Əlaqə Arxiv
news Image
2012.04.17
12:40
| A A A
"Eurovision"a görə kirayə evlər bahalaşır
Vüqar Bayramov: “May və iyunda kirayə bazarında qiymətlərin azalmayacağı sözsüz ki, “Eurovision” müsabiqəsilə bağlıdır” Nazim Məmmədov: “Güman etmirəm ki, müsabiqə dövründə 3-4 günlüyə Bakıya gələn qonaqlar qalmaq üçün kirayə evləri seçsinlər”


Adətən, yaz yay aylarında Bakıda kirayə evlərin qiymətlərində enmələr baş verir. Bu özünü əvvəlki illərdə açıq şəkildə hər zaman göstərib. Yayda kirayə mənzillərin qiymətinin düşməsi onunla bağlıdır ki, ilin həmin dövründə əhalinin böyük bir hissəsi, xüsusən tələbələr Bakıdan kənara çıxır. Qeyd edək ki, ölkədə kirayənişinlərin böyük bir kütləsini məhz tələbə kontingenti təşkil edir.

Onların payız aylarında dərslərə başlaması ilə kirayə mənzillərin qiymətində bahalaşma, dərslərin bitməsilə yaşadıqları yerlərə qayıtması ilə isə qiymətlərdə ucuzlaşma tendensiyası özünü göstərir. Lakin bu dəfə yaz yay aylarında kirayə  mənzillərin qiyməti gözlənildiyinin əksinə olaraq aşağı düşməyib. Maklerlər bunu da əsasən yaxınlaşan "Eurovision" mahnı müsabiqəsilə əlaqələndirirlər. Çünki həmin dövrdə şəhərə gələcək xarici turistlərin çox olması kirayə evlərə geniş ehtiyacların olmasını şərtləndirir. Yəni qalmaq üçün evlərə tələbat çoxalacağından kirayə qiymətləri mövsümə uyğun olaraq nəinki aşağı düşür, əksinə bir qədər artırDüzdür, rəsmi qurumlar musiqi festivalı ərəfəsi özəl otel sahiblərindən qiymətləri qaldırmayacaqları barədə söz alıb. Amma buna baxmayaraq fərdi kirayənişin evlərinin baha olaraq qalacağı gözlənilir. Bəs onda fərdi evlərdə qiymətlərin qalxmaması üçün hansı formada müdaxilə edilə bilər? Ümumiyyətlə kirayə evlərin baha olaraq qalması xarici qonaqların orada qalmasına hər hansısa bir formada təsir edə biləcəkmi?   

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun da fikrincə, yay fəslində kirayə mənzillərdə qiymətlərin aşağı düşməməsinin proqnozlaşdırılmasında əsas faktor rolunda məhz "Eurovision" müsabiqəsi çıxış edir: "Yay aylarında Azərbaycanın kirayə bazarında qiymətlərin azalması prosesi ancaq qısa müddətə alınan kirayə evlərdə baş verir. Uzun müddətə kirayəyə verilən mənzillərlə bağlı isə bu qiymət azalması özünü göstərmir. Yəni uzunmüddətli kirayə mənzillərində mövsümü fərqlər olmur. Yalnız qısa orta müddətə verilən kirayə mənzillərdə yayda qiymət endirimlərinin olması birmənalıdır. Cari ilin may-iyun aylarında Bakıda sözügedən mənzil bazarında qiymətlərin azalmayacağının proqnozlaşdırılması isə sözsüz ki, həmin dövrün möhtəşəm tədbiri olacaq "Eurovision" müsabiqəsilə bağlıdır. Bu vaxt istər-istəməz Bakıya gələn turistlərin sayında artımlar baş verəcək. Özü həmin artım təkcə xaricdən gələn qonaqların hesabına olmayacaq. Bu prosesdə müsabiqə dövründə bölgələrdən gələn əhalinin sayının artması da öz sözünü deyəcək. Deməli, onlar da ev kirayə etməli olacaq. Belədə isə yay aylarında qısa müddətə ev kirayələmək istəyən insanların sayında çoxluq özünü göstərəcək. Bunun da nəticəsində qısa müddətli kirayə evlərdə qiymət azalmalarının baş verməsinə imkan verilməyəcək. Çünki tələbin artması yay ayları olmasına baxmayaraq qiymətlərin azalmasına deyil, əksinə artmasına stimul verir. Tələb yuxarıda qeyd etdiyim kimi həm xarici, həm daxili amillərin nəticəsi olaraq artacaq. Bütün bunlara əsasən demək olar ki, may iyun aylarında kirayə mənzillərin qiymətinin həmişə olduğu kimi düşməməsinin proqnozlaşdırılmasında əsas faktor rolunda məhz "Eurovision" çıxış edəcək. Adətən, yayda ucuzlaşan kirayə mənzillərinin qiyməti avqust ayından başlayaraq stabilləşir. Amma bu dəfə güman ki, həmin qiymət bahalaşması "Eurovision"dan sonrakı aylara da təsirsiz ötüşməyəcək. Belədə avqust ayında da kirayə evlərin qiymətinin artacağını proqnozlaşdırmaq olar".

Həmsöhbətimiz bildirdi ki, kirayə mənzillərin qiymətinin sözügedən müddətdə düşməməsinə qarşı hər hansı bir inzibati müdaxilə yolverilməzdir. Proses yalnız bazar yolu ilə tənzimlənməlidir: "Adətən, kirayə evlərin qiymətini bazar müəyyən edir. Hazırkı situasiyada isə bazarda tələbat artacağından kirayə evlərin qiymətinin düşməyəcəyilə bağlı verilən proqnozlar özünü doğrulda bilər. Ona görə hətta "Eurovision" ərəfəsində mənzillərin qiymətinin baha olmasının qarşısının alınmasına inzibati yollarla müdaxilə yolverilən deyil".

V. Bayramov həmçinin vurğuladı ki, kirayə evlərin yayda belə baha olaraq qalması qonaqların qalmaq üçün oranı seçmələrinə hər hansı bir sipər təsiri göstərməyəcək: "Musiqi festivalı bir neçə günlük olduğundan həmin dövrdə kirayə evlərinə tələbat da az müddətli olacaq. Digər tərəfdən bütün hallarda kirayə evlərin qiyməti otellərin qiymətindən ucuz olaraq qalır. Belədə yayda kirayə mənzillərdə ucuzlaşma olmasa da belə bu tip mənzillər əcnəbilərin cibləri üçün xeyirlidir. Ona görə kirayə evlərdə artması gözlənilən qiymətlərin xarici turistə qalmaq üçün məhz oranı seçmələrinə heç bir halda maneə ola bilməz".

İqtisadçı alim Nazim Məmmədov isə qarşıdan gələn aylarda kirayə evlərin qiymətinin azalmamasını bir çox amillərdə görür: "Heç kimə sirr deyil ki, mayda baş tutacaq "Eurovision" tədbiri ərəfəsində Bakıya gələcək qonaqların sayı çox olacaq. Bu da istər-istəməz mənzillərə tələbatın artmasına gətirib çıxarmalıdır. Həmin səbəbdən bir çoxlarının proqnozlarına görə kirayə mənzillərin qiymətində həmişə olduğu kimi yay aylarında ucuzlaşma baş verməyəcək. İkinci bir tərəfdən kirayə mənzillərinin əksəriyyəti, adətən, Bakının köhnə yerlərində yerləşir. Hansı ki, həmin ərazilər indilikdə sökülmək ərəfəsindədir. Belədə isə şəhərdə mənzillərini kirayə verənlərin sayı azalır. Həmin amil qiymətlərin azalmamasına təsir göstərə bilən məqamlardan olar. Eyni zamanda getdikcə mal xidmətlərin qiymətləri qalxır. Bu amilin özü kirayə mənzil sahiblərini sözügedən bahalığa uyğun olaraq hərəkət etməyə vadar edir. Çünki onların xərcləri artdığından onu kirayə mənzillərin qiymətlərini bahalaşdırmaqla kompensasiya etməyi düşünürlər". O da bu qənaətdədir ki, kirayə evlərin qiymətinin bahalaşması xarici qonaqlara hər hansı bir şəkildə təsir etməyəcək: "Güman etmirəm ki, müsabiqə dövründə 3-4 günlüyə Bakıya gələn qonaqlar qalmaq üçün kirayə evləri seçsinlər. Onsuz da onlar artıq çoxdandır ki, otellərdə yerləri sifariş edib. Ola bilər ki, yalnız Rusiya Gürcüstandan həmin dövrdə gələn qonaqlar kirayə mənzillərdə qalmağa meyillənsin. Amma bu baş versə belə cüzi olacaq". 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz