Əlaqə Arxiv
news Image
2012.11.15
07:23
| A A A
Rusiya daha kəskin miqrant siyasətinə başlayır
Bu isə sözügedən ölkədə çalışan azərbaycanlılar üçün də müəyyən problemlər yaradır

Vladimir Putinin hakimiyyətə qayıdışından sonra Rusiyanın miqrasiya sahəsində həyata keçirdiyi siyasəti daha da kəskinləşdirdiyi aydın müşahidə olunmaqdadır. Hələ baş nazir olarkən miqrantların rus dilindən imtahan verməsinin labüdlüyünü bildirən Putinin bu istiqamətdə atdığı addımlar məsələnin qanunvericilik aktına qədər yüksəlməsinə gətirib çıxarıb. Artıq məlumat verildiyi kimi Rusiyada işləməyə gedən miqrantlar rus dilindən imtahan verməli olacaq.

Bununla bağlı prezident Vladimir Putin müvafiq fərman imzalayıb. Qanuna görə, mənzil-kommunal təsərrüfatında, pərakəndə ticarət və iaşə xidmətləri sahəsində çalışmaq istəyən xarici vətəndaşlar rus dilindən imtahan vermək məcburiyyətində olacaq. Rus dili biliklərini Rusiyada işləmək üçün icazə alarkən və icazə müddətini uzadarkən hər dəfə təsdiqləmək lazım gələcək.

Rus dilindən imtahan verən xaricilərə isə dövlət tərəfindən təsdiq edilmiş sertifikat veriləcək. Artıq bununla bağlı Rusiyanın bir sıra ali təhsil ocaqlarında xarici vətəndaşları rus dilindən xarici dil kimi sınaq imtahanları keçirməyə səlahiyyət verilmiş 160-dan artıq mərkəz fəaliyyyət göstərir. Qanun bu ilin dekabr ayının 1-dən qüvvəyə minir. Qeyd edək ki, o ölkələr ki, harada rus dili dövlət dili statusunu daşıyır, onların vətəndaşları imtahan verməyəcək. Hazırda Rusiyadan başqa, Belarus və qondarma Cənubi Osetiyada rus dili rəsmi dövlət statusunu daşıyır.

Rusiyada əmək miqrantları haqqında qəbul etdiyi yeni qanun ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Azərbaycanın Rusiyadaki diasporasının bir sıra nümayəndələri yeni qanunu müsbət qarşılayır. Hesab olunur ki, yeni qanunun qəbulu dövlət orqanları ilə miqrantlar arasında yarana biləcək problemlərin qarşısını alacaq. Lakin bu imtahan sayəsində miqrantların bir qisminin ölkədən çıxarılması üçün əsas yaradılacağı da istisna olunmur. Məlumatlara görə isə Rusiyada 2 milyondan çox həmyerlimiz yaşayır və onların ildə orta hesabla Azərbaycana 650 milyon manatdan çox vəsait göndərdiyini nəzərə alsaq, bu vəziyyət Azərbaycana təsirsiz ötüşməyəcək. Bir çox ekspertlər isə hesab edir ki, bu qanun əslində yenidən hakimiyyətə gələn Vladimir Putinin azərbaycanlılar da daxil olmaqla, Rusiyada yaşayan miqrantlara qarşı özünəməxsus təzyiqidir.

Yuxarıda qeyd olunduğu kimi işçi miqrantların rus dilindən imtahan verməsi barədə təşəbbüs Vladimir Putin tərəfindən irəli sürülüb. Federal Miqrasiya Xidmətinin məlumatına görə, hər il Rusiyaya 14 milyon miqrant gəlir. Bunlardan ən azı 1/3-i işləmək üçün gəlirsə, digərləri qanunsuz olaraq Rusiyada yaşayır. Yeni qanun Rusiya prezidentinin təsdiqindən sonra dekabrın 1-dən qüvvəyə minəcək.

Hazırda Rusiyada belə iddilaar səslənir ki, indi Moskvada elə rayonlar var ki, orada əhalinin 25 faizinə qədəri rus dilində danışmır, paytaxt məktəblərində böyük sayda xarici şagirdlərin təhsil alması üzündən əlavə rus dili kursları açılır. Odur ki, mütəxəssislərə görə, dil baryeri uşaq bağçası və məktəbdən başlamış cəmiyyətdə əsas gərginlik oyadan amillərdən birinə çevrilməkdədir.

Qeyd edildyi kimi rus dili məsələsi burada çalışan müəyyən sayda azərbaycanlı üçün də ciddi problem mənbəyidir. Çünki rus dilinin öyrənilməsi üçün heç də istənilən addım atılmır. Eyni zamanda, rus dilini bilmədikləri üçün azərbaycanlılara çox vaxt istədikləri iş verilmir. Həmçinin, onların deportasiyası həyata keçirilir. Onu da bildirək ki, elə Rusiyanın özündə ingilis dili rus dilini əhəmiyyətli dərəcədə sıxışdırır.

Digər sahələr üzrə də problemlər davam edir. Rusiya Həmkarlar Təşkilatları Konfederasiyası isə bəyan edir ki, statusu leqal olmayan aəzrbaycanlıların Rusiyada qalması mümkünsüzdür. Qeyd edək ki, hazırda Rusiyada yaşayan və işləyən miqrantların bir qisminin statusu leqal deyil. Onlar arasında azərbaycanlılar da var. Həmkarlar Təşkilatları Konfederasiyası bəyan edir ki, bu şəxslərin müvafiq qeydiyyat və iş sənədlərinin qaydasında olduğunu iddia etmək yanlışlıq olardı.

Ekspertlər isə hesab edir ki, miqrasiya məqsədyönlü istiqamətləndirilsə, sərt qanunlara ehtiyac olmaz. Həmçinin araşdırmalardan məlum olur ki, rusiyada əhali miqrantı istəmir, Lakin reallıqda dövlətin isə ona ehtiyacı böyükdür. Çünki elə işlər var ki, ruslar burada çalışmaq istəmirlər və belə yerlərdə yalnız miqrantlar iş görür. Bu mənada Rusiyada hazırda həyata keçirilən miqrasiya siyasəti həm də başadüşülməz hal kimi qəbul olunur.
Sizin Reklam Yeriniz