Əlaqə Arxiv
news Image
2012.11.24
07:11
| A A A
Həyatımıza qəsd edən mağazalar
Akif Nəsirli: "Problemdən çıxış yolu internet nəzarət mexanizminin tətbiqindən keçir" Eyyub Hüseynov: " Satıcı vaxtı keçmiş malı satmaqda maraqlıdır, çünki, onu məhv etsə də mala görə vergi ödəməlidir"

Hər il Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi mütəmadi olaraq satış məntəqələrində müəyyən reydlər keçirir. Bu reydlərdə məqsəd mağaza və bu tip digər obyektlərdə satılan mal və məhsulların standartlara cavab verib-vermədiyini yoxlamaqdır. Aparılan reydlər zamanı dəfələrlə bir sıra mağazalarda vaxtı keçmiş, standartlara cavab verməyən məhsullar aşkar edilərək satışdan çıxarılıb.

Belə hallarla demək olar ki, ölkənin hər bir məntəqəsində rast gəlmək olar. Müvafiq qurumlar tərəfindən aparılan belə reydlər və yoxlamalar uzun müddətdir ki, gedir. Amma sözügedən problem yenə də həll olunmamış qalır. Belə ki, satış məntəqələri yenə də vaxtı keçmiş malları satmaqda davam edirlər. Buradan belə anlaşılır ki, aparılan hazırkı tədbirlərlə problemin köklü həllinə nail olmaq çətindir.

Məsələyə münasibət bildirən müstəqil iqtisadçı ekspert Akif Nəsirli mağazalarda satılan vaxtı keçmiş mallarla bağlı məsələnin birdəfəlik həllini bu sahədə stimullaşdırıcı addımların atılmasında görür: "Mağazalarda satılan malların keyfiyyət əmsalının yoxlanılması ilə bağlı müvafiq qurumlar tərəfindən aparılan reydlər fikrimcə, heç də mövcud problemi aradan qaldırmaq üçün çıxış yolu deyil. Onlara nəzarət heç də reyd və monitorinq formasında olmamalıdır. İqtisadi İnkişaf, Vergilər nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu işi yoluna qoymaq üçün mütəmadi yoxlamalar keçirməlidir. Ölkənin ticarət obyektlərində vaxtı keçmiş mal, məhsulun satılmamasına, ümumiyyətlə anbarlarda saxlanılmamasına cavabdeh olan müəyyən nəzarət qurumu yaradılmalıdır. Bunun üçün mexanizmlər hazırlanmalıdır. Hər bir malın kataloqu verilməli, həmin katoloqdakı nəticələrin internet resurslarına yüklənməsi həyata keçirilməlidir. Mağazaya hansı mal daxil olursa, o nəzarət edən qurumun elektron versiyada internet resurslarına düşür. Malın satış anında satış əqdi də həmin internet resursuna düşür. Belədə mal saxlama müddəti keçdikdən sonra satılırsa, ticarət obyektinə avtomatik cərimə gəlir. Eyni zamanda, internet vasitəsilə satış obyektləri satışdan çıxararaq müəyyən yerlərə göndərdikləri vaxtı keçmiş mallar barədə də müvafiq qurumlara məlumat verirlər. İnkişaf etmiş ölkələrdə bu praktika mövcuddur. Belə olarsa reyd keçirməyə də ehtiyac qalmayacaq. Reydlər isə qeyd etdiyim bu nəzarət mexanizminin yoxlanılması üçün yararlıdır. Avropada antiinhisar qurumlarının keçirdiyi reydlərin nəticələrinə görə heç bir sahibkar cəzalandırılmır. Yəni reydlər cəza üçün nəzərdə tutulmamalıdır. Reydin nəticəsi sadəcə olaraq, mexanizmin necə işləməsini yoxlamaq üçündür. Digər tərəfdən sahibkarın yükü də azaldılmalıdır ki, o vaxtı keçmiş malı satmaqda maraqlı olmasın. Yəni prosesi tənzimləməyin iki yolu vardır, məcburedici və stimullaşdırıcı qaydalar. Problemin həllində başlıca çıxış yolu məhz stimullaşdırıcı addımların atılmasıdır. Cərimələrin tətbiqi halında isə sahibkar vergidən yayınmağa, qadağalara baxmayaraq vaxtı keçmiş malı satmağa məcbur olur ki, özü də hər hansı bir mənfəət əldə etsin. Ona görə ölkəmizdə vergi sisteminə də nəzər salmaq gərəkdir. Azərbaycanda sadələşdirilmiş vergiyə əsasən dövriyyənin 4 faizini sahibkar vergi şəklində ödəməlidir. Satılan malın üzərinə sahibkar 5-10 qəpik qoyub satır ki, bu halda da 4 faizlik vergini ödəyə bilmir. Deməli, qanuni əsasda işlədikdə sahibkara mənfəət qalmır. Proses ümumi şəkildə nizamlanmalıdır ki, sahibkarın mənfəət norması gözlənilsin".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə düşünür ki, satış məntəqələrində vaxtı keçmiş mallarla bağlı reydlərin keçirilməsinə baxmayaraq, problemin öz həllini tapmamasının kökünü qanunlarda axtarmaq lazımdır: "Cəmiyyəti insanlar deyil, qanunlar idarə edir. İstehlakçı hüquqlarını qoruyan qanunlar kompleksi mükəmməl deyil. Mövcud olan qanunları həyata keçirən dövlət qurumları arasında isə kordinasiya olunmuş fəaliyyət yoxdur. Hökumət problemin həlli üçün ancaq inzibati resurslardan istifadə edir. Bu isə zəruri olsa da, kafi deyil. Burada bazar priyomları işlənilməlidir. Satıcı vaxtı keçmiş malı satmaqda maraqlıdır, çünki, onu məhv etsə də mala görə vergi ödəməlidir. Amma satılmamış mal vergidən azad olsa, satıcı da onun məhvində maraqlı olar. Sözügedən istiqamətdə əsaslı addımların atılması üçün istehlakçılar da geniş şəkildə maariflənməlidirlər. Regionlarda istehlakçıların demək olar ki, yarısı aldığı malı borc dəftərə yazdırmalı olur. Belə halda isə o, satıcıdan vaxtı keçmiş malı satdığını görə heç nə tələb edə bilmir. Nə qədər ki, dövlət məmuru bizneslə məşğul olur, müstəqil ekspertiza, mükəmməl istehlakçı siyasəti yoxdur, sertifikat verən orqanla əhalinin sağlamlığının keşiyində dayanan qurum eynidir, bu kimi problemlərin qarşısı alınmayacaq".
Sizin Reklam Yeriniz