Əlaqə Arxiv
news Image
2012.11.23
07:50
| A A A
Müxalifətin Elşad Abdullayev “sevgisi” müvəqqəti xarakter daşıyır
“Zamanı çatanda müxalifət qəhrəman elan etdiyi Elşad Abdullayevi öz düşməni kimi kənara atacaq”

Müxalifətin Elşad Abdullayev "sevgisi" müvəqqəti xarakter daşıyır. Müxalifət hər zaman olduğu kimi bu dəfə də kimlərdənsə öz şəxsi maraqları üçün istifadə etməyə çalışır. Bu fikirləri hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə son günlər müxalifət liderlərinin keçmiş Azərbaycan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin müdafiəsinə yönəlik səsləndirdiyi bəyanatlara münasibətini bildirərkən dilə gətirib.

A.Mirzəzadə qeyd edib ki, müxalifət bu gün qəhrəman kimi təqdim etməyə çalışdığı E.Abdullayevi zamanı gələndə düşmən elan edəcək: "Bu, bizim müxalifətin köhnə adətidir. O, lazım gələndə kimlərdənsə öz şəxsi maraqları naminə istifadə etməyə çalışır, sonra isə onları özünə rəqib və ya düşmən elan edir. Bu dəfə də belə olacaq. Ancaq ümumilikdə götürəndə nə müxalifətin E.Abdullayevlə bağlı mövqeyi, nə də həmin şəxsin özünün dırnaqarası açıqlamaları bizi maraqlandırmır. Onlar bizim üçün əhəmiyyətsiz məsələlərdir". Bu arada Baş Prokurorluq Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu videogörüntülərlə bağlı açıqlama verib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib, fəaliyyəti dayandırılmış universitetin sabiq rektoru Elşad Abdullayev tərəfindən kütləvi informasiya vasitələrində yayımlanan, həmçinin onun nümayəndəsi tərəfindən istintaq-əməliyyat qrupuna təqdim edilən bütün audio və videoçəkilişlər qeyd edilən cinayət işinin materiallarına əlavə edilib. Həmin audio və videoçəkilişlərdə əks olunan məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə istintaq-əməliyyat qrupu tərəfindən iş üzrə zəruri istintaq hərəkətləri, o cümlədən müvafiq ekspertizalar təyin edilib, dindirmələr aparılır və sair istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

E.Sultanov deyib ki, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verilməklə qanunamüvafiq qərarların qəbul edilməsi təmin olunacaq və istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək: "Təəssüflə qeyd edilməlidir ki, həyata keçirilən istintaq hərəkətləri barədə məlumatların yayılmasının ibtidai araşdırmanın maraqlarına zidd olduğundan istintaq sirri təşkil edən həmin informasiyaların ictimailəşdirilməsinin yolverilməzliyi barədə kütləvi informasiya vasitələrinə xəbərdarlıqlar edilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri hələ də bundan lazımi nəticə çıxarmırlar".


Sizin Reklam Yeriniz