Əlaqə Arxiv
news Image
2012.11.14
06:53
| A A A
Rusiya Xəzərdə təhlükəli ssenariyə başlayır
Ekspertlərə görə, şimal qonşumuzun Xəzər donanmasını gücləndirməsi Azərbaycanın təhlükəsizliyini təhdid edir

Şimal qonşumuz yenidən Xəzər dənizində təhlükəli hərbi oyunlara star verir. Bunun nəticəsidir ki, Moskvanın əsas diqqəti son dövrlər Xəzərə mümkün qədər çox hərbi qüvvə cəmləşdirməkdir. Ehtiyac olmadan dənizə bu qədər hərbi qüvvə cəmləşirməklə Mos- kva faktiki olaraq Xəzəri gərginlik mənbəyinə çevirir. Digər tərəfdən o biri sahilyanı ölkələr də Rusiyanın addımlarından sonra dənizdə əsgəri güclərini artırmaq məcburiyyətindədirlər.

Beləliklə, bu da Xəzərdə silahlanma yarışına start verir ki, belə hal da dənizin gələcəyi, burada iqtisadi layiəhələrin həyata keçirilməsinə müsbət heç nə vəd etmir. Artıq məlumdur ki, yaxın vaxtlarda Rusiya Xəzər flotiliyasının silahlanmasına "Podsolnux" radiolokasiya stansiyaları daxil ediləcək. Flotiliyanın komandanı, kontr-admiral Sergey Alyekminskinin sözlərinə görə, artıq RLS-lər qurulub. Hazırda onun işə salınması işləri gedir. Ötən il Xəzər flotiliyasının tərkibində bir divizionun "Bal" tipli raket kompleksi ilə silahlandırıldığını deyən S. Alyekminski tezliklə daha bir kompleksin əlavə ediləcəyini vurğulayıb. Kontr-admiral flotiliya tərkibinə mini sualtı gəmilərin daxil ediləcəyini istisna etməyib. O, həmçinin müxtəlif obyektlərin axtarışı üçün pilotsuz uçuş aparatların alınması planlarının olduğun söyləyib.

"Podsolnux" RLS 450 km məsafədə suüstü və hava hədəflərinin aşkar edilməsi üçün nəzərdə tutulub. RLS düz görünüşdə olmayan obyektləri aşkar etməyi bacarır. RLS-in "Günəbaxan-E" ixrac variantı 2007-ci ildə bir neçə xarici alıcılara fəal təklif edilib. Rusiya bu tipli ilk stansiyanı 2009-cu ildə Vladivostok yaxınlığında tikib. Istehsalçı təşkilatın məlumatına görə, RLS səthi şüa ilə yeri təyin etmə prinsipindən istifadə edir.

Ekspertlər belə hesab edirlər ki, Rusiyanin Xəzərdə hərbi iştirakını gücləndirmək və İranla əməkdaşlığı möhkəmləndirmək niyyətləri Xəzər hövzəsində regiondankənar qüvvələrin hərbi və iqtisadi iştirakından ehtiyatlanmasından irəli gəlir. İstefada olan general-mayor Vladimir Timaşenko bununla bağlı qeyd edir: "Birincisi, Rusiya Xəzər hövzəsinə regiondankənar ölkələrin gəlməsindən narahatdır. O. bir növ Azərbaycanın kimlərisə bura dəvət edəcəyindən ehtiyat edir. İkincisi, bu Xəzərdə Rusiya-İran hərbi dəniz ittifaqının yaradılması perspektivi nəzərə alınmaqla İrana bir növ dəstək göstərməkdir. Əlbəttə, bu ittifaq regionda Moskva və Tehran üçün arzuolunmaz geosiyasi ssenarilərin inkişafının qarşısını kəsəcək böyük qüvvədir". Onun sözlərinə görə, yaxın zamanlara qədər Rusiyanın Şimal, Sakit okean və Baltik donanmalarının deyil, Xəzər donanmasını gücləndirməsinə diqqət ayırması təəcüblü görünə bilərdi: "Bütün bu hərəkətlər perspektiv üçün nəzərdə tutulur. Baxmayaraq ki, geniş miqyaslı müharibələr dövrü artıq keçib, lakin onların meydana çıxma təhlükəsi zaman-zaman bu və ya digər yerdə yaranır və bunun qarşısını almaq lazımdır. Həm də İrana qarşı müharibə məsələsi hələ ki gündəmdədir. Göründüyü kimi, dünyadakı vəziyyəti, yaxın Şərqdəki hadisələri nəzərə alaraq Rusiya analitikləri belə nəticə çıxarıblar: Rusiyanı öz əlində saxlamaq lazımdır".

Politoloq, Azərbaycanın sabiq dövlət müşaviri Vəfa Quluzadə isə "İnterfaks" agentliyinə açıqlamasında hesab edir ki, Rusiyanın Xəzər donanmasını gücləndirilməsi Qərbin Xəzərdə və Cənubi Qafqazda maraqlarının irəliləməsinin qarşısını almağa yönəldilib və bu Azərbaycanın təhlükəsizliyini təhdid edir. Onun fikrincə, bu mənada Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların yenidən başlanması Moskvanın maraq dairəsində olacaq, belə ki, bu cür ssenari regionda vəziyyətin stabilliyini pozacaq və yalnız münaqişənin birbaşa iştirakçılarına deyil, həmçinin Gürcüstan və Mərkəzi Asiya ölkələri üçün də mənfi nəticələr törədərək, bütün Cənubi Qafqazda qərbin iqtisadi maraqlarına zərbə vuracaq: "Rusiyanın mümkün təcavüzkar hərəkətinin və onun Xəzərdə hərbi gücünün artırılmasının əsas səbəblərindən biri də Trans-Xəzər enerji magistralının yaradılmasına yol verməməkdir, bu, Rusiyanı ucuz Türkmənistan qazından məhrum edər".

Politoloq Rusiyanın İranla əlaqələrinin möhkəmlənməsini təbii hal hesab edir: "Putin regionda dağılmış Varşava paktını, yeni anti-Amerika ittifaqı yaratmağa çalışır. Rusiya və İran anti-Amerika maraqlarının bir araya gətirdiyi regional əhəmiyyətli mütəffiqlərdir. Rusiya hesab edir ki, nüvə silahına malik olmaqla, neftdən gələn güclü dollar axını hesabına amerikalıları regionda sıxışdırmaq üçün yeni güclü ordu yarada bilər". V.Quluzadənin fikrincə, Rusiya və ABŞ arasında qarşıdurma ideoloji mübarizə çərçivəsindən çıxıb: "Rusiya B.Əsədin faşist rejiminin devrilməsinə qarşı çıxır. Moskva Tehranla birlikdə bu rejimə hər cür dəstək verir, başqa sözlə, Rusiya və İran artıq ABŞ-a qarşı müharibə aparır. ABŞ isə gülümsəyir və özünü elə aparır ki, guya bunu görmür, lakin artıq müharibə gedir. Buna görə də, Rusiya filotiliyasının İrana səfəri barədə xəbər mənim üçün yeni sayılmaz. Əminəm ki, bu səfərdən sonra bu yöndə başqa addımlar da atılacaq". Daha əvvəl Sergey Alyekminski bildirib ki, RF-nin Xəzər filotiliyasının gəmiləri gələn il İrana səfər edə bilər, gələcəkdə isə iki dövlətin hərbi dəniz qüvvələri arasında qarşılıqlı əlaqələr yaranması mümkündür.
Sizin Reklam Yeriniz