Əlaqə Arxiv
news Image
2012.10.30
07:06
| A A A
Saxta qızıl problemi böyüyür
Qızıl məmulatlarına real dəyərindən daha yüksək əyar damğası vurulması hallarına yenə də rast gəlinməkdədir

Saxta qızıl problemi qiymətli məmulatlar sahəsində həmişə aktual olan məsələlərdən biri kimi özünü daim büruzə verib. Aparılan son araşdırmalar da bu sahədə olan problemlərin hələ də tam formada öz həllini tapmadığını deməyə əsas verir. Həmçinin, araşdırmalardan o da aydın olur ki, ölkəmizdə saxta qızıllarla bağlı əsas məqam onların əyarı ilə bağlıdır. Belə ki, bəzən qızıl məmulatlarına real dəyərindən daha yüksək əyar damğası vurulur.

Hətta mənşəyi məlum olmayan ad və əyar damğasından da istifadə olunur. Bunu cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli metallara və qiymətli daşlara nəzarət Dövlət Xidməti "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun tələblərinə əməl edilməsinə riayət edilməsi məqsədi ilə 58 sahibkarlıq fəaliyyəti subyektində apardığı yoxlama zamanı üzə çıxan nöqsanlar da təsdiq edir.

Qeyd edək ki, aparılan yoxlamalar zamanı sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 41 918 ədəd məmulat Xidmətə gətirilib. Onların üzərində mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilib, bu izlər təmizlənib və məmulat müvafiq əyarlara uyğun dövlət əyar damğası ilə damğalanıb. Həmin zərgərlik məmulatlarının ekspertiza, analiz, əyarlanma və damğalanma proseduralarının keçirilməsinə görə 382 154 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib. Yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş 81 şəxs barəsində inzibati xəta protokolu tərtib edilib. Ümumilikdə, 2012-ci ilin 9 ayı ərzində 54 min manat məbləğində inzibati cərimənin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Lakin bütün bunlar problemin hələ tam aradan qalxması demək deyil.

Ekspertlər də bildirir ki, qızılın dünya bazarlarında qiymətinin artması Azərbaycanda saxta qızıl satışının artması problemi yarada bilər. Hazırda dünya iqtisadiyyatının yenə böhran təhlükəsi ilə üz-üzə qalması fonunda ayrı-ayrı dövlətlər, həmçinin böyük kapitala malik investorlar daha çox qızıl ehtiyatı toplamağa çalışır. Belə qızıllar isə adətən çəkisi bir neçə kiloqrama çatan külçə halında olur. Sadə vətəndaşlar arasında da qızıla maraq artır. Lakin onların imkanı daha çox müxtəlif zərgərlik məmulatlarının alınmasına yetir.

Saxta qızıl satışına qarşı mübarizənin gücləndirilməsini vacib sayan ekspertlər bildirir ki, istehlak bazarında saxta qızıllar hələ də mövcuddur. Bu səbəbdən dünya bazarında qızılın qiymətinin bahalaşdığı ərəfədə alıcılar kifayət qədər ehtiyatlı olmalıdır. Müşahidələr göstərir ki, saxta və keyfiyyətsiz qızıl dedikdə diqqət daha çox İtaliya qızılı adı ilə satılan zərgərlik məmulatlarına yönəlir. Çünki bu qızılların saxtalaşdırılmasına tez-tez rast gəlinir. Buna görə də bir sıra qızıl məmulatlarının üzərində göstərilən qiymətlə satış qiyməti arasında bəzən kəskin fərq olur.

Məlumat üçün bildirək ki, "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qanuna əsasən Azərbaycan Respublikası sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları Azərbaycan Respublikası dövlət əyar damğası ilə damğalanmalıdır. Bundan başqa, Nazirlər Kabinetinin 2006-cı il 10 may tarixli 121 nömrəli qərarı ilə "Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları" təsdiq edilib. Həmin qaydalara əsasən, qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları damğalanmadan öncə analiz və ekspertiza olunmalıdır. Bununla əlaqədar, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Əyar damğalarının növləri və quruluşu" təsdiq edilib. Zərgərlik məmulatlarının əyarı müəyyən edilmiş əyardan aşağı olarsa, həmin məmulatlar qiymətli metaldan olan məmulatlar sayılmır.

Araşdırmalar isə göstərir ki, dövlət əyar nəzarətinin həyata keçirilməsi zamanı bir çox hallarda xarici ölkələrin dövlət əyar damğaları ilə damğalanmış qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının keyfiyyətinin müvafiq tələblərə və istehlakçıların mənafeyinə uyğun gəlməməsi, həmçinin həmin məmulatların üzərində həkk olunmuş əyar göstəricilərinin reallığı əks etdirməməsi və Azərbaycan Respublikasında qəbul edilmiş əyarlardan aşağı olması faktları aşkar olunur.

Mövcud qanunvericiliyə görə, dövlət əyar damğalarını saxtalaşdırmağa görə Azərbaycan Respublikasının cinayət, üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışına görə isə İnzibati Xətalar Məcəlləsində müəyyən məsuliyyət tədbirləri nəzərdə tutulub. Lakin bütün bunlara rəğmən, hazırda qızılın durmadan bahalaşması möhtəkirlərin bazarlara qızıl məmulatın üzərində göstərildiyindən aşağı əyarlı, eləcə də tam saxta qızıl çıxarmasının qarşısını ala bilmir.

Digər tərəfdən problem həm də ondadır ki, Azərbaycanda zərgərlik işi ilə məşğul olanlar bir-birlərinin əyar möhürünə inanmırlar və bu işdə çox ziyana düşəcəklərindən qorxurlar. Yerli zərgərlərin bəziləri əyarı dədə-baba qaydası gözəyarı tuturlar, qızılın müəyyən parıltısına qədər ona mis və ya gümüş qatışıq əlavə edirlər. Həmin parıltını da hərə bir cür tutur, ona görə də bəzən əyar normadan aşağı olur. Zərgərlərdə və zərgərlik dükanlarında bunu dəqiq ölçən avadanlıq olmasa da, yoxlama qurumlarının aparatları dərhal aşkarlayır.
Sizin Reklam Yeriniz