Əlaqə Arxiv
news Image
2012.11.20
12:15
| A A A
Məktəb kompüterlərini mənimsəyən icra strukturları

Musa Qasımlı: "Nazirin əlində təkzibedilməz fakt və sübutlar olmasa idi, bunları deməzdi"

Məlahət Mürşüdlü: "Şagirdlərin intellektual inkişafı, informasiya toplamaq, baş verən yeniliklər haqqında məlumat almaq hüquqları məhdudlaşdırılır"

Məlumat verildiyi kimi təhsil naziri Misir Mərdanov bəzi məktəblərdə kompüterlərin təyinatı üzrə işlədilməməsindən narazılığını ifadə edib. 17 noyabr tarixində Təhsil Nazirliyində keçirilən kollegiya iclasında nazir bildirib ki, bəzi rayonlarda dövlətin vəsaiti hesabına alınan kompüterlər icra başçılarının katibəsinin, yaxud da məktəb direktorlarının katibəsinin evindədir:

"Bəzi məktəblərdə müəllim və şagirdlərin istifadəsi üçün nəzərdə tutulan kompüterlər inzibati işçilərə paylanılıb. Həmin adamlara 1 ay vaxt verilir. Əgər bu müddət ərzində aşkarlanan nöqsanları düzəltməsələr, həmin şəxslər haqqında cinayət işinin qaldırılması üçün müraciət edəcəyəm". Nazir çıxışı zamanı bəzi rayonlardakı orta məktəb direktorları və rayon təhsil şöbələrinin müdirlərini vakant iş yerlərini gizlətməkdə də günahlandırıb: "Çox təəssüf ki, müəllimlərin işə qəbulu ilə bağlı yerlərdən aldığımız məlumatlar həqiqətləri əks etdirmir. Bəzi məktəb direktorları və rayon təhsil şöbələri hələ də gizli vakant yerlər saxlamaqla məşğuldurlar". Təhsil sistemi haqqında belə bir fikirlərin nazir tərəfindən deyilməsini isə müxtəlif cür qiymətləndirirlər.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Musa Qasımlı bildirir ki, kollegiya iclasında nazirin kollegiya üzvləri və kütləvi informasiya vasitələri qarşısında belə bir fikirləri söyləməsi ciddi qarşılanmalıdır: "Çünki, nazirin əlində təkzibedilməz fakt və sübutlar olmasa idi, bunları deməzdi. Digər tərəfdən isə Azərbaycan hökumətinin məktəblər üçün ayırdığı hər bir maddi - texniki təminat həmin məktəbdə olmalıdır. Ayrı - ayrı şəxslərin və yaxud da onların işçilərinin evində olmamalıdır".

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü isə bu gün bizim bəzi rayon və kənd məktəblərində vəziyyətin o qədər də ürəkaçan olmadığını qeyd etdi: "Bəzən yerli icra strukturlarının orta məktəblərə müdaxiləsi olur. Nəinki maddi - texniki bazanın mənimsənilməsi baxımından, eyni zamanda orta məktəblərimiz kadr təyinatı ilə bağlı da problemi yaşayır. Bundan başqa məktəb direktorunun, kənd yerlərində müəllimlərin təyinatında da yerli icra hakimiyyətinin məsləhəti olur. Belə olan hallarda təsadüfi deyil ki, müxtəlif proqramlar çərçivəsində məktəblərə verilən kompüterlər və digər avadanlıqlar yerli icra hakimiyyəti orqanlarının müdaxiləsi sayəsində başqa yerdə olur".

Ekspert bildirdi ki, paytaxtda məktəblərin vəziyyətini yaxşı hesab etmək olar: "Amma rayon məktəblərində bunu demək bir az çətindir. Kəndlərdə məktəblər təhsil şöbəsindən daha çox yerli icra hakimiyyəti orqanından asılıdır. Ona görə də məktəbə gələn vəsaitlər barədə də mütləq icra hakimiyyəti məlumatlandırılmalıdır. Bu halda da icra nümayəndələri bəzən bundan istifadə edə bilirlər". Məlahət Mürşüdlü hazırda informasiya əsrində yaşadığımızı vurğuladı: "Odur ki, bu gün kompütersiz, internetsiz həyatı, təhsili təsəvvür etmək qeyri - mümkündür. Bu gün təkcə şəhər məktəblərində yox, artıq rayon və kəndlərdə də internet istifadəçilərinin sayı çoxalıb. Ona görə də məktəblərdə şagirdlərin kompüterlərdən istifadəsinə imkan verilmirsə, burada təhsilə də ziyan vurulur. Çünki, belə olan halda şagirdlərin intellektual inkişafı, informasiya toplamaq, baş verən yeniliklər haqqında məlumat almaq hüquqları məhdudlaşdırılır. Bu da yol verilməzdir".

Mübariz BAYRAMOV  
Sizin Reklam Yeriniz