Əlaqə Arxiv
news Image
2012.11.07
07:29
| A A A
ARDNŞ və "Qazprom" Yunanıstanda üz-üzə gəlir
Yunanıstan DEPA qaz şirkəti uğrunda böyük rəqabətdə ARDNŞ-in şansları daha yüksək qiymətləndirilir

Avropanın enerji təminatında getdikcə daha çox rol oynamağa başlayan Azərbaycan üçün hazırda maraq doğuran məsələlərdən biri də "köhnə qitə"də müxtəlif şirkətlərin səhmlərini, buraxılan qiymətli kağızları almaq, daşınmaz əmlaka sərmayə yatırmaqdır. Artıq bu istiqamətdə ARDNF və ARDNŞ tərəfindən zəruri addımlar atılır.

Lakin Azərbaycanın bu fəaliyyətindən narahat olanlar da var və əsas səbəb də ölkəmizin Avropada əsas rəqiblərdən birinə çevrilməsidir. Bu xüsusda maraq doğuran məqamlardan biri isə Yunanıstan DEPA qaz şirkəti uğrunda Rusiyanın "Qazprom" və "Sintez" şirkətlərilə rəqabətə girən ARDNŞ-in əsas alıcılardan biri olması və bunun Moskvada narahatlığa yol açmasıdır. Vəziyyətlə bağlı "Reuters" agentliyinin mənbələrinə görə iflasa yaxın olan DEPA şirkətinin satışı ilə Afina əlavə maliyyə vəsaitlərinin cəlb olunmasına ümid edir.

Onu da xatırladaq ki, Yunanıstan Yaxın Şərq və Xəzər enerji ehtiyyatlarının Avropaya çatdırılması baxımından strateji önəmə malik ölkədir. DEPA interkonnektorlar vasitəsilə Avropanın cənub-şərqindəki qaz bazarları şəbəkəsinin birləşdirilməsində mühüm əhəmiyyətə malikdir.

Bu səbəbdən ARDNŞ Yunanıstanın qazpaylayıçı şəbəkəsindəki dövlət paylayıcısı olan DEPA-nın səhmlərini almaq məsələsinə baxır. Bu baxımdan ARDNŞ, xüsusilə də yeni qaz bazarları ələ keçirməklə bağlı çox çevik siyasət yürüdür. Çünki bu, Avropaya daha çox Azərbaycan qazının satılmasına imkan verəcək. Hesablamalara görə, 2020-ci ildə Azərbaycan qaz hasilatını 54 milyard kubmetrə çatdıracaq. 2006-cı ildə Azərbaycan ildə 9 mlrd. kubmetr qaz hasil edirdisə və eyni zamanda daxili tələbatı ödəmək üçün qaz alırdısa, 2010-cu ildə qaz idxalçısından qaz ixracatçısına çevrilib.

Bu fonda Avropaya daha səmərəli yollarla enerji ehtiyatlarını çıxarmaq istəyən ARDNŞ DEPA şirkəti üzərinə nəzarəti ələ keçirməkdə maraqlıdır. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev də bu günlərdə bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şikəti Yunanıstanın DEPA qaz şirkətinin özəlləşdirilməsi ilə maraqlanır.

O qeyd edib ki, DEPA-nın aktivləri bizim üçün maraqlıdır: "Əgər tenderdə bu aktivlər bizim üçün münasib olsa, onları alacağıq". Xatırladaq ki, DEPA-nın 65 faizi dövlətə, 35 faizi isə "Yunan Petrolleri A.Ş." şirkətinə məxsusdur.

ARDNŞ-in şansları daha yüksək qiymətləndirildyindən onun DEPA üzərində nəzarəti ələ keçirmə ehtimalı da digərləri ilə müqayisədə çoxdur. Hazırda DEPA-nın özəlləşdirilməsi ilə bağlı tenderə Yunanıstan bir sıra Qərbi Avropa enerji qurumlarını cəlb etməyib. "Reuters" agentliyinə görə Avropanın bir çox ölkəsində dominant təchizatçı olan "Qazprom"un təklifi antiinhisar qanunvericiliyinə dirənə bilər. Qiymətlərin razılaşdırılmasında şübhəli bilinən Rusiya nəhənginə qarşı artıq istintaq aparılır. "Qazprom"la yanaşı tenderdə Rusiyanın "Sintez" şirkəti və "Energiya" investisiya fondu iştirak edir.

Lakin qeyd olunduğu kimi Rusiyanın enerji nəhəngi sayılan "Qazprom" şirkətinin Avropada ciddi basqılar altında olduğu müşahidə edilir. Proseslərin gedişi göstərir ki, Avropa Moskvanın enerji inhisarçılığından xilas olmağa çalışır. Bir müddət əvvəl Avropa Komissiyası bəyan edib ki, Rusiyanın enerji nəhəngi "Qazprom"un Mərkəzi və Şərqi Avropa qaz bazarlarında rəqabəti pozan mümkün hərəkətlərini araşdırmağa başalyıb. Komissiya bildirib ki, "Qazprom"un dominant bazar mövqeyindən sui-istifadə etməsindən narahatdır. Komissiya qazın Avropa İttifaqı üzvü olan ölkələrdə sərbəst axınının məhdudlaşdırılması, təchizatın müxtəlifliyinin qarşısının alınması və qaza ədalətsiz qiymət qoyulması məsələsini araşdırır. Komissiya "Qazprom"un Bolqarıstan, Çexiya Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa və Slovakiyada fəaliyyətini araşdırır. Nəticədən asılı olaraq, təhqiqat digər ölkələrdə də aparıla bilər. Xatırladaq ki, Rusiya Avropa qaz idxalının 25 faizini təmin edir və bir çox ölkələr qaz təchizatını Rusiyadan təmin edir. "Qazprom"u sıxışdıran Avropanın alternativ mənbə olaraq əsas ümid yerlərindən biri isə Azərbaycandır. Bu səbəbdən də Azərbaycanın DEPA-nı almaq şansı yüksəkdir, lakin bu, Rusiya tərəfindən məqbul qarşılanmır.

Avropa isə Azərbaycan qazını 2017-ci ilədək qəbul etməyə hazırlaşır. Ekspertlər hesab edir ki, Rusiya ilə qaz anlaşması belə Azərbaycan qazının Arvopaya çıxarılmasına mane ola bilməz. Bu Moskvanın narazılığına səbəb olsa da, rəsmi Bakı balanslaşdırılmış siyasətə üstünlük verəcək.
Sizin Reklam Yeriniz