Əlaqə Arxiv
news Image
2012.11.23
07:34
| A A A
Maşınların say artımı tıxac problemini böyüdə bilər
Natiq Cəfərli: “Bu il həm maaşlarda, həm də əhalinin gəlirlərində müəyyən qədər artım olub” Akif Nəsirli: “Yol infrastrukturu genişləndirilməli, dairəvi yolu tamamlamaq lazımdır”

Aparılan araşdırmalargöstərir ki, cari ilin son 10 ayı ərzində ölkəmizə 85 minə yaxın avtomobil idxal olunub. Hətta ilin sonuna qədər bu rəqəmin 90 min olacağı proqnozlaşdırılır. Bildirək ki, bu il avtomobil idxalının say göstəricisi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb. Ekspertlər isə artımı müxtəlif səbəblərlə izah edirlər. İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, keçən il böhran və ajiotaj ilə bağlı insanlar xərclərində azalmalara getmişdilər:

"Amma bu il isə həm maaşlarda, həm də əhalinin gəlirlərində müəyyən qədər artım oldu. Bundan başqa artıq dünyada fəlakət ssenariləri bir az səngiyib. Odur ki, Azərbaycanda da xərcləmələrin miqdarı artdı. Bu məsələnin psixoloji aspektidir. İqtisadi tərəfinə gəldikdə isə Azərbaycanda fəaliyyət göstərən bir çox avtomobil distribüter kompaniyaları qiymətlərdə və şərtlərin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıblar. Artıq bizdə kredit faizlərində dərəcələrin aşağı düşməsi prosesi baş verib. Hətta bəzi avtomobil dilerləri illiyi 9% olmaqla avtomobilin kreditlə satılmasını təklif edirlər. Halbuki keçən il Azərbaycanda kreditləşmənin orta rəqəmi 16 - 18 faizlər arasında dəyişirdi. Bunun özü də avtomobillərin satılmasına ciddi təkan oldu. Həmçinin keçən ilə nisbətən bu il avtomobil bazarında qiymətlər artmadı. Bu da maşın satışına təsir etdi. Statistik məlumatlardan da məlum olur ki, Azərbaycanda satılan maşınların əksəriyyəti yeni maşınlardır. Bundan əlavə Gürcüstan maşın bazarının da təsiri olub. Çünki, bu il Gürcüstanda keçən ilə nisbətən maşınların qiymətlərində artım olmayıb. Hətta bəzi modellərdə belə qiymətlər aşağı düşdü. Oradan da maşın gətirilməsi artıb. Bütün bu səbəblərin cəmində Azərbaycanda avtomobillərə tələbat və əhali tərəfindən avtomobillərin alınmasında da artım baş verib".

Digər iqtisadçı ekspert Akif Nəsirlinin fikrincə, ilk növbədə idxalın tərkibinə diqqət yetirmək lazımdır: "Bundan başqa ümumiyyətlə, Azərbaycanda maşına həvəs tendensiyası var. Burada milli ənənə, maşını nüfuz saymağımız da rol oynayır. Digər tərəfdən də ildən - ilə müəyyən inkişaf əldə olunub. Bu da sözsüz ki, vətəndaşların fərdi olaraq iqtisadi vəziyyətinə təsir edir. Yəni, dövlət büdcəsinə, ilbəil əmək haqlarının artımına, əhalinin gəlirlərinin artım tendensiyasına baxsaq, görərik ki, əhalinin fərdi iqtisadi durumu yaxşılaşmaya doğru gedir. Ona görə də maşına həvəs ənənəsini reallaşdırmaq üçün insanda imkan olmalıdır. O imkan da bizdə ilbəil artır. Burada isə xüsusilə neft amili əhalinin rifahının yaxşılaşmasına öz səmərəsini göstərir. Digər tərəfdən də ölkədə biznes inkişaf edib. İnkişaf edən biznes də müxtəlif avtomobillərə olan tələbatı artırır".

Ekspert bildirir ki, hazırda bizim yol infrastrukturu artan maşınların sayına uyğun deyil: "Amma tıxacların qarşısını almaq üçün idxalı azaltmaq çıxış yolu deyil. Ona görə də yol infrastrukturu genişləndirilməli, dairəvi yolu tamamlamaq lazımdır. Hazırda ən çox tıxac paytaxtdadır. Bunun da qarşısını almaq üçün onsuz da hər il infrastruktur yenilənir. Bu problemin idxalla tənzimləməsi məsələsi o vaxt ortaya çıxa bilər ki, Azərbaycan avtomobil istehsal etsin. Ölkə daxilində istehsal edilən maşınlarn realizasiyasına maneçilik törətməmək üçün kvota qoysun ki, bu qədərdən artıq avtomobil idxal etmək olmaz. Çünki, daxili bazarı qorumaq lazmdır. Amma hazırda Azərbaycanın daxili bazarında avtomobil istehsal edilmir. Ona görə də bu kontekstdən idxala təsir yolverilməzdir".
Sizin Reklam Yeriniz