Əlaqə Arxiv
news Image
2012.04.19
01:09
| A A A
“Seriallar üçün telekanallardan sənədlər gözləyirik”
“Milli filmlərin telekanallarda göstərilməsi üçün tələb edilən məbləğin aşağı salınması barədə müraciətə cavab verilməməsi narahatçılıq yaradır”

Milli Televiziya Radio Şurasının (MTRŞ) aprelin ikinci yarısında iclası keçiriləcək. İclasda yeni serialların çəkilməsi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, iclasda ölkə telekanallarında mayın 1-dən xarici serialların dayandırılması məsələsi müzakirə olunacaq: "Xarici serialların yayımının dayandırılması ilə bağlı qərar qətidir bu məsələdə hər hansı bir spekulyasiya ola bilməz".

Şura sədri deyib ki, artıq milli filmlərin çəkilməsi üçün telekanallara ayrılan 500 min manat vəsaitin verilməsinə başlanılıb: "Bir neçə kanalın sənədləri artıq hazırdır. Yaxın iki gün ərzində bu maliyyə telekanalların hesabına köçürüləcək. 500 min manat az vəsait deyil. Bu pula yeni seriallar çəkmək mümkündür. Biz yeni seriallar üçün telekanallardan sənədləri gözləyirik".

N. Məhərrəmli qeyd edib ki, Mədəniyyət Turizm Nazirliyinə milli filmlərin telekanallarda göstərilməsi üçün tələb edilən məbləğin aşağı salınması ilə bağlı edilən müraciətə cavab verilməməsi narahatçılıq yaradır: "Artıq xarici serialların dayandırılması ilə bağlı vaxt gəlib çatıb. Biz istərdik ki, bu zaman Azərbaycanın özünün milli televiziya filmləri daha çox göstərilsin. Sovet dövründən indiyə qədər çoxsaylı bədii filmlər var ki, biz onları efirdə demək olar ki, görmürük. Dövlət büdcəsi hesabına çəkilən filmlər üçün telekanalların ödədiyi məbləğ çox cüzi olmalıdır. Bu, filmlərin saxlanmasına yenilənməsinə sərf olunmalıdır. Azərbaycan tamaşaçısı bu filmlərə baxmalıdır, daha onlar seyflərdə yığılıb qalmamalıdır. Son 10 il ərzində Azərbaycanda dövlət büdcəsi hesabına çoxlu filmlər çəkilib, amma onlar efirlərdə göstərilmir. Bu hansı səbəbdəndir, mən onu bilmirəm. Hazırda filmlərin nümayişinin hər saatına görə 70 manat ödənilir. Nazirlikdə hesab edirlər ki, bu, normal qiymətdir. Telekanallar isə əksinə deyir. Mən hesab edirəm ki, dövlət büdcəsi hesabına çəkilən filmlər üçün bu, şişirdilmiş qiymətdir".

Sizin Reklam Yeriniz