Əlaqə Arxiv
news Image
2012.11.24
07:28
| A A A
Hindistandan gətirilən peyvəndlərlə bağlı müəyyən narahatlıqlar yarana bilər
İçliyi Azərbaycan dilində olmayan dərmanların satışı aradan qaldırılacaq?

İçlik vərəqələri Azərbaycan dilində olmayan dərmanların satılması ilə bağlı neqativ halların qısa müddət ərzində aradan qaldırılacağı gözlənilir. Bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, içlik vərəqələri Azərbaycan dilində olmayan dərmanlara apteklərdə hələ də rast gəlinir. Amma belə dərmanlar SN tərəfindən içlik vərəqələri Azərbaycan dilində olmayan dərmanların satışının ölkə ərazisində dayandırılması barədə qərar verməsinə qədər gətirilib. "Əvvəldən də bildirmişdik ki, bu proses vaxt aparan işdir. Amma iyunun 1-dən ölkəyə içilk vərəqələri Azərbaycan dilində olmayan dərmanların gətirilməsinə məhdudiyyət qoyulub. Bu sahədə çox müsbət irəliləyişlər əldə olunub", - Ağayev deyib.

Azərbaycanın səhiyyə nazirinin müavini uşaqlara vurulan peyvəndlərin keyfiyyətinin aşağı olması ilə bağlı əhalinin narahatlığına münasibət bildirib.

"Ola bilsin ki, Hindistandan gətirilən peyvəndlərlə bağlı müəyyən narahatlıq olsun. Amma biləsiniz ki, bu peyvəndlər ÜST-ün qəbul etdiyi istehsalçıların peyvəndləridir. Yəni ÜST-ün qəbul etmədiyi istehsalçılardan peyvəndlər Azərbaycana gətirilmir", - Ağayev deyib.

O qeyd edib ki, Səhiyyə Nazirliyinin özü də müəyyən peyvəndlər alır. Bununla yanaşı, müxtəlif fondlar, o cümlədən Rastropoviç- Vişnevskaya Fondu tərəfindən ölkədə peyvəndləmə işləri həyata keçirilir.

Nazir müavininin sözlərinə görə, bu ildən Azərbaycanda uşaqlara vurulan peyvəndlərin sayı artırılaraq 10-a çatdırılacaq. Ağayev deyib ki, Azərbaycanın peyvənd proqramını həyata keçirmək istiqamətindəki fəaliyyəti uzun illərdir Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir olunur. O, Azərbaycanda peyvəndləmə işlərinin 98 faiz həyata keçirildiyini də açıqlayıb.
Sizin Reklam Yeriniz