Əlaqə Arxiv
news Image
2012.11.24
16:18
| A A A
Əhalinin mülki müdafiə hazırlığında ciddi qüsurlar...

Üzeyir Cəfərov: "Ölkə əhalisinin qorunmasının təmin edilməsi baxımından əleyhqazlarla təmin olunma çox normal haldır" 

Emin Həsənli: "Bu istiqamətdə maarifləndirici işlər gücləndirilməlidir ki, əhalinin mülki müdafiə barədə məlumatları olsun"


Azərbaycan Müdafiə Sənayesi Nazirliyi kimyəvi hücumlardan qorunmaq üçün nəzərdə tutulan əleyhqazların istehsalına başlamaq qərarına gəlib. İlkin olaraq əleyhqazlarla böyük şəhərlərin əhalisi təmin olunmalıdır. Qeyd edək ki, müasir dövrdə ölkə əhalisinin mükəmməl müdafiəsini mülki müdafiə sistemləri, o cümlədən əleyhqazlar olmadan tam şəkildə təmin etmək qeyri-mümkündür. Bir sıra ölkələr müharibə zamanı bəzən kimyəvi silahlara da əl atırlar ki, onlardan da müdafiə olunmağın vacib meyarlarından biri də mülki müdafiənin mükəmməl təşkili məsələsidir. 

Sovet dövründə imperiyanın hər yerində olduğu kimi, Azərbaycanda da mülki müdafiə obyektləri mövcud idi. Lakin müstəqillik əldə edildikdən sonra bu sahəyə diqqət demək olar ki, unuduldu. Halbuki, müharibə şəraitində yaşayan bir ölkə üçün mülki müdafiənin təşkili olduqca önəmlidir. Digər tərəfdən, İsrail, Amerika kimi ölkələrdə bütün əhali kimyəvi hücumlar olduğu təqdirdə nə etmək lazım gəldiyi istiqamətində maarifləndirilir. Hətta həmin ölkələrdə məktəblərdə belə şagirdlər arasında bu istiqamətdə geniş işlər aparılır. Azərbaycanda isə bu sahədə vəziyyəti tam əqanətbəxş saymaq olmaz. Xüsusən də zərif cinsin nümayəndələrinin bu sahədə biliyi demək olar ki, yox dərəcəsindədir. Halbuki, dövlətin və orada yaşayan vətəndaşların müdafiəsinin təmin edilməsində bir neçə komponentlər var ki, onlardan biri də mülki müdafiə sisteminin mükəmməl təşkilidir. 

Bu sahədə ölkəmizdə vəziyyətin nə yerdə olduğunu aydınlaşdırmaq üçün hərbçi ekspertlərə müraciət etdik. 

Ekspert Üzeyir Cəfərov əleyhqaz istehsalına başlamağın vacib olduğuna diqqəti çəkməklə yanaşı, əhalinin mülki müdafiə istiqamətində maariflənmə işlərinin normal məcrada olmadığını da dedi: "Müdafiə Sənayesi Nazirliyi tərəfindən ən müasir əleyhqazların istehsal edilməsi ideyasını dəstəkləyirəm. Amma eyni zamanda bu istiqamətdə bir qədər qəribə hisslər var. Dəfələrlə vurğulamışıq ki, Bakı milyonçu şəhər olduğundan keçmiş sovetlər birliyində olduğu kimi, əhali əleyhqazla təmin edilməlidir. Sabah təhlükə yarananda insanların hara qaçması, hardan kömək alacağı, harda sığınacaq tapması ilə bağlı heç kim təminat verə bilməz. Təəssüf ki, bu sahədə işlər heç də yaxşı deyil. İsrail kimi inkişaf etmiş ölkə öz xalqını müharibə vaxtı həyəcan siqnalı verməklə xəbərdarlıq edirdi. Ölkə əhalisinin qorunmasının təmin edilməsi baxımından əleyhqazlarla təmin olunma çox normal haldır. SSRİ dönəmində Azərbaycanda hətta bəzi dağ kəndlərində mülki müdafiə sığınacaqları mövcud idi. Həmçinin bu sahədə müəyyən təbliğat işləri də aparılırdı. Amma ölkəmizdə demək olar ki, heç bir real iş görülmür. Əhalinin mülki müdafiəni necə təşkil etmək barədə təsəvvürü belə demək mümkünsə, demək olar ki, yoxdur. Müharibə vəziyyətində olan bir ölkədə lazımdır ki, əhali mülki müdafiə işlərinə də ciddi şəkildə yanaşsın. Mülki müdafiənin təşkili sırf Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Müdafiə Nazirliyinə aid olan məsələdir. Ölkədə 9 milyon 300 min əhali var, bu nisbətdə də əleyhqaz buraxılmalıdır. Onun istehsalı isə qəpik-quruşla başa gələn deyil. Bunun materialları keyfiyyətli, davamlı olmalı, uzun illər üçün hesablanmalıdır. Mülki müdafiə məntəqələri də ayrılmalı, insanlara sabah təhlükə yarandıqda harda gizlənmələrilə bağlı bildiriş verilməlidir". 

"Hərbi and" qəzetinin baş redaktoru Emin Həsənli də mülki müdafiənin yüksək təşkili üçün əhalinin maarifləndirilməsinin vacib olduğunu qeyd etdi: "Sovetlər dövründə əhalinin milkü müdafiəsinin təşkili ilə bağlı müəyyən tədbirlər həyata keçirilirdi. Həmin illərdə orta məktəb dərsliklərində mülki müdafiəyə dair proqramlar vardı. İndi də bu istiqamətdə dərslər keçirilir. Amma onun keyfiyyətini artırmaq lazımdır. Bu sahədə işləyən müəllimlərə müəyyən kurslar keçilməlidir. Digər tərəfdən, cəmiyyətin də bu istiqamətdə maariflənməsinə ciddi ehtiyac var. Xüsusən də, zəlzələ və yanğın hadisələri zamanı əhali özünü necə aparmaq lazım olduğu barədə maariflənməlidir. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyinin əleyhqazlar istehsal etmək layihəsi də təqdirəlayiqdir. Dövlətin və əhalinin təhlükələrdən sığortalanması üçün əleyhqazlarla təmin olunması vacibdir. Ona görə də qabaqlayıcı tədbirlər görülməlidir. Əsasən bu istiqamətdə maarifləndirici işlər gücləndirilməlidir ki, əhalinin mülki müdafiə barədə məlumatları olsun. Həmin prosesi isə bələdiyyələr, yerli icra orqanları, nazirliklərin yerli orqanları səviyyəsində həyata keçirmək olar. Kütləvi informasiya vasitələrində də mülki müdafiə istiamətndə maariflənmə işləri aparılmalıdır. Hesab edirəm ki, gələcəkdə əleyhqaz istehsalı başa çatdırıldıqdan sonra əhalinin maarifləndirilməsi istiqamətində də işlər aparılacaq. Özü də prosesi təkcə orta məktəblərdə həyata keçirməklə kifayətlənmək lazım deyil. Bütün cəmiyyət bu sahədə ciddi maariflənməlidir. Ayda bir-iki dəfə bu yöndə müəssisə, təşkilat və məktəblərdə məlumatverici tədbirlər görülməlidir". 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz