Əlaqə Arxiv
news Image
2012.11.21
11:57
| A A A
Dönərlər hələ də köhnə qaydada satılır

Fazil Talıblı: "Yeni ildən başlayaraq yeni standartlara nə dərəcədə əməl olunması tərəfimizdən araşdırılacaq"


"Fast food" yeməklərinin şahı sayılan dönər bütün dünyada türk yeməyi kimi tanınır. İlk dəfə Türkiyədə hazırlanan dönər bu gün dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda çox populyardır. Populyar olduğu qədər də, təhlükəli qida növü hesab olunan dönərlərin keyfiyyətilə bağlı dəfələrlə məsələ qaldırılıb. 

Xüsusilə də, mətbuatda bu mövzu çox işlənib. Bütün bu narazılıqları nəzərə alan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) 2012-ci il oktyabrın 10-da AZS 744-2012 "Dönər-kabab. Ümumi texniki şərtlər" dövlət standartı təsdiq edib. Standartın tətbiq vaxtı 15 oktyabr 2012-ci il tarixindən müəyyən edilib. Bu standart ictimai iaşə müəssisələrində ətdən xüsusi avadanlıqlarda xüsusi texnologiya üzrə hazırlanan və bilavasitə istehlakçıya satılan dönər-kabablara şamil edilir. Dönər istehsal olunduğu yerdə (ictimai iaşə müəssisələrinin salonlarında və ya müvəqqəti yerləşdirilmiş sürətli xidmət iaşə müəssisələrində) satılır. Bu standart sertifikatlaşdırma məqsədi üçün istifadə oluna bilər. Standarta əsasən hazırlandığı ətin növündən və bir-biri ilə qarışdırılma vəziyyətinə görə dönər bir neçə növdə istehsal oluna bilər. Dönər qarnir ilə və ya qarnirsiz satılır. Dönər bu standartın tələblərinə uyğun olaraq, ictimai iaşə müəssisələri üçün sanitariya norma və qaydalara riayət etməklə, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar üzrə hazırlanmalıdır. Standarta əsasən dönərdə xörək duzunun kütlə payı 2%-dən çox olmamalıdır. Bir porsiyada ətin kütlə payı reseptura üzrə müəyyənləşməli, qarnir ilə olduqda resepturada qeyd edilmiş çəkinin 50%-ni təşkil etməlidir (misal üçün, resepturada 200 qram qeyd olunubsa, ətin kütlə payı 100 qramdan az olmamalıdır). Standarta əsasən dönərin hazırlanması üçün istifadə edilən tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanılmalıdır. Dönər istehlakçıya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır. Satış zamanı məhsulun temperaturu 65 dərəcə C-dən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır. Standartda həmçinin dönərin hazırlanması üçün xidmət göstərən personala olan tələblər də qeyd edilib. Belə ki, personal QOST 30524 tələblərinə cavab verməlidir və qüvvədə olan sanitar norma və qaydalara riayət etməlidir. Apardığımız müşahidələr göstərir ki, hələ də Bakıdakı dönərxanalar köhnə üsullarla işləyirlər. Mal və toyuq ətlərindən hazırlanan dönərin vitrində saxlanma müddəti bəzən bir neçə gün olur. Dönərin tərkibi barədə istehlakçıya heç bir məlumat verilmir. Yeni standartlar qəbul olunsa da, ağzımızın dadı dəyişməyib. SMPDK mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, dönər standartarının tətbiqilə bağlı hələlik dönər satıcıları arasında maarifləndirmə işləri aparılır: "Hələ ki, maarifləndirmə işləri aparırıq. Elə dönər satıcıları var ki, yeni standartlar barədə məlumatsızdılar. Əvvəl onları məlumatlandırırıq. Daha sonra qanuna uyğun olaraq addımlar atılacaq. Yeni ildən başlayaraq yeni standartlara nə dərəcədə əməl olunması tərəfimizdən araşdırılacaq. Qaydaları pozanlar cəzalandırılacaq".

 

R.QAÇAYOĞLU 

Sizin Reklam Yeriniz