Əlaqə Arxiv
news Image
2012.11.22
07:19
| A A A
Beynəlxalq Bankın özəlləşdirilməsi yenidən gündəmdə
Sözügedən bankın səhmlərinin alınmasına xarici investorlar da kifayət qədər maraq göstərirlər

Məlum olduğu kimi bu gün Azərbaycanın maliyyə sektorunda öz xüsusi çəkisi ilə seçilənlərdən biri də Azərbaycan Beynəlxalq Bankıdır (ABB). Bank sektorunda gedən əməliyyatların böyük əksəriyyəti də məhz onun payına düşür. Elə əhalinin də daha çox əmanət yatırdığı bank qismində məhz Beynəlxalq Bank çıxış edir.

Ölkənin bank sektorunun liderinə qarşı olan etibar həm ölkə xaricində, həm də onun hüdudları daxilində ildən-ilə artmaqdadır. Bir çox faktorlardan birini buna nümunə göstərmək olar: bu gün bankın müştərilərinin sayı 1 milyona yaxınlaşır. Uzun müddət bu bankla əlaqədar gündəmdə olan məsələlərdən biri isə onun özəlləşdiriləcəyinə dair yayılan informasiyalardır. Qeyd edək ki, sözügedən bankın səhmlərinin alınmasına xarici investorlar da kifayət qədər maraq göstərirlər. Bu arada o da məlum olub ki, Beynəlxalq Valyuta Fondunun missiyası Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi ilə bağlı ümumi strategiyanı müzakirə edib. BVF-in Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzogi bildirib ki, Beynəlxalq Bankın nizamnamə kapitalında dövlətə məxsus iştirak payının özəlləşdirilməsi üçün ilk öncə bankın restrukturizasiyası aparılmalıdır: "Bu istiqamətdə BVF ilə Azərbaycan hökuməti arasında işlər aparılır. Fond bu sahədə araşdırma aparıb hökumətə tövsiyələr verəcək. Öncə ABB-nin təsisçisi olduğu sığorta və lizinq şirkətləri, həmçinin prosessinq mərkəzinin bankdan ayrılması tövsiyə edilir".

Ümumiyyətlə, BVF hesab edir ki, Azərbaycan Beynəlxalq Bankının ölkənin maliyyə sektorunda rolu azaldılmalıdır. Qeyd edək ki, BVF Beynəlxalq Bankın özəlləşdirilməsində əsas maraqlı tərəflərdən biri kimi çıxış edir. Fond tərəfindən o da vurğulanır ki, Beynəlxalq Bank özəlləşdirilməli və nisbətən daha kiçik banka çevrilməlidir. İqtisadçı-ekspertlər də bildirir ki, adıçəkilən bankın özəlləşdirilməsi müsbət haldır. Amma o da qeyd olunur ki, Beynəlxalq Bankın kiçildilməsi doğru deyil. Qeyd olunur ki, məsələn, Amerika Birləşmiş Ştatlarında "City Bank Group"un il ərzində ödədiyi dividendlərin həcmi Azərbaycanın bank kapitalından iki dəfə çoxdur. Amma bu o demək deyil ki, "City Bank Group"un kiçildilməsi və ya həcminin balacalaşdırılması mümkün deyil. Çünki süni şəkildə bankların ölçülərinin dəyişdirilməsi və onların kiçildilməsi bank sektoru üçün zərərlidir.

Xatırladaq ki, hələ ötən il Beynəlxalq Bankın özəlləşdirilməsi üçün maliyyə məsləhətçisi seçilib. Bankın nizamnamə kapitalındakı dövlətə məxsus payın azaldılması (dövlətsizləşdirilməsi) və özəlləşdirilməsi şərtlərinə dair təkliflərin hazırlanması üçün məsləhətçi qismində "PraysvoterhausKupers Audit Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti, "ROTHSCHILD & CIE" şirkəti və "Salans UK Limited" şirkətinin Azərbaycanda qeydiyyatdan keçmiş filialından ibarət konsorsium çıxış edir. Məlumat üçün bildirək ki, Beynəlxalq Bank ölkənin ən kapitallaşdırılmış bankıdır. Bank bazar payına və əmanətlərin həcminə görə Azərbaycanda ən böyük bank sayılır. Bankın nizamnamə fondunun 50,2 faizi dövlət müəssisələrinin, 3,27 faiz qeyri-dövlət müəssisələrinin, 38,63 faiz fiziki şəxslərin, 7,9 faiz xarici təsisçilərin payına düşür. Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. 1998-ci ildən bankın özəlləşdiriləcəyi barədə məlumatlar bir çox xarici sərmayədarları da həvəsə gətirmişdi. Lakin o vaxtdan indiyə kimi özəlləşdirmə istiqamətində hər hansı addım atılmamışdı. İndi gözlənir ki, hökumətin bankı özəlləşdirməsi xarici sərmayədarların diqqətini yenidən bu məsələyə yönəldəcək. Digər tərəfdən, ekspertlər belə bir məqama diqqət çəkir ki, Beynəlxalq Bankın səhmlərinə nəzarət Azərbaycanın bank sektorunda aparıcı mövqe sahibi olmaq deməkdir. Lakin yerli iş adamları və müəssisələrin də bu istiqamətdə ciddi addımlar atacağı gözlənir.

"Moody`s Investor Service" beynəlxalq reytinq agentliyi də hesab edir ki, Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi onun fəaliyyətinə müsbət təsir edəcək: "Bankın özəlləşdirilməsi onun dominant statusuna kömək edərdi, çünki ABB kapitalın artmasından faydalanar ki, bu da iri şirkətlərin və həmçinin geniş distribyutor şəbəkəsi vasitəsilə geniş müştərilər dairəsinin maliyyələşdirilməsini artırardı". Agentlik qeyd edir ki, özəlləşdirmə həm də bank sektorunun rəqabət dinamikasının yaxşılaşdırılmasına və bankın ümumi maliyyə göstəricilərinin möhkəmləndirilməsinə səbəb olardı.

"Moody`s"in ehtimallarına görə, aksiyaların emissiyaları nəticəsində Azərbaycan Beynəlxalq Bankının kapitalı əhəmiyyətli dərəcədə artacaq. "Moody" öz hesabatında xüsusi olaraq qeyd edir ki, Azərbaycan Beynəlxalq Bankı strateji əhəmiyyətə malikdir, çünki o, Azərbaycan üçün ümumdövlət əhəmiyyətinə malik irimiqyaslı layihələrin həyata keçirilməsində tarixi vacib rol oynayır.
Sizin Reklam Yeriniz