Əlaqə Arxiv
news Image
2012.11.24
17:15
| A A A
Qrunt suları yenidən təhlükə yaradır

Ekspert: "Yağan yağışlar torpağın altına hopur və orada qrunt sularına qarışıb onun səviyyəsinin artmasına səbəb olur"


Bakı şəhəri sürüşmə mövsümünə yaxınlaşır. Hər ilin qış və yaz aylarında paytaxtda bir neçə sürüşmə hadisəsi olur. Sürüşmələrin baş verməsinə əsas səbəblərdən biri  də qrunt sularının səviyyəsinin qalxmasıdır. Yayılan  məlumata görə, yağışların intensivləşməsi ilə son günlər ölkə ərazisində, eləcə də Bakıda  qrunt sularının səviyyəsinin qalxması müşahidə olunur. Bu isə öz növbəsində sürüşmə təhlükəsini daha da artırır. 

Xatırladaq ki, Bakı şəhərinin bir neçə nöqtəsi sürüşməyə meylli ərazilər kimi qəbul olunur. Yasamal rayonu Nərimanov heykəlinin yaxınlığnda və Hökumət Evinin arxasındakı ərazilər, Həzi Aslanov metrostansiyasının yaxınlığındakı torpaqlarda, Bayıl yamacında dəfələrlə sürüşmə halları olub. Gözlənilən sürüşmələrin qarşısını almaq üçüq istinad divarları çəkilib, qrunt sularının cəmləşməsi üçün quyular qazılıb və s. 

Bütün bunlarla yanaşı bu qış Bakı şəhərində sürüşmə olmayacağına dair tam əminlik yoxdur. 

Onu da bildirək ki,       "Azərsu" səhmdar cəmiyyəti və digər dövlət qurumları 2012-2013-cü ilin qışına ciddi hazırlaşıblar. Bakı şəhərində kanalizasiya boruları yenilənir və onların istiqaməti dəyişdirilir. Həmçinin yağış sularının daşınması üçün ayrıca kollektorlar çəkilir. Kollektorlar yağış sularını bir başa Xəzər dənizinə daşıyacaq.  

Ekspertlər hesab edirlər ki, indiki dönəmdə Bakı şəhərində qrunt sularının səviyyəsinin qalxması noyabr ayının əvvəllərində Bakıya yağan yağışlar və ondan sonra havaların mülayim keçməsilə əlaqədardır. Ekoloq Telman Zeynalovun sözlərinə görə, yağan yağışlar torpağın altına hopur və orada qrunt sularına qarışıb onun səviyyənin artmasına səbəb olur: "Bundan başqa dəfələrlə bildirmişəm ki, Bakı şəhərində qrunt sularının səviyyəsinin artmasının başlıca səbəbi yeni tikilən binaların əksəriyyətinin kanalizasiya borularının mərkəzi kanalizasiya xətlərinə birləşdirilməməsidir. Sovet dövründə tikilmiş kanalizasiya xətləri çürüyüb, daşıma qabiliyyəti yoxdur. Yağan yağış və evlərdən axıdılan sular torpağın altına sızır və qrunt suları ilə qarışır. Qrunt suların çıxacaq yeri olmayanda torpağın altındakı gili yumuşaldır və sürüşmə riski böyüyür".

T.Zeynalov əlavə edir ki, qrunt sularının qalxmasına müxtəlif faktorlar təsir göstərə bilir: "Bakının altı çaylarla doludur. Həm Xəzər dənizinə sular axır, həm də Xəzərdən sular çıxır. Üstəlik qalaktikada, Ay və Günəşdə baş verənlər, qabarma və çəkilmələr qrunt sularının qalxıb-enməsinə səbəb olur. Qrunt suları təkcə sürüşmə deyil, həm də çökmə halı yaradır. Qrunt sularının səviyyəsini aşağı salmaq üçün Sovet dövründə Bakı ətrafında qazılmış 500-ə qədər drenaj sistemini yenidən bərpa etmək lazımdır. Həmin quyular qrunt sularının səviyyəsinin artmasına imkan vermirdi. İndi onların əksəriyyəti torpaqla düzlənib". 

Ekspert onu da bildirdi ki, əgər Bakının yağış kollektorları inşa edilməsə, qarşımızdakı aylarda bir sıra sürüşmə halları ola bilər: "Bu məsələdə istinad divarlarının olması problemi həll edə bilməz. Xırda təkan həmin divarların aşmasına gətirib çıxara bilər. Əsas məsələ yeraltı suların Xəzərə axıdılmasıdır. Düşünürəm ki, yağıntıların miqdarı artdıqda Bakıda qrunt sularının səviyyəsi da yüksələcək".

R.QAÇAYOĞLU  

Sizin Reklam Yeriniz