Əlaqə Arxiv
news Image
2012.11.16
13:19
| A A A
Dəm qazı yenə ölüm kabusuna çevrilir

Havaların soyuması ilə dəm qazı kabusu yenidən özünü göstərməyə başlayıb. Təkcə son bir həftə ərzində 3 nəfər dəm qazının qurbanı olub. Belə ki,  Şəmkir şəhər sakini 24 yaşli Xanim Məmmədova 3 yaşlı qızı Firuzə ilə hamamda dəm qazından boğularaq dünyasını dəyişib.

Hadisədən bir qədər sonra qohumlar və qonşular hamamda ana və balanın meyitini aşkarlayib. Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və qaz təsərrüfatına məsul şəxslər hadisə yerinə ilkin baxiş keçirib. Müəyən edilib ki, boğulma hamamda istifadə olunan qeyri-standart sobadan baş verib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparilir. Qeyd edək ki Xanim Məmmədova qızı Firuzənin doğum gününə hazırlaşırmış. Amma, bu günü qeyd etmək ana və balaya nəsib olmayıb. Onlar elə Firuzənin doğulduğu gün torpağa tapşırılıb. Paytaxtda isə tələbə qız dəm qazından boğularaq ölüb. Məlumata görə, Zabrat qəsəbəsində yaşayan 17 yaşlı Əsədova Lalə Paşa qızı dəm qazından boğularaq ölüb. Prokurorluqdan bildirilib ki, L.Əsədova kollec tələbəsi olub.

Ekspertlər isə bildirir ki, ehtiyatsızlıq nəticəsində belə halların sayı daha da arta bilər. Xatırladaq ki, ənənəvi olaraq hər il noyabrın 15-də qış vaxtına keçidlə əlaqədar gündəlik təlabata uyğun əhaliyə verilən təbii qazın həcmi artırılır. "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev bildirib ki, qış fəsli boyunca qaz təchizatında heç bir problem olmayacaq. Əhalinin keyfiyyətli və davamlı qazla təmin etmək üçün ölkədə lazımi qədər qaz ehtiyatı var. Qarşıda soyuq qış ayları gəlir və bu aylarda əhali təbii qazla davranışda daha ehtiyatlı olmalıdır. Bunun üçün abonentlərin təbii qazdan düzgün istifadə etməsi tələb olunur. Təəssüf ki, hələ də dəm qazından zəhərlənmə halları qeydə alınır.

Məlumsat üçün bildirək ki, kimyəvi adı karbon monoksid (CO) olan dəm qazı yanacaq məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olanda natamam yanma nəticəsində əmələ gəlir. Eyni zamanda alışma sistemi pis işləyən avtomobillər də dəm qazı istehsalçısı sayıla bilər. Avtomobilin havaya buraxdığı dəm qazı ümumi ekoloji ağırlıq yaratsa da, insan həyatını ölüm həddinə çatdıra bilmir. Çünki dəm qazı qapalı şəraitlərdə təhlükəli olur. Karbon monoksidə gözəgörünməz killer də demək olar. Bu qaz iysiz, rəngsiz olduğundan insan onu hiss etmir. İnsan bu qazla zənginləşmiş hava ilə tənəffüs etdikdə karbon monoksid qana daxil olur və nəticədə karboksihemoqlobin yaranır. Məhz bu birləşmənin hesabına toxumalar oksigensizləşir, hipoksiya yaranır.

Dəm qazıyla zəhərlənmə 3 dərəcədə: yüngül, orta, ağır ola bilər.

Mütəxəssislər məsləhət görür ki, belə zəhərlənmələrdə ilkin tibbi yardım kimi xəstə zəhərləndiyi sahədən çıxarılmalı, ona süni tənəffüs tətbiq olunmalıdır. Sonrakı yardımlar isə həkimlər tərəfindən aparılır. Ekspertlər qeyd edir ki, zəhərlənmələr əsasən üç amillə bağlıdır. Birinci səbəb qaz cihazlarının standartlara uyğun olmamasıdır. İkincisi, əhalinin qazdan istifadə qaydaları haqqında, onun təhlükələri haqda məlumatı azdır. Üçüncü əsas səbəb isə baş verən hadisələrə heç kimin məsuliyyət daşımamasıdır.

Digər problem isə sobaların düzgün quraşdırılmaması ilə bağlıdır. Qeyd olunur ki, sobanın içində oksigen üçün kifayət qədər boş yer olmalıdır. Havatəmizləyici borular mənzillərin damından ən azı bir metr hündürə qaldırılmalı, borular qonşu binalara və küləyə qarşı qurulmamalı, içi ildə azı bir dəfə təmizlənməlidir. Qaz sobası quraşdırılan otaqların havasını müəyyən fasilələrlə dəyişdirmək də vacibdir.

O da vurğulanır ki, Bakı küləklər şəhəri olduğu üçün tüstü bacaları düzgün quraşdırılmayanda külək tüstünü evə doldurur. Dəm qazından zəhərlənmələr ən çox hamamxanalarda baş verir. Son illər vanna otaqlarını təmir etdirən zaman qapıları plastik qapılarla əvəz olunur. Bu qapılar isə çöldən havanı içəri buraxmadığı üçün boğulma hadisələrinin sayı artıb.

Qeyd edək ki, hələ sovet dönəmində qaz bacaları hər il qış fəsli gəlməmiş təmizlənərdi. İndi isə bu işin məsuliyyətini daşıyan Mənzil Kommunal Təsərrüfat İdarələri bunun üçün dövlət tərəfindən vəsait ayrılmadığından bacaların təmizlənmədiyini deyirlər. MKİS-dən o da bildirildi ki, bütün mənzillər özəlləşdirildiyi üçün bu iş ev sahiblərinin öz üzərinə düşür.

Səməd CƏFƏROV 

Sizin Reklam Yeriniz