsə, belə əminəm ki, qurumun elitasında olan simalar Azərbaycan əleyhinə ssenarilərdə, proqramlarda yer almayacaqlar".

Millət vəkili onu da əlavə etdi ki, ilkin məqamda bu məsələ ilə bağlı yaranmış sualları aydınlaşdırdıqdan sonra təşkilatın gələcək fəaliyyəti üçün tam mənzərə ortaya gələcək: "Hesab edirəm ki, onların niyyəti həqiqətən də Rusiya miqyasında pərakəndə fəaliyyət göstərən Azərbaycan diaspora və lobbi institutlarını birləşdirmək, onların imkanlarını səfərbər etməkdirsə, bunun təmin edilməsi yolları, təşkilatı modelləri ayrı cür də ola bilərdi. Yəni, günün birində sadəcə "bir-birinə zəng" qaydasında hansısa birliyi elan etmək və sonrakı dönəmdə birləşmədən daha çox əlavə parçalanma elementlərini yaratmaq yaxşı iş sayıla bilməz. Zənn edirəm ki, burada adı keçən insanlar çox maraqlıdırlar ki, Azərbaycan dövləti hər zaman gələcək illərdə soydaşlarımızın mənafelərinə bağlı istənilən proseslərdə iştirak etsinlər. Əgər belədirsə, bu məsələ də tənzimlənməli və koordinasiya olunmalıdır".

Parlamentin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə bildirdi ki, əgər vətəndaş təşəbbüsü qaydasında belə bir birlik yaradılırsa, ona nəsə münasibət bildirmək doğru olmaz: "Yəni, orada yaşayan insanların marağına uyğundur ki, yaradıblar. Amma ittifaqın hansı məqsədlə yarandığını tam dəqiqləşdirmək çox çətindir. Bu, bir qədər Rusiyanın marağında olan layihədir. Təbii ki, onların marağına zidd olan layihəni orada həyata keçirməyin özü də çətin məsələdir. Amma bütövlükdə daha çox bu görüntü var. Qurumun vətəndaş təşəbbüsü ilə yaranan təşkilat olub - olmamağı da fəaliyyət göstərəndə bilinəcək. Bu zaman da Azərbaycana faydası, zərəri ortaya çıxacaq. Ancaq hər halda lahiyə hakimiyyətin marağını cəlb edən kimi görünmədi".
Sizin Reklam Yeriniz