Bəhruz Quliyev: "Qarşısını almaq vacibdir, amma onun qanunla tənzimlənməsini təsəvvür etmirəm"
Bu günlərdə millət vəkili Fəzail Ağamalı ölkədə internet, o cümlədən sosial şəbəkə istifadəçilərinin anonimliyini qadağan edən qanun layihəsinin olmasının vacibliyinə diqqət çəkərək maraqlı bir təşəbbüs irəli sürüb. Məlumdur ki, son illər ölkəmizdə də internet istifadəçilərinin, xüsusən də sosial şəbəkələrdən istifadə edənlərin sayı xeyli artıb. Sosial şəbəkələrdə bu və ya digər istifadəçilər müxtəlif məsələlərə müxtəlif düşüncə və fikirlərini səsləndirirlər.
Lakin bu zaman siyasilər də daxil olmaqla onlardan bəziləri özlərinə xoş gəlməyən insanlar barədə nalayiq ifadələr işlətməkdən də çəkinmirlər. Amma o da var ki, bu və ya digər məsələlərə mövqe bildirən əksər istifadəçilər öz adlarının əvəzində anonim adlardan istifadə edirlər. Belədə təhqirə məruz qalan şəxs onu təhqir edənin kim olduğunu bilmir. Belə bir tendensiya istər-istəməz sosial şəbəkələrdə neqativ məqamların baş alıb getməsinə rəvac verir. Ona görə də heç şübhəsiz millət vəkilinin dediyi kimi, sosial şəbəkə istifadəçilərinin anonimliyini qadağan edən qanunun olması vacibdir. Həmin məqamın hansı zərurətdən yarandığını aydınlaşdırmaq üçün təklif müəllifilə əlaqə saxladıq.
Millət vəkili Fəzail Ağamalı bildirdi ki, sosial şəbəkələrdə yer alan təhqir və nalayiq sözlərin qarşısını almaq üçün hökmən bu sahə istifadəçilərinin anonim adlardan istifadə etməsinə son qoyulmalıdır: "İnternetdə, sosial şəbəkələrdə yazan bu və ya digər siyasətçinin və ya müəllifin açıqlamalarına, müəllif yazılarına baxın. Burada söyüş, təhqir, ən müxtəlif etiketlərlə fikirlərin ifadə olunması və ifadə edənin həqiqi adı və soyadının gizlədilməsini müşahidə edirik. Düşünürəm ki, bu hal cəmiyyətə çox mənif impuls verməkdədir. Ona görə də belə halların qarşısı alınmalıdır. Bu səbəbdən də internet və sosial şəbəkə istifadəçilərinin anonimliyini qadağan edən qanun olmalıdır. Belə olarsa, sosial şəbəkədə təhqirə yol verənin kim olduğu bilinəcək və qarşı tərəf də məhkəmə vasitəsilə öz şərəf və ləyaqətini qoruyacaq. Belə neqativ halların qarşısı alınmalıdır".
Digər ekspert Cümşüd Nuriyev də sözügedən qanun layihəsinin qüvvəyə minməsinin tərəfdarı olduğunu vurğuladı: "Həqiqətən də internet və sosial şəbəkədən istifadə zamanı anonim imzalardan istifadə olunması yolverilməzdir. Bu səbəbdən mən də düşünürəm ki, ortalıqda internet və sosial şəbəkə istifadəçilərinin anonimliyini qadağan edən qanun olmalıdır. Bura birincisi, Şərq ölkəsidir. İkincisi, bütün hallarda kimisə tənqid edirsənsə, bunu açıq şəkildə etmək gərəkdir. Qanunvericilikdə, Konstitusiyada insanların şərəf və ləyaqəti qorunur. Digər tərəfdən, anonimliyin qadağan edilməsi qanunun verilməsi bu sahədə olan özbaşınalığın, kibercinayət və kiberhücumlarının da qarşısını alar. Azərbaycan hazırda internet məkanına çox sürətlə daxil olur. Bizdə bu sahə sürətli inkişaf yolundadır. Amma təəssüf ki, burada əsasən səviyyəsiz və xalqımızın genetik yaddaşında olmayan materiallar yer alır. Bu tip neqativ halların qarşısının alınması üçün sosial şəbəkə istifadəçisinin anonimliyini qadağan edən qanunun olması fikrimcə, həmin qüsurun aradan qaldırılmasında mühüm addım olardı".
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev internet şəbəkələrdə anonimliyin olmasının əleyhinə olsa da, bunun qanunla məhdudlaşdırılmasının da mümkünsüz olduğu qənaətindədir: "Hər bir millət vəkili danışmaq hüququndan istifadə edərək istədiyi təkliflərlə çıxış edə bilər. Amma anonim imza ilə sosial şəbəkələrdə çıxış edən insanlar özlərini gizlətməyə çalışırsa, bunun qarşısını qanunla almaq, fikrimcə, mümkün deyil. Orada elə detallar var ki, qanunla anonimliyin gizlədilməsinin qarşısını almaq absurddur. Prosesin qanunla tənzimlənməsi mümkünsüzdür. Lakin anonim çıxışlar şantaj və bəzi başqa neqativ əməliyyatlara rəvac verir. İnternetdə bəzən anonim çıxışlar, hədələr, böhtan və şantajlara rast gəlinir. Elə insanlar var ki, bir blok və profillə deyil, 5 blok və profillə sosial şəbəkələrdə çıxış edir. Qarşısını almaq vacibdir, amma onun qanunla tənzimlənməsini təsəvvür etmirəm. Orada elə detallar var ki, prosesin qarşısını almaq mümkünsüzdür. Anonim çıxışlar internetin olmadığı sovet dönəmində də mövcud idi. Yəni bu proses heç də yeni olaraq aktuallaşmayıb. Həmin vaxtlarda da insanlar anonim formada məktublar yazır, etirazlarını bildirirdilər. Həmişə də anonimliyə qarşı mübarizə aparılıb. İndilikdə isə proseslə mübarizə vacib olsa da, mümkünsüz həddə gəlib çatıb. Bütün dünyada bu var. İnternet resurslarında bir nəfərin ancaq öz adı ilə çıxış etməsində məhdudiyyət yoxdur. Anonim çıxışların azalması və olmamasının tərəfdarıyam. Sözünü demək istəyən öz adı ilə onu səsləndirməlidir. Bu halda deyilən söz daha ciddi qarşılanar, daha effektiv ola bilər və ya cəmiyyətdə bir xeyirli hala çevrilər. Anonim çıxış isə mücərrəddir. Yalandan mif formalaşdırmaq cəmiyyətə heç də uğur gətirmir. Anonimçiliyin tam əleyhinəyəm, amma onun qanunla məhdudlaşdırılmasını da mümkünsüz sayıram".