Əlaqə Arxiv
news Image
2012.11.22
07:23
| A A A
Ölümə gedən yollar
Yol qəzalarının statistikası yenə dəhşət satmaqda davam edir

Azərbaycanda yol qəzalarının statistikası hələ də dəhşət doğurmaqda davam edir. Ekspertlər isə bildirir ki, yol qəzalarının səbəbləri aradan qaldırılmayana qədər bu dəşhətli statistika qalmaqda davam edəcək.

Hazırda yollarda avtoqəzaların sayının artması məsələnin səbəblərini araşdırmaq zərurəti yaradıb. Paytaxtla yanaşı, artıq bölgələrdə də aparılan reydlər müxtəlif problemlərin olduğunu üzə çıxarıb. Bölgələrdə araşdırmalardan müəyyən olub ki, hər on sürücüdən 3-ü qaydaları pozur. Sərnişindaşımada da müəyyən qanunsuzluqlar ortaya çıxıb. Sərnişinlərin biletsiz daşınması səbəbindən sürücülər vergidən yayınır. Eyni zamanda insanlar həyatını təcrübəsiz sürücülərə etibar etməli olur və bu, paytaxt Bakı üçün də olduqca aktualdır. Ümumiyyətlə, sərnişindaşımada vəziyyət daha acınacaqlıdır. Avtobus qəzaları və bu qəzada həlak olanların sayı ildən-ilə artır. Bu ilin 9 ayında avtobus sürücüləri 86 yol qəzası törədib və nəticədə 27 nəfər ölüb, 105 nəfər yaralanıb. Qəza vəziyyəti yaradan hallar yükdaşmada da mövcuddur. Traktor və avtomobillərə əlavə edilən qoşquların normadan artıq olması və onlarda xəbərdaredici işıqların olmaması isə gecə vaxtı bir başqa problemdir. Yol qəzalarını törədən digər çoxsaylı səbəblər də mövcuddur.

Bunun nəticəsidir ki, 2002-ci ildən 2011-ci ilə qədər Azərbaycanda 27 748 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hesabat dövründə 9 299 nəfər həlak olub, 30 827 nəfər yaralanıb. 6 551 yol-nəqliyyat hadisəsi avtomagistrallarda qeydə alınıb. 20 837 hadisə isə yaşayış yerlərində olub. 1988-ci ildən 2012-ci ilədək Azərbaycanın avtomobil yollarında 64 min 141 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 22 min 249 nəfər ölüb, 71 min 833 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Statistikaya görə, ötən 23 ildə ən çox yol qəzaları və insan tələfatı 1991-ci ildə qeydə alınıb. Həmin il respublika ərazisində baş verən 3336 yol qəzasında 1281 nəfər dünyasını dəyişib. Ən az yol qəzası 1999-2000-ci illərdə baş verib. 1999-cu ildə baş verən 1996 hadisədə 554 nəfər, 2000-ci ildə baş verən 1987 hadisədə isə 596 nəfər dünyasını dəyişib. Müqayisə üçün qeyd edək ki, I Qarabağ müharibəsində Azərbaycan Ordusu 14 min, ümumilikdə isə ölkəmiz 30 minə yaxın itki verib. Göründüyü kimi yol qəzalarında həlak olanların sayı az qala Qarabağ münaqişəsində həyatını itirənlərin sayına çatır.

Bu ilin 9 ayında yol polisi əməkdaşları tərəfindən 727 min 14 yol hərəkəti qayda (YHQ) pozuntusu aşkar edilib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 14099, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 73893, ötmə qaydalarının pozulması üzrə 17752, yolayrıcların keçilməsi qaydalarının pozulması üzrə 24762, sərnişindaşıma qaydalarının pozulması üzrə 4182 fakt aşkar edilib. YHQ pozuntusuna görə 1518 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisələrinin 86,1%-i (1830) sürücülərin qayda pozmaları, o cümlədən 27,7%-i (590) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 26,4%-i (561) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,8%-i (188) yolayrıcıları keçmə qaydalarının pozulması, 3%-i (64) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Qəzaların 34,3%-ni (729) piyadaların vurulması təşkil edib, nəticədə 268 piyada həlak olub, 515-i yaralanıb. 209 yol qəzası piyadaların YHQ pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol qəzaları nəticəsində 58 nəfər uşaq və yeniyetmə həlak olub, 176 nəfər yaralanıb. Ümumiyyətlə, qeydə alınmış qəzalar nəticəsində həlak olmuş 838 nəfərdən 675-ni kişilər, 163-nü qadınlar, xəsarət almış 2280 nəfərdən isə 1745-ni kişilər, 535-ni qadınlar təşkil edib.

Ekspertlərə görə, Azərbaycanda sürücülük, yol mədəniyyəti problemi var. Əhalinin maddi rifahı artdıqca, ölkəyə daha çox maşın gəlir, lakin buna paralel olaraq da yol mədəniyyətinin səviyyəsi aşağı düşür. Belə fikirlər səslənir ki, sürücülük mədəniyyəti aşağı olan sürücülərin işdən çıxarılması tədbiri həyata keçirilərsə, məsələn, avtobus sürücülərinin 50 faizi işini itirər.

O da çox qəribədir, dəhşətli qəzaların artması faktı sürücüləri sanki o qədər də narahat etmir. Daha doğrusu, onlar bu cür xəbərləri eşidəndən sonra da ehtiyat tədbiri görmürlər. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, qeydə alınan hadisələr toqquşma, maneəyə vurma, aşma və piyadaların vurulması nəticəsində baş verir. Qəza hadisələrinin əksəriyyəti avtomobilin yüksək sürətlə idarə olunması, ötmə, manevr qaydalarının pozulması, yolayrıcını keçmə qaydalarının pozulmasından qaynaqlanır. Bütün bu problemlərin aradan qaldırılması isə ilk növbədə vətəndaşların özündən və qaydalar riayət olunmasından asılıdır.
Sizin Reklam Yeriniz